Azərbaycan Dövlət Televiziyasının "Telesəhər" verilişində aparıcılığa başlayan xalq artisti Mələkxanım Əyyubovanın rəssam qızı Nəzrin Nəcəfova fəaliyyətindən danışıb.
Nəzrin Nəcəfova Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Hər gün çalışıram ki, aparıcı kimi daha da yaxşı olum, öz üzərimdə işləyirəm. İlk dəfədir ki, aparıcı kimi fəaliyyət göstərirəm. Veriliş hər səhər üç saat canlı yayımlanır və bu isə ikiqat məsuliyyətdir. Ona görə daim üzərimdə çalışıram ki, günü-gündən yaxşı olsun. Başqa bir sahədə fəaliyyət göstərən şəxs kimi deməzdim ki, aparıcılıq çətindir, amma məsuliyyətlidir. Hər şeyə diqqət etmək lazımdır. Aparıcı olmaq uşaqlıq arzum idi. Böyüyəndə isə deyirdim ki, belə bir təklif gəlsə, dəyərləndirməyə çalışacam. Düzdür, bir neçə kanallardan aparıcılıq təklifi almışdım, ya veriliş ürəyimcə olmurdu, ya da kanal. Amma bu dəfə iş təklifi yerinə düşdü, AzTV rəhbərliyi aparıcı kimi dəvət etdi".
Nəzrin Nəcəfova qardaşı Cəfər Nəcəfovun xəstəxanaya yerləşdirilən həyat yoldaşı Səadət Nəcəfovanın səhhətindən də danışıb: "Şükür Allaha hazırda vəziyyəti yaxşıdır. Əsas məsələ odur ki, çətin günlər geridə qaldı. Hər şey yaxşıdır".