11 İyun 2015 14:23
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İkinci filmdə rejissor dəyişikliyi olacaq. Kənan dostumuzdur, qardaşımızdır. Amma Kənan mənim dostumdursa, bu o demək deyil ki, bütün işləri ona həvalə etməliyəm".

Bu sözləri Teleqraf.com-a açıqlamasında "Ay brilliant" filminin prodüseri İlkin Həsəni deyib. Onun sözlərinə görə, Azərbaycanda kifayət qədər istedadlı rejissorlar var: "İkinci filmimdə Kənanla deyil, başqa rejissorla işləyəcəm. Ola bilsin ki, üçüncü filmdə tamamilə başqa rejissorlarla işləyim. Yəni azad seçimdir. Rejissorun da, baş prodüser kimi mənim də azad seçimim var".

Baş prodüser kimi "Ay brilliant"da darıxdırıcı məqamların olduğunu etiraf edən İlkin Həsəni daha belə səhv etməyəcəni də deyib: "Bəzən tamaşaçıların reaksiyalarını öyrənmək üçün kapşon geyinib, başımıza kepka gecə seanslarında iştirak edirdik. Filmimizdə müəyyən darıxdırıcı məqamlar var idi. Özüm bir tamaşaçı kimi baxanda bunu açıq-aşkar görürdüm. Elə etməli idik ki, tamaşaçı kinoteatrda darıxmasın. İkinci filmimizi elə çəkəcəyik ki, ümumiyyətlə, tamaşaçı nəinki darıxmaq, heç tamaşaçının başını sağa-sola fırlatmağa vaxtı olmayacaq ".

"Onların yerində olsaydım, bunu etməzdim"

Həmkarlarının filmlərini qiymətləndirən Həsəni uğursuzluqla nəticələnən işlərdən danışıb: "Dostlarımız bu gün film çəkirlər, sağ olsunlar ki, kinoya dəstək olurlar. Birinci işləridir, ona görə onları da başa düşmək olar. Amma yenə də istehsal etdikləri filmləri proqramlaşdırılmamış formada bazara çıxardılar. Əgər sən bir filmi ekrana çıxarırsansa, onun marketinqi ilə məşğul olmalısan. Onun piarı, tanıtımı planlı şəkildə aylar öncə qurulmalıdır. Biz "Ay briliant" üçün bunu planlı şəkildə etdik. Yəni film üçün piar işini yanvar-fevral ayında etdik. Amma əksəriyyəti "təki çıxım" prinsipi ilə filmləri təqdim etdilər. Fikir verdinizsə, aprel ayında 8 yaxud 9 yerli film kinoteatrın ekranlarında nümayiş olunmağa başladı. Mən onların yerində olsaydım, bunu etməzdim. Təsəvvür edin ki, yerli filmlərlə yanaşı-repertuarda xarici filmlər, məsələn, dünya rekoru qıran "Forsaj" var idi. Bilirsiniz, bu kimi xırda məsələləri aylar öncə nəzərə almaq lazımdır. Biz də filmimizi dekabr ayında təqdim etmək istəyirdik, amma "Xoxan", "My name is İntiqam" o ərəfələrdə nümayiş olundu. Ona görə qərara aldıq ki, nə onlar bizə, nə də biz onlara mane olmayaq. Planlı şəkildə biz filmi mart ayında təqdim etdik və bizim üçün uğurlu ay oldu. "Ay brilliant"a 70 min tamaşaçı baxdı. Təəssüf edirəm ki, aprel ayında bazara çıxan yerli komediyaların əksəriyyəti uğursuzluqla nəticələnib".

Nərmin


Müəllif: