18 Aprel 2023 12:07
2 802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Gülüstan Əliyeva Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Gülüstan xanım, torpaqlarımız işğaldan azad edildikdən sonra ilk dəfə Cəbrayıla getdiniz. Qarabağda konsert proqramı ilə çıxış etmək fikriniz varmı?

- Əlbəttə, hər birimizin arzusu torpaqlarımızın işğaldan azad edildiyi günün sevincini yaşamaq idi. Bu sevinc bizə nəsib oldu. Təbii ki, sənət adamı kimi Şuşada, Cəbrayılda, Ağdamda, Qarabağın hər guşəsində konsert proqramı ilə çıxış etməyin də sevincini yaşamaq istərdim. Qarabağın hər guşəsi bizim üçün əziz, dəyərli və doğmadır. Bunun üçün ansamblımız, potensialımız və repertuarımız da var.

- Cəbrayılda həyat yoldaşınız Zahid Əhmədovun məzarını ziyarət etdiniz...

- Cəbrayıl ermənilər tərəfindən işğal edilənə qədər orada yaşamışdıq, 1993-cü ilə qədər. Həyat yoldaşım Zahid Əhmədov 1991-ci şəhid oldu. 44 günlük Vətən müharibəsindən sonra həyat yoldaşımın məzarını tapdım və məzar daşını bərpa etdirdim. Cəbrayıla bir dəfə getmişəm, yenə də getmək istəyirəm. Ölkə başçımız İlham Əliyevin rəhbərliyi altında Qarabağ abadlaşdırılır, Cəbrayıl da abadlıq işlərində ön sıradadır. Orada çox böyük əzəmətli tikililər gedir. Zəngəzur dəhlizi Cəbrayıldan keçir.

- Həyat yoldaşınızın məzarı başında hansı hissləri yaşadınız?

- Son dəfə həyat yoldaşımın məzarında 1993-cü ilin yanvarında olmuşdum. Mənə deyəndə ki, filan tarixdə Cəbrayıla gedəcəyik, orada hərbi hissədə konsert verəcəyik, bilmirdim sevinim, yoxsa ağlayım. Çox qarışıq hisslər keçirirdim. O xəbəri alanda həyat yoldaşım gecə yuxuma girdi. Bir daha əmin oldum ki, ruhlar heç vaxt ölmür, daim yaşayır və bizi izləyir. O bildi ki, mən məzarına gəlmişəm...

Hələ o zaman, toyumuzdan əvvəl Hacı Qaraman ocağına getmişdik. Bizim müqəddəslərimiz orada yatır. Həyat yoldaşım mənə əzizlərinin qəbirlərini göstərirdi. Biz onun nənəsinin məzarının önündə dayandıq və dedi ki, “nənəmin qəbirinin üstünü götürmək lazımdır, onun ayağı altından mənə yer edərsiniz”.

Aramızda belə bir söhbət oldu, pərt oldum və bilmədim ona nə cavab verim. Sonra düşündüm ki, zarafat edir. O da sözü yarızarafat demişdi. Amma 11 ay keçdi, biz onu orada dəfn elədik, dediyi yerdə... Cəbrayıla gedəndə iki dəfə qəbri axtarmağa cəhd elədik. Düşündük ki, qəbiristanlığı və oraya gedən yolu tapaq. Xatırlayırdım ki, həyat yoldaşım nənəsinin məzarının aşağı hissəsində dəfn olunmuşdu. Nənəsinə yaşıl mərmərdən məzar daşı düzəldilmişdi.

Ermənilər qəbiristanlıqda tanınan insanların məzarını dağıtmışdılar, qəbirləri altını-üstünə çevirmişdilər. Həyat yoldaşımın məzarını tamamilə dağıtmışdılar ki, tanınmasın. Qəbiristanlıqda onun məzar daşından böyüyü yox idi. Əslində həyat yoldaşımı düşmənlərimiz də tanıyırdılar, bölgədə çox önəmli bir adam idi. Cəbrayıl rayonu Polis İdarəsində əvvəlcə əməliyyat müvəkkili, sonra bölmə rəisi işləmişdi. 1991-ci ildə Cəbrayıl cəbhəsində minaya düşdü.

Qəhrəmanlığı ilə ermənilərə qan uddururdu. Təbii ki, ona görə də məzarını dağıtmışdılar.

Düşündüm ki, nənəsinin məzarı heç kimə lazım olmayan qəbirdir, yəqin diqqət çəkməz və onu dağıtmazlar. O istiqaməti götürüb, məzarı taparam. Elə də oldu. Nənənin məzarını da dağıtmışdılar, amma başdaşı yerində idi. Yoldaşımın məzar daşından yaşıl rəngdə parça qalmışdı. Bundan tanıdım.

Ziyarətdən bir neçə gün sonra məzar daşı düzəltdirib göndərdim. Düşündüm ki, müvəqqəti də olsa məzar daşı olsun. Rayona köçəndə layiqli formada düzəltdirərik. Həyat yoldaşımın məzarı başına onun yaxın dostunun oğlu ilə getdik, o da polisdir.

O torpaqlardan hələ də qan iyi, şəhid iyi gəlirdi. Hərbi hissədən, Dostluq bulağından, hər yerdən onların qoxusu gəlirdi.

Cəbrayıla gedərkən həyat yoldaşımın çox yaxın dostunu gördüm, o da müharibədə yaralanmışdı. Əlil arabasında idi. Çox qəribə adam idi, bu günə qədər heç kimdən yardım istəməmişdi. Orada çinarın altında həmişə oturar və həyat yoldaşımla söhbət edərdilər, görüşərdilər. Həmin çinar da orada idi, Dostluq bulağından bir az aşağıda...

- Həyat yoldaşınız ixtisasca hüquqşünas idi. Sevgi tarixçəniz necə başlamışdı?

- Tələbə vaxtı tanış olmuşduq. Onun əmisi qızı Şəhla ilə həm tələbə yoldaşıydıq, həm də kirayədə bir otaqda qalırdıq. O isə Şəhlanın qardaşı Novruzla ilə bir otaqda kirayədə qalırdı. Novruz tez-tez bacısına baş çəkirdi, həyat yoldaşım da ona qoşulub gəlirdi. Məni o zaman gördü və tanışlığımız belə başladı.

Bir gün məni “Zabitlər bağı”na çağırdı və öz hissini bildirdi. Yaşca məndən böyük idi. Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alırdı. Universiteti fərqlənmə diplomu ilə bitirdi. Biz 1987-ci ildə tanış olmuşduq. Universiteti bitirdikdən sonra Nijni-Novqorodda altı ay təhsil aldı. Kirayə qaldığım evdə telefon vardı, hərdənbir zəng vururdu, danışırdıq, məktublaşırdıq. Məktublarını hələ də saxlamışam.

Sevgi üçün sevdiyinin yanında olması şərt deyil, əsas odur, qəlbində qalır. Zahidin təyinatını Bakıya verirdilər. Başqa şəhər və rayonlara göndərilmək ehtimalı da vardı. Çünki çox savadlı insan idi. O, öz torpağını çox sevirdi və çətinliklə də olsa təyinatını Cəbrayıla ala bildi.

Müharibə dövrü idi, rayona gedəndən od-alovun içində idi. Cəbrayıla təyinatı 1988-ci ildə almışdı. O vaxt nizami ordumuz, hərbi gücümüz yox idi. Sərhədləri polislər qoruyurdular. Yüksəkliklərdə postlar qurmuşdular, 30 nəfər gecədən səhərə qədər növbədə olurdu.

Silahları növbəti dəstəyə təhvil verib geri qayıdırdılar. Gündəlik silah təhvilini həyat yoldaşım aparırdı. Həmin günlərin birində Cəbrayılda öz avtomobilində minaya düşdü. Sürücüsü, digər polis işçiləri, sahə inspektorları da avtomobildə idi.

- Həyat yoldaşınız dünyasını dəyişəndə oğlunuz Rüfət heç iki aylıq da deyilmiş... Oğlunuzla bağlı nə kimi arzuları vardı?

- Oğlumun qırxı bir həftə idi çıxmışdı. Valideyn kimi onun da arzuları vardı. Gecə saat 3-də, 4-də, bəzən səhərə yaxın evə gəlirdi. Gecə nə vaxt gəlsə oğlumuzu yuxudan oyatmalı, danışdırmalı idi. Rüfəti qoxulayıb işə gedirdi. Axırıncı gedişində məni həyətdən çağırdı. İkinci mərtəbədə yaşayırdıq. İndi də qonşularımız onu xatırlayırlar, həmişə danışırlar. Məni adımla yox, “Dilbər” deyə çağırırdı. Deyirdim ki, niyə Dilbər? Cavab verirdi ki, sən mənim Dilbərimsən. Çox həssas, musiqi duyumu dərin olan insan idi.

Məni çağırdı, pəncərənin qarşısına çıxdım. Dedi, papağım evə qalıb. Papağını eyvandan verdim. Sonra dedi, uşağı gətir, görüm. Uşağı pəncərənin önünə gətirdim, bir az dayandı, düşündü və getdi. Bu, onun sonuncu gedişi oldu. Minaya düşdü, sonra xəstəxanaya gətirdilər. Üç gün sonra dünyasını dəyişdi. Bu da bizim nakam sevgi hekayəmiz...

- Hekayəniz qısa olsa da bir ömrə bəs edərdi, elə deyilmi?..

- Bəli, bir ömrə bəs elədi, 317 gün...

- O hisslər hələ də qalırmı?

- Əlbəttə. İllər nəyisə dəyişir, sevgi isə qalır. Yaşa dolduqca sevgi hissi də fərqli forma alır. Kökdə qalan isə sevgidi...

- Həyat yoldaşınızın sənətlə bağlı qadağası vardı?

- Ümumiyyətlə, xaraktercə sərt adam idi. Muğam sinfinin ilk məzunu olaraq təyinatım Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına verilmişdi. Ali təhsilli ilk muğam ifaçısı idim. Bir çox tədris ocaqlarında istəyirdilər ki, dərs verim. Amma mən ailəni seçdim. Biz həyat yoldaşımla öncədən razılaşmışdıq ki, işləməyəcəm, uşaqların anası və onun həyat yoldaşı olacam.

Hara gedirdi, mənə kaset alıb gətirirdi, Arif Babayevin muğam dəstgahları, Canəli Əkbərovun, Alim Qasımovun muğamlarını alırdı. Deyirdi ki, Dilbər, həmişə bunlara qulaq as, darıxma. Bilirdi ki, şəhərdən getmiş adamam. Çox sonradan öyrəndim ki, iş üçün İcra Hakimiyyətində danışıb və istəyirmiş ki, musiqi məktəbində dərs deyim. Yəqin görüb, sənət üçün çox darıxıram və gizlin-gizlin o işləri görüb. Həyatdır... Əvəzsiz bir insan idi.

Gənc olanda sevdiyim insan olduğu üçün ağlayırdım, təəssüflənirdim. İllər keçdikcə, yaşa dolduqca tamamilə başqa tərəflərini kəşf etdim. Onun Azərbaycan üçün, cəmiyyətimiz üçün nə qədər dəyərli, lazımlı bir insan olduğunu anladım. Görün, Azərbaycan belə oğulların timsalında kimləri itirib... Neçə-neçə belə qəhrəmanlarımız şəhid olublar.

- Özünüzü qadın kimi xoşbəxt hiss edirsiniz?

- Xoşbəxtlik nisbi məfhumdur. Mən də öz seçimlərimi yaşamışam. Qəhrəman, torpağını sevən, vətənpərvər bir insanı sevmişəm, seçmişəm. Sevgimin arxasınca Bakıdan Cəbrayıla getmişəm. Sevib seçdiyim oğlan qəhrəman, igid, vətənpərvər olub.

Təbii ki, ondan sonra mənə çətin olacaqdı. Çünki öz seçimimin nəticələrini yaşamalı idim. Ölkəmiz, Azərbaycanımız hansı çətinliklərlə, ağır vəziyyətlə üz-üzəydisə, hər bir vətəndaş kimi mən də o çətinlikləri yaşayırdım. Üstəlik şəhid ailəsi olaraq... Bir neçə ay sonra şəhid bacısı da oldum. Qardaşım da Tərtər yaxınlığında, Qırmızıkənddə şəhid oldu.

Təbii ki, mənəvi, fiziki, həm də bir qadın kimi mənə çox çətin idi. Amma insan güclü olmaq məcburiyyətində qalır. Bunu bacaranlar həyatı qazanırlar. Mən də yəqin o şanslı insanlardan oldum. Mübarizə əzmi, prinsipiallıq, həyata sinə gərmək, heç nə düşünmədən yürümək... Həyatı ancaq belə qazana bilərsən. Yaşadıqlarım məni güclü insana çevirdi.

Sənət adamı kimi çox xoşbəxtəm. Cəmiyyətdə sevilirəm, həmişə hörmətlə qarşılanıram. Ailəmdə hörmət görürəm. Düşünürəm ki, bir insan üçün bunlar kifayət edir. Onu da deyim ki, xoşbəxtliyi axtarmaq lazım deyil, yarada bilmək lazımdır. Əsas məsələ budur...

- Cəmiyyətimizdə ikinci dəfə ailə quran qadınlar çoxdur. Siz necə, ikinci dəfə ailə qurmaq düşündünüzmü?

- Həmişə deyirəm ki, onlar şəhid oldular, əbədiyyəti qazandılar. Biz də diri şəhidlər olduq. Mən o şəhidin adını uca tutmaq üçün əlbəttə, bu addımı atmadım. İkinci dəfə ailə qurmaq heç ağlımdan keçmədi. Bir oğlum vardı. Həyata bağlanmaq üçün stimulum vardı. Oğlum hər şeyim oldu, övladım, qardaşım, həyat yoldaşım, sirdaşım... Bütün bunların hamısını o balaca çiyinlərinə yüklədik.

- Cəmiyyətimizdə qadınların rolunu necə dəyərləndirirsiniz?

- Bu gün şükürlər olsun ki, Azərbaycanda qadına çox böyük yer verilir. Dövlət qurumlarında yüksək vəzifədə çalışan qadınlarımız var. Gender bərabərliyi qorunur. Cəmiyyətimizdə qadına xüsusi hörmət göstərilir. Hər bir sahədə öz sözünü deyən, öz ayaqları üstündə dura bilən qadınlarımız az deyil.

- Oğlunuz Rüfət polis kimi fəaliyyət göstərir?

- Bəli, oğlum polisdir və atasının işini davam etdirir.

- 23 yaşınızda həyat yoldaşınızı itirdiniz. İndi necə yaşayırsız?

- 44 günlük Vətən müharibəsindən demək olar ki, hər həftə bir şahid ailəsinə gedirəm. Elə olub ki, bir gündə üç şəhid ailəsinə baş çəkmişəm. Tədbirlərdə iştirak etmişəm, qazilərimizlə və onların ailələri ilə görüşmüşəm. Şəhid olan qardaşlarımızın həyat yoldaşlarının əksəriyyəti məndən yaşca kiçikdirlər. Bəzilərinin övladı körpəydi, bəzilərinin isə atasının şəhadətindən sonra doğulub.

Həmişə onlara deyirəm ki, siz çox şanslınız, həyat yoldaşlarınız, atalarınız, əmiləriniz, dayılarınız torpaqlarımızı azad edərkən şəhid olublar. Onlar ən uca zirvəyə ucalıblar. Bir də ona görə şanslısınız ki, Azərbaycan inkişaf edib. Ölkəmiz qızıl dövrünü yaşayır. Hər bir şəhid ailəsinə, xanımına deyirəm ki, ürəkli, qürurlu olun, başınızı daim uca tutun. Sizin balanız torpağımızı azad edərək şəhid olublar.

- Yaradıcılığınızda nə kimi yenilikləriniz var?

- Artıq 20 ilə yaxındır Azərbaycan Milli Konservatoriyasının müəllimiyəm, dosentiyəm, sənətşünaslıq üzrə fəlsəfə doktoruyam. 27 ildən artıqdır Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistiyəm. Özümü xoşbəxt hiss edirəm ki, məhz bu mədəniyyət ocaqlarında çalışıram. Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi hər bir əməkdaşa xüsusi diqqətlə yanaşır. Həmişə deyir ki, Azərbaycanın üzüsünüz, brendisiniz ki, burada çalışırsınız. Konservatoriya çox xoşbəxtdir ki, siz burada işləyirsiniz.

Biz də bu diqqətə, qiymətə önəm verərək burada çalışırıq. Bu günə qədər yeddi solo konsert vermişəm. İnşallah, bu il sentyabrdan yeni solo konsert vermək istəyirəm. Layihəm var və onu həyata keçirəcəm. Konsertimin ikihissəli olmasını istəyirəm. Çox maraqlı proqram təqdim edəcəm.

Əlbəttə, yeni mahnılar, yeni kliplər də var. Yaxın günlərdə “Təşəkkür” və “Sevdiyim adam” klipimi təqdim etdim.

Səfərlərimiz gözlənilir. Yaxın günlərdə Ulu öndər Heydər Əliyevin 100 illiyi qeyd olunacaq. Mən Ulu öndərin imzası ilə Yevlaxdan seçilib, Bakıya gətirilən, musiqi təhsili verilən və konservatoriya tarixində ilk dəfə açılan muğam sinfinin ilk tələbəsiyəm. Ona görə bir ömür Ulu öndərə Heydər Əliyevə minnətdaram.


Müəllif: Foto: Elnur Muxtar, Rəqsanə Həsənova

Oxşar xəbərlər