Xalq artisti Röya Ayxanın oğlu Hüseyn Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Bu gün Röya Ayxanın doğum günüdür. Ananıza nə arzu edirsiniz?
- Anama arzularım çoxdur. Arzu edirəm ki, qəlbindəki bütün arzuları həyata keçsin. O, ulduzdur, hamı onu sevir. Mən də anamı çox sevirəm. O, mənim üçün ən gözəl anadır. Həmişə qəlbimdə elə qalacaq.
İstərdim ki, bir çox ölkələrə gedib, orada konsert proqramı ilə çıxış etsin. Başqa ölkələrdə görsünlər ki, anam necə yaxşı müğənni və yaxşı insandır. Çünki onun mahnıları çox gözəldir.
- Ananızın hansı mahnısını sevirsiniz?
- Anamın mahnılarından “Dəli kimi”ni çox sevirəm. Azərbaycan mahnılarına çox qulaq asmıram, amma anamın mahnıları xoşuma gəlir.
- Hazırda neçənci sinifdə oxuyursunuz?
- İndi 8-ci sinif şagirdiyəm. Dubayda oxuyuram, amma doqquzuncu sinifdə Bakıda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə gedəcəm.
- Gələcəkdə hansı sahədə fəaliyyət göstərmək istəyirsiniz?
- Biznesmen olmaq istəyirəm. Uşaq vaxtı futbolçu olmaq istəyirdim, amma o, real arzu deyil. Özüm üçün biznes qurmaq istəyirəm ki, böyüyəndə anamı da saxlayım.
- Röya Ayxanın ən sevdiyiniz xüsusiyyəti hansıdır?
- Çox mehribandır, çox yaxşı anadır.
- Ananızın sizə qadağası varmı?
- Bəli, əlbəttə, qadağaları var. Həmişə nə edirəmsə, anamı xəbərdar edirəm. Əks halda harasa tək gedəndə anam çox narahat olur. Mənə deyir ki, nə eləsən, mən onu bilim. Həmişə harasa gedənda yanımda adam olmalıdır.