18 May 2022 14:53
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı-aktyor Azər Axşam MTV Azərbaycan televiziyasında yayımlanan “Üzə-düz” verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Azər Axşam həmkarlarını tənqid edib: “Heç vaxt efirdən istifadə etmədim. Çünki efir atamın şirkəti deyil. Əfsuslar olsun ki, bu gün bir çox teleaparıcılar efirlərinə o cür baxırlar, həmçinin verililişlərinə də. Sanki proqram onunla birgə doğulub. Günah onlarda deyil. Televiziya rəhbərliyində səhv var ki, aparıcıya səviyyəsinə, bacarığına, biliyinə görə yox, aparıcının kimindənsə qorxduğuna görə meydan sulamağa imkan verir.

Həmin aparıcı da özünü elə aparır ki, burda mənəm, Bağdadda kor xəlifə... Onlara gözün üstündə qaşın var deyən yoxdur, istədiyini ala bilir. Hətta istəmədiyini də işdən çıxara bilir. At oynadır. Sən bir aparıcıya deyirsən ki, gəl kanalımda işlə, 800 manat alacaqsan. Deyir ki, o pulla dolana bilmərəm. Bilir ki, həmkarı 3000 manat alır".

Azər Axşam aparıcısı olduğu "Milyonçu" şoudan da danışıb: "Aparıcısı olduğum “Milyonçu” dünya şöhrətli şou idi. Amma şou mənə xırda populyarlıqdan savayı başqa heç nə qazandırmadı".

Azər Axşam onu da deyib ki, telekanal rəhbəri olmaq istəmir: "Həmişə deyirəm ki, yaradıcı insan rəhbər ola bilmir, çərçivələri sevmir. Rəhbər olmaq xüsusi istedaddır, bu, hər adamda olmur. Sadəcə hansısa kanalda bədii rəhbər missiyası daşıya bilərəm. Dəfələrlə təklif eləmişəm ki, “əyləncəli intellektual proqramlar departamenti” açın. Deyə bilərlər ki, bu kimi yeni layihələr var, onlara uyğun kastinq edib, aparıcılar seçin. Bəla ondadır ki, bu yoxdur, seçim edə bilmirik. Deyirlər filankəs aparıcı olacaq, vəssalam! Qoy qızlar, oğlanlar gəlsin, yeni sima, yeni üz, Azər seçsin".

Azər Axşam xəyanətdən də danışıb: “Kişilər sevdiyi xanıma xəyanət edərmi?! Kişilərin ən böyük bəlası odur ki, xəyanət edəndə fikirləşmirlər, xəyanət edirlər. Xəyanətin ən böyük səbəbkarı qadınlardır. Xəyanət edən insan ilk olaraq özünə, imanına, düzlüyünə xəyanət edir. Qadının tam hüququ var ki, ona xəyanət edən kişini tərk eləsin.

Xəyanət edən kişi də xanımının bütün istəklərini həyata keçirməlidir. Deməlidir ki, səhv etdim, məni bağışla! Sənin məndən istəyin nədir? Ev, maşın? Bəlkə qadın o məqamda deyəcək ki, səni itirmək istəmirəm! O zaman sənin insanlığın, əsl kişiliyin görünür. Qadın deyə bilər ki, gözəl insandır, səhv edib, şeytana uyub. Nə olur-olsun xəyanət düşüncəsi varsa, bu günahdır. Bu olubsa, heç kimə demə, tövbə et, həyatını yaşa. Çünki sən qarşı tərəfə doğrunu deməklə, heç nəyi düzəltməyəcəksən.

Kişilərin 90 faizi sevdiyi qadınlara acıqdan xəyanət edirlər. Xəyanətdə mən tək günahkar deyiləm ki, səndə tapa bilmədiyimi kənarda axtardım. Ona görə yox ki, səni sevmirəm.

Qadın xəyanət etməməlidir. Xəyanət bağışlanıla bilməz. Bağışlasa da, ancaq qadın bağışlaya bilər. Kişi bağışlaya bilməz. Hətta o qadın da istəməz ki, kişi onu bağışlasın. Çünki o kişi ilə yaşamaq olmaz. Qadının gözündən düşəcək.

Qadın istədiyini ucaldıb, istədiyini məhv edə bilər. Qadın böyük qüvvədir. Yuvanı düzəldən qadın olmaq lazımdır, dağıdan yox. İki insan boşanıbsa, ikisində də günah var!”


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər