9 Dekabr 2022 15:55
1 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Valeh Kərimov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Mədəniyyət Nazirliyi xalq artistləri Hacı İsmayılov, Əli Nur, Ramiz Məlikin işdən çıxarılmasına aydınlıq gətirib. Orada qeyd edilib ki, 65 yaşına çatmış şəxslərin təqaüdə çıxması və istisna hallarda fəxri adları olan şəxslərlə müqavilə əsasında 75 yaşına qədər fəaliyyəti uzadıla bilər. Siz də 70 yaşınızda teatrdan uzaqlaşdırıldınız. Bu məsələyə münasibətiniz necədir?

- Aktyorun nə cavanı, nə qocası... Aktyora 70-80 yaşında Romeo, Hamlet obrazı verməyəcəklər ki. Hər aktyorun yaşına uyğun rolları olur. Bəs, teatrda yaşlı obrazları kim oynamalıdır?! Qoca kişiləri qoca aktyorlar oynamalıdırlar.

- Sizcə, aktyor nə vaxt qədər səhnədə olmalıdır?

- Aktyor ölənə qədər səhnədə olmalıdır. Hətta o, səhnədə də ölə bilər. Belə faktlar az deyil. Aktyorun dili söz tutur, danışır, ayağı hərəkət edir, gözü görür, ağlı kəsirsə, deməli, səhnədə olmalıdır. Əsl aktyor səhnə üçün yaranıb.

- Yaşlı aktyorların təqaüdə çıxmasıyla gənclərə yol açıldığını vurğulayırlar. Bu yanaşma nə dərəcədə doğrudur?

- Gənclərə yol açmaq belə olmur. Qoca aktyorlar gənclərin yerində oturmurlar ki... Qocalar neynəsinlər!? Bəyəm, qocalar gənclərin qarşısını kəsir, onların əlindən rol alırlar?! Teatrda gənc də, qoca da işləyir. Yalan deyirlər ki, teatrda ştatımız yoxdur. Bu bir bəhanədir.

- Bəzi aktyorlar təqaüdə görə işdən uzaqlaşdırırlar, bəziləri isə müqavilə əsasında teatrda fəaliyyətlərinə davam edirlər...

- Belə teatr rəhbərləri sağ olsunlar ki, müqavilə ilə aktyorların teatrda fəaliyyət göstərməsinə şərait yaradırlar. Amma bir məsələ də var, məsələn, aktyora bir ildə üç rol verilməlidir ki, tamaşada oynasın və pulu alsın. Amma bu müddətdə üç obraz yox, heç bir obraz da vermirlər. O yazıq təqaüdlə necə dolansın? Ümidini bağlayır ki, bəlkə filan tamaşada rol verdilər. Beləcə həyatını birtəhər başa vurur. Elə də etmək olmaz.

Müqavilə ilə aktyoru işə götürürlərsə, onu işlətməlidirlər. Yalandan aktyorun xətrinə dəyməmək üçün müqavilə bağlayırlar ki, işə götürmüşük, amma obraz vermirlər. Rol verilməyəndə də aktyor pul almır. Məsələn, müqavilədə qeyd edilir ki, filan obraza görə 50 manat almalısan. Yaxud bir səhnəyə çıxışına görə 20 manat verilməlidir. Amma o, tamaşada oynamırsa bu puldan məhrum olur.

- Ümumiyyətlə, Hacı İsmayılov, Əli Nur və Ramiz Məlikin teatrdan uzaqlaşdırılmasına münasibətiniz necədir?

- Bu haqda məlumatlı deyiləm. Hazırda sosial mediada qarşıma çıxdı. Siz deyəndən sonra təsadüfən xəbərə baxdım.

- Necə düşünürsünüz, onlar teatrda fəaliyyətlərinə davam edə bilərdilərmi?

- Niyə də yox?! Maşallah sağlamlıqları yerindədir. Bu sənətə gəliblər ki, səhnədə oynasınlar. Bədbəxt artist heç nə istəmir, ortada nə var-dövlət, nə villa, nə biznes var. Sadəcə səhnəyə çıxmaq istəyir. Bəzilərinə gülməli göünür ki, istəyə, arzuya bax, səhnəyə çıxıb rol oynamaq istəyir. Yalnız sənətdən başı çıxmayanlar buna istehza ilə yanaşa bilər.

- Siz teatrdan 8 ildir uzaqlaşmısınız. Bir yaradıcı insan üçün səhnədən kənarda qalmaq necə hisdir?

- Çox pis təsir edir... 70 yaşım olan kimi Sumqayıt Dövlət Dram Teatrından uzaqlaşdırdılar, halbuki həmin teatrın açılışında, birinci tamaşada 45 gün sərasər fasiləsiz işləmişəm. 70 yaşım olan kimi teatr rəhbərliyi dedi ki, Valeh müəllim, sabahdan işə gəlməyin. Gəlməyin, gəlməyin də… Yaşımı əsas gətirdilər. Amma Akademik Milli Dram Teatrı sağ olsun, müqavilə əsasında işdə saxladılar. Başqa teatrlar bunu etmədilər. Nə etmək olar!?

- Hazırda necə həyat tərzi keçirirsiniz?

- Normal həyat yaşayıram. Prezident təqaüdü alıram. Məsələ bunda deyil. Məsələ aktyorun daxilindəki səhnə sevgisinin realizə olunmasındadır.

- Teatrda hansı obrazı oynamaq istəyərsiniz?

- Bunu deyə bilmərəm. Fəal adam və aktyoram. Mingəçevir Dövlət Dram Teatrından dəvət gəlib, orada tamaşa hazırlayıram. Özüm də o tamaşada oynayram. İki-üç ildən bir Mingəçevir Dövlət Dram Teatrına gedirəm, tamaşa qururam, özüm də oynayıram, bununla həvəsimi öldürürəm. Hərbi hissələrdə çıxış edirəm. Belə yaşayıram. Hazırda tamaşa seçirik, təsdiq olunduqdan sonra deyəcəm.

- Aktyorlar çox kövrək qəlbli olurlar, sizə deyəndə ki, işə gəlməyin, nə hiss keçirdiniz?

- Səkkiz il əvvəl idi, xatırlamıram.

- Hazırda sizinlə eyni taleyi yaşayan həmkarlarınıza nəyi tövsiyə edərsiniz?

- Özlərini qocalmış, yararsız hesab eləməsinlər, can sağlıqlarına fikir versinlər. Bəlkə sabah elə bir qanun çıxacaq ki, hamısını teatra qaytaracaqlar.

- Sizə seriallardan təklif varmı?

- Xeyr.

- Təqaüdə çıxan aktyorlarla bağlı üçün hər hansı təklifiniz varmı?

- Əvəllər qocaman, səhnədə uzaqlaşmış aktyorları yığıb tamaşa hazırlaydılar. Onu bərpa etsələr, yaxşı olar.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər