26 Yanvar 2015 17:16
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Ancelina Coli İraqa səfər edib. BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyindən verilən məlumata görə, xanım Coli beynəlxalq birliyin liderlərini regional münaqişələrin səbəb olduğu iztirablara son qoymağa çağırıb.

BMT QAK-ın xüsusi elçisi A.Coli 3,3 milyon didərgin əhaliyə dəstək vermək və onların ciddi ehtiyaclarını önə çəkmək üçün İraqın Kürdüstan bölgəsində suriyalı qaçqınlara və köçkün düşmüş İraq vətəndaşlarına baş çəkib.

2012-ci ilin sentyabrında xanım Colinin İraqa sonuncu səfərindən bəri oradakı humanitar durumun miqyası və ağırlığı kəskin şəkildə artıb. Belə ki, Suriya və İraqda münaqişələr şiddətlənib və əlaqəli şəkil alıb: “Sonuncu səfərimdən bəri İraqda humanitar durumun necə pisləşdiyini görmək məni sarsıdır. Çoxlu sayda suriyalı qaçqınlardan əlavə, təkcə 2014-cü ildə zorakılıq yolu ilə iki milyon iraqlı didərgin düşüb. Bu günahsız insanların çoxu dəfələrlə öz yurdlarından ayrılmalı olublar, çünki dəyişməkdə olan cəbhə xətti boyunca təhlükəsiz yer axtarırlar”.

BMT QAK və tərəfdaşları tərəfindən kütləvi yardım reaksiyası başlansa da, ölkə boyu təxminən 330.000 insan hələ də qeyri-standart sığınacaqlarda yaşayır və evlərindən kənarda keçirəcəkləri ilk qışı burada qarşılayacaqlar.

O, Dohuk şəhərindən avtomobillə 40 dəqiqəlik məsafədə yerləşən Xankedə qeyri-rəsmi məskənlərdə və rəsmi düşərgədə yaşayan iraqlı məcburi köçkünlərə baş çəkib. Ümumilikdə bu yerlərdə avqustun əvvəlində Sincardan və ətraf ərazilərdən qaçmış yezidi azlığına mənsub olan 20.000 insan məskunlaşıb.

Coli insanlarla danışaraq onların dəhşətli qaçış əhvalatlarını dinləyib, o cümlədən gecələr hərəkət edərək, gündüzlər isə gizlənərək həbsdən xilas olmağı bacaranlarla söhbət edib. O, həmçinin qiyamçılar tərəfindən azadlığa buraxılmış və indi Xankedəki qeyri-rəsmi məskənlərdə qalan 196 nəfər yezidi arasında olan ahıl qadınlarla görüşüb.

Qadınlar keçdikləri ağır sınaqlardan – oğurlanmalarından, həbsdə saxlanmalarından, qaçıb xilas olmalarından və azad edilmələrindən danışdılar. Coli ağır məhrumiyyətlər və itkilər barədə əhvalatlara qulaq asıb, o cümlədən oğulları, ərləri və qızları hələ də həbsdə qalan insanları, qızlarının Suriyaya köç etdiyini eşidən digər şəxsləri də dinləyib: “İnsanların oğurlanma, pis rəftar və istismar hallarından salamat qurtulmaları və onların hamısının ehtiyac duyduğu və layiq olduğu təcili yardımı ala bilməmələri haqqındakı bu dəhşətli əhvalatları eşitməyə insan özünü heç cür hazırlaya bilmir”, – deyə Coli bildirib.

“Ehtiyaclar bu genişmiqyaslı böhran şəraitində mövcud olan resursları dəhşətli dərəcədə üstələyir. Daha çox beynəlxalq yardıma ehtiyac var”, – deyə xüsusi elçi əlavə edib.

Maliyyə çatışmazlığı zorakılıqlardan və insan hüquqlarının pozuntularından salamat qurtulanlara yardım proqramlarının miqyasına və növünə, eləcə də sığınacaq təminatına və digər yardımlara təsir göstərib. Hökumət tərəfindən çoxlu yardım təmin edilsə də, təhlükəsizliklə bağlı çətinliklərlə yanaşı həm də maliyyə çatışmazlığı son altı ayda BMT QAK-ın və tərəfdaşlarının yardım əməliyyatlarına (o cümlədən inşa edilmiş və ya edilməkdə olan 34 yeni düşərgəyə yardıma) əngəl törədib. Məsələn, BMT QAK 2014-cü ildə İraqdakı ölkədaxili məcburi köçkünlərə yardım üçün ona tələb olunan 337 milyon ABŞ dollarının yalnız 53 faizini alıb və xəbərdarlıq alıb ki, 2015-ci ildə nəzərdə tutulan layihələrin maliyyələşdirilməsinin davamı üçün ona tələb olunan 556 milyon ABŞ dollarının yalnız 31 faizini alacaq.

İraqın Kürdüstan bölgəsi təxminən 900.000 məcburi köçkünü qəbul edib ki, nəticədə onları qəbul etmiş icmaların, dövlət orqanlarının və infrastrukturun üzərinə həddən artıq yük düşüb. 2014-cü ilin iyunundan avqustunadək Mosul və Sincardan gələn böyük insan axını dərs ilinin başlanmasının üç ay gecikməsinə səbəb olub, çünki Dohukdakı 700 dövlət məktəbində didərgin düşmüş insanlar məskunlaşıb. İraqın Kürdüstan bölgəsində beş milyon insanın təxminən 20 faizi ya başqa yerdən köçkün düşmüş iraqlı, ya da qaçqındır: “Mən Kürdüstanın dövlət orqanlarına çox minnətdaram ki, bu qədər çoxlu problemlərlə qarşılaşdıqları bir vaxtda suriyalı qaçqınlarla yanaşı bu qədər çoxlu köçkün iraqlını qəbul ediblər”, – deyə xüsusi elçi bildirib.


Bu gün səhər xanım Coli genişlənən Domiz düşərgəsinə növbəti dəfə baş çəkib, hazırda bu düşərgədə 50.000-dən artıq suriyalı qaçqın yerləşdirilib ki, bu da bütövlükdə İraqdakı suriyalı qaçqın əhalinin beşdə birindən çoxdur və hazırda onlar 233.000 nəfərdir. O, hazırda İraqda suriyalı qaçqınların ən iri düşərgəsi olan Domizə sonuncu dəfə 16 sentyabr 2012-ci ildə baş çəkmişdi, o vaxt orada təxminən 8.500 nəfər məskunlaşmışdı.

Suriyadakı münaqişə özünün beşinci ilinə yaxınlaşdığına görə xanım Coli deyib ki: “İraqda və bütövlükdə regionda qarşıya çıxan bir çox problemlərin kökü Suriyadakı müharibədir. Beynəlxalq birliyin liderləri tərəfindən Suriyadakı zorakılıqlar silsiləsinə son qoyulmasına və ədalətli və dayanıqlı sülh sazişinə aparan yolun tapılmasına təcili ehtiyac var”.

Xanım Coli beşinci dəfədir ki, İraqa səfər edir və altıncı dəfədir ki, regiondakı suriyalı qaçqınlara baş çəkir.

“Suriyadakı münaqişənin və geniş yayılmış ekstremizmin zərərini çoxlu sayda günahsız insan çəkir”, – deyə xanım Coli bu gün İraqa iki günlük səfərinin birinci gününü yekunlaşdırarkən bildirib. "Mən dünən Suriyada qətlə yetirildiyi bildirilən girov Haruna Yukavanın ailəsinə və bu alçaq və həddi aşan hərəkətlərin qurbanı olanların hamısının ailələrinə və zərərçəkənlərə dərin hüznlə başsağlığı verirəm”.

3,8 milyondan artıq suriyalı qaçqın qonşu ölkələrə – Türkiyə, Livan, İordaniya, İraq və Misirə qaçıb. Digər 7,6 milyon suriyalı isə ölkə daxilində köçkünə çevrilib.

Ölkədə təxminən 3,1 milyon iraqlı məcburi köçkün var, onlardan bir milyonu 2003-cü ildən 2013-cü ilədək, 2,1 milyonu isə 2014-cü ildə didərgin düşənlərdir.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər