28 Oktyabr 2015 16:42
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir yeni və fərqli yozumlu tamaşanın məşqlərinə start verilib.

Teatrın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, teatrda tanınmış rus uşaq yazıçısı Vladimir İlyuxovun ikihissəli “Oyaq gözəl” pyesi əsasında eyniadlı tamaşa hazırlanır. Yazıçı pyesi fransız yazıçısı Şarl Perronun “Yatmış gözəl” nağılından bəhrələnərək qələmə alıb.

Teatrın gənc rejissoru Anar Məmmədovun quruluşunda hazırlanan səhnə əsərinin əsas qayəsini böyükləri dinləmək, qəhrəmanlıq, güclə ağlın bərabərliyi və məntiqə əsaslanmaqla bütün maneələrdən keçmənin mümkünlüyü təşkil edir.

Komik elementlərlə zəngin nağıl-tamaşa müasir üslubda hazırlandığından burada dövrün uşaqlarının yaxından tanıdığı və sevdiyi nağıl qəhrəmanlarının sintezinə nail olunub.

Uşaqlara dostluq, qəhrəmanlıq, qorxmazlıq, haqsızlığa qarşı mübarizə, çeviklik və məqsədyönlülük kimi keyfiyyətləri ayrı-ayrı situasiyalarla təqdim edən tamaşada canlı plan və kukla oyunu vəhdətdə təqdim edilir.

Noyabrın sonuncu həftəsində premyerası reallaşacaq tamaşanın bəstəkarı əməkdar incəsənət xadimi Cahangir Zülfüqarov, rəssamı Əfşan Əsədovadır.

Tamaşada əsas rolları Cəmilə Allahverdiyeva, Rəhilə İbadova, Elnarə Hacıyeva, Elnur Xəlilov, Cavid Telman və Araz Həsənov ifa edirlər.

Nərmin


Müəllif: