13 Aprel 2023 19:38
2 912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Zülfiyyə Xanbabayeva Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zülfiyyə xanım, qızınız Dəniz NASA-nın “FIRST Robotics Competition” (FRC) müsabiqəsində mükafata layiq görülən və finala vəsiqə qazanan komanda üzvlərindən biridir. Sizi təbrik edirik. Təəssüratınızı bilmək istərdik.

- Bəli, Azərbaycan ilk dəfə NASA-nın “FIRST Robotics Competition” (FRC) müsabiqəsinə qatılıb. Müsabiqəyə komanda şəklində qatıldılar. Komandanın rəhbəri Təranə xanımla birlikdə getdilər. Komandada ayrı-ayrı məktəb və universitetdən şagirdlər, tələbələr iştirak edir. Onların hamısı istedadlı və bacarıqlı uşaqlardırlar. Buradan özləri ilə 56 kq ağırlığında robot götürdülər. Uşaqlar müsabiqəyə qatılmaq üçün aylarla layihə üzərində işlədilər. Azərbaycan NASA-nın “FIRST Robotics Competition” (FRC) müsabiqəsinə ilk dəfə qatılan ölkələr arasında qalib oldu və Texas ştatının Hyuston şəhərində keçiriləcək finala vəsiqə qazanıblar.

- Müsabiqənin Hyuston şəhərində keçiriləcək final mərhələsi nə zaman olacaq?

- NASA-nın “FIRST Robotics Competition” (FRC) müsabiqəsinin final mərhələsi aprelin 18-də, yaxud da 19-da baş tutmalıdır. İnşallah müsabiqənin final mərhələsindən də qalib qayıdarlar.

- Hazırda Dəniz Bakıda, yoxsa Amerikadadır?

- Xeyr, Dəniz Bakıya qayıtdı. O, 10-cu sinifdə oxuyur. Məktəbi, hazırlığı var. Ümumiyyətlə, onu deyim ki, bu uğur tək qızım Dənizin deyil, 25 nəfərdən ibarət olan komandanındır. Orada çox istedadlı, bacarıqlı uşaqlarımız, gənclərimiz var. Aylarla üzərlərində işlədilər, birinin adını çəkərəm, digərinin yox, ona görə də inciyənlər olar. Bütün valideynlər xoş hiss keçirdilər. Ən maraqlısı o idi ki, komanda ayrı-ayrı məktəblərdən, universitetlərdən şagirdlər və tələbələrdən ibarət idi. ADA Universitetindən də tələbələr var idi. Bu müddət ərzində onlar bir-biri ilə yaxın dost oldular. Artıq hamısı yaxın ailəyə çevriliblər. Ən qürurlusu o idi ki, NASA-nın “FIRST Robotics Competition” (FRC) müsabiqəsində Azərbaycan bayrağı dalğalandı və himnimiz səsləndirildi. Bu, çox sevindirici idi. Uşaqlar qalib gəlmək üçün əllərindən gələni etdilər. Əslində, Amerikaya getmək asan başa gəlmədi. Əlbəttə ki, uşaqlarda özlərinə inamı vardı. Amma ilk dəfədən birinci yerə layiq görülmələri bir az gözlənilməz oldu.

- Qızınız Dənizlə Amerikaya siz də getmişdiniz?

- Bəli, Amerikaya mən də getmişdim. Dənizə bir balaca sərbəstlik də vermişdik. Dəniz maşallah 15 yaşında olsa da, özünü sərbəst ifadə edə bilir. Zəmanə başqadır.

- Ana kimi Dənizə nə kimi sərbəstlik verirsiniz?

- Bəzi məsələlərdə sərbəstlik verirəm, bəzi məsələlərdə yox. Biz nə qədər sərbəstlik versək də onlar narazıdırlar. Dəniz fikirləşir ki, sərbəst deyil. İnşallah bütün uşaqların yolları açıq olsun. Bu qələbə qürurvericidir. Onlar gəncdirlər. Bu gün onların NASA-nın “FIRST Robotics Competition” (FRC) müsabiqəsində qalib olmaqları, orada himnimizin səslənməsi qürur hissidir. Maşallah uşaqlarımızın hamısı da tərbiyəli, savadlı, istetadadlıdırlar.

- NASA-nın “FIRST Robotics Competition” (FRC) müsabiqəsi nə zaman baş tutdu?

- Müsabiqə aprelin 4-dən başladı, 8-dək davam etdi. Aprelin 8-də uşaqlara NASA tərəfindən sertifakatlar təqdim edildi. Onlar birinci yeri tutdular və finala vəsiqə qazandılar.

- Müsabiqənin final mərhələsində Dənizlə siz də gedəcəksinizmi?

- Dəniz tək gedəcək. Mənim işlərim var, qayıtdım, gəldim. Uşaqların müəllimləri, rəhbərləri var.

- Dənizin peşə seçiminə müdaxilə edirsinizmi?

- Dəniz elə yaşdadır ki, seçimlərini özü edir. Özünü harada hiss edir və görürsə, o sahəyə gedəcək. Daha çox humanitar fənləri sevir. Robot və texnika başqa istiqamətdədir. Dəniz hüquqşünas olmaq istəyir. Debatlarda qalib gəlib, sertifikatları da var. Görək, inşallah.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər