Teleqraf.com mərhum xalq artisti İlhamə Quliyevanın dünən azadlığa çıxan köməkçisi Mehriban Hüseynova ilə müsahibəni təqdim edir:
-Mehriban xanım, səhhətinizdə problem olduğunu eşitdik. İndi necəsiniz?
-Bəli, psixoloji sarsıntı yaşamışam. Bu gün xəstəxanaya getmişdim. Məni dəstəkləyənlərə təşəkkür edirəm. Həqiqətən də çox dəstək oldunuz. Məhkəmə də ədalətli keçdi. Bunun üçün hüquq-mühafizə orqanlarının, qanunların qarşısında baş əyirəm. Günahsız insan yoxdur. Müəyyən qədər günahlarım oldu və onun da cəzasını çəkdim.
-Həbsxanadan çıxacağınızı gözləyirdinizmi?
-Öncə onu deyim ki, mənə həbsxanada media nümayəndələrinin, xalqımın dəstəyi ruh yüksəkliyi verdi. Hörmətli millət vəkili Çingiz Qənizadə başda olmaqla dəstək olan hamıya minnətdaram. Əlbəttə, çətinliklərim vardı. Azadlığa çıxmağı, sizlərə qovuşmağı çox arzulayırdım. Ədalətli məhkəmə sayəsində o gün gəldi.
-Azadlığa çıxan zaman ilk olaraq nə düşündünüz?
-Həbsdən çıxan kimi mərhum xalq artisti İlhamə Quliyevanın məzarını ziyarət etmək istədim. Amma tam hazır olmadığım üçün ora getmədim. İlhamə xanıma halallıq verməliyəm. Doğmalarıma, nəvələrimə, azadlığıma qovuşdum (kövrəlir). Hazırda bir az psixoloji sarsıntılarım var. Dəmir barmaqlıqlar arasında qalmaq çox çətindir. İctimaiyyətdə olan insan idim, bu, mənim üçün çox ağır idi. Həbsdə olarkən doğmalarımı itirdim. Buna görə də böyük stress yaşadım.
Rəqsanə