Mərhum xalq artisti Həsənağa Turabovun qızı Sevinc Turabova "O üz" verilişində qardaşı Daşqın Turabovun ölümündən danışıb.
Teleqraf.com xəbər verir ki, qardaşının ölümündən kədərlənən Sevinc Turabova göz yaşlarını saxlaya bilməyib:
"Hansısa çətinliyə düşəndə elə bilirəm ki, atam və qardaşım yanımdadır. Daşqın martın 1-2-də Bakıda idi. Mənim ad günüm isə martın 17-də idi. Mənə dedi ki, istəyirsən sənin doğum gününə qədər Bakıda qalım. İnanırsınız ki, ad günümə nifrət edirdim. Kaş deyərdim ki, ad günümə qədər Bakıda qal. Dedim ki, get, martın 17-dək vaxt var. Ayın 11-də axşam saatlarında bizə zəng etdilər ki, Daşqını silahla vurublar. Narkomanı həbs etməyə gedib, ona atəş açıblar. Telefon zəngindən iki dəqiqə keçməmiş təkrar zəng etdilər ki, Daşqın vəfat edib. Atam gecəylə qardaşı və bir neçə aktyorla Siyəzənə getdi. Daşqın Birinci Qarabağ Müharibəsindən sağ-salamat gəlmişdi. Amma belə bir hadisə zamanı vəfat etdi. Qardaşım son nəfəsində deyib ki, atam və anama deməyin. "Kəlmeyi şəhadəti"ni söyləyərək vəfat edib. Onun tabutu evimizə gətiriləndə saçım bir dəqiqənin içində ağarmışdı. O gündən sonra həyatımızda hər şey dəyişdi. Daşqının ölümü ailəmizi yerlə yeksan elədi. Daşqın dəfn ediləndə qəbrin içinə girdim. Deyirdim ki, mən də onunla gedirəm. Qardaşımı öldürən cinayətkar illər sonra öz peşmanlığını dilə gətirmişdi. Amma nə fayda...Qardaşım həyatda yoxdur".
Qeyd edək ki, Siyəzən polis şöbəsinin əməliyyat müvəkkili olmuş Daşqın Turabov 1997-ci il mart ayının 11-dən 12-ə keçən gecə silahlı cinayətkarın gülləsinə tuş gələrkən həyatını itirib.