21 May 2016 15:02
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seriallar yeni çəkilməyə başlayanda onu efirlərdə tez-tez görürdük. Verilişlərdə qalmaqallı açıqlamaların müəllifi də məhz o olurdu. Söhbət Milli Akademik Dram Teatrının aktrisası, əməkdar artist Mehriban Xanlarovadan gedir...

-Mehriban xanım, başınız qalmaqallardan, qadağalardan açılmır. ATV-nin prezidenti Vüqar Qaradağlının efirlə bağlı sizə qoyduğu qadağa ilə məsələsi nə yerdədir?

-Bu məsələ ilə əlaqədar bu yaxınlarda böyük səs-küyə səbəb olacaq mətbuat konfransı keçirəcəm. Yuxarı rəsmi orqanlara müraciət edəcəm. Ya mən Azərbaycanı tərk edəcəm, ya da Vüqar Qaradağlı deməlidir ki, mən niyə efirə buraxılmıram. Onun hansı bostanına daş atmışam, desin. Niyə vaxtilə Mehriban Xanlarova həmin telekanalın əksər verilişlərinə, ən çox da Zaurun verilişinə çağırılırdı, reytinq gətirirdi, indi çağırılmır.

İndi aparıcılar qorxularında səs çıxara bilmirlər. Elə bilirsiniz ki, onlar məni çəkmək, göstərmək istəmirlər? Xeyr, istəyirlər, sadəcə rəhbərlik icazə verməyəndən sonra təklif edə bilmirlər.

Daha öncə dediyim kimi, Vüqar Qaradağlı məni həmin kanalda nümayiş olunan serialın aktyor heyətindən də çıxartdırıb. O mənim çörəyimlə oynayıb. Niyə, Vüqar Qaradağlı? De, bilim.

-Sizə qarşı bu münasibətin kökündə nəyin dayandığını həqiqətən bilmirsiniz? Heç təxmin də etmirsiniz?

-Doğurdan da məsələnin kökündə nəyin dayandığını bilmirəm. Bəlkə mən bir müddət ANS-in efirinə çıxdım, sonra Space-in “Üz-üzə” verilişində göründüm, budurmu səbəb, bilmirəm.

-Məsələni aydınlaşdırmaq üçün Vüqar Qaradağlı ilə görüşmüsünüzmü?

-Mətbuata bu haqda açıqlama vermədən qəbuluna getmişdim. Yalandan gah dedilər ki, yerində yoxdur, gah dedilər işləri çoxdur. Qəbul eləmir, eləməsin. Allah canını sağ eləsin.

-Bu qadağa çoxdan davam edir?

-İki ildir mən o telekanalda efirə çıxmıram.

-Hazırda sən işlə məşğulsunuz? Başqa seriallardan təkliflər alırsınızmı?

-İndi Dünya TV-də yayımlanan “Sirrimiz qalmasın” verilişinin aparıcısıyam, ondan başqa qarşıda yeni televiziya layihəsi olacaq. Tahir və Cabir qardaşlarının filmində çəkilmişəm. Filmin sentyabr ayında təqdim olunması gözlənilir.

-Elə aktrisa və aktyorlar var ki, ona gələn bütün rol təkliflərini qəbul edir. Siz necə?

-Mən hər təklifi qəbul etmək istəmirəm. İstəyirəm yaxşı, maraqlı obraz yaradım. Özümü tərifləmək çıxmasın, mən yaratdığım obrazların bir-birinə bənzəməsini istəmirəm. İndiyə qədər çəkildiyim film və seriallara baxsanız, bunu görə bilərsiniz.

-Amma adətən, rejissorlar bir aktyoru hansı biçimdə görürlərsə, ona elə o səpkili rollar təklif edirlər.

-Bu fikrinizlə tamamilə razıyam. Mənə ən çox mənfi psixoloji rollar həvalə olunur. Amma baxın, “Toy gecəsi” və “Məhkumlar” seriallarında yaratdığım obrazlar arasında necə fərqlər var...

İndi seriala baxırsan, ad çəkmədən deyəcəm, görürsən ki, aktrisa burda da eyni saç düzümündədir, orda da. Sizcə, bu nə dərəcədə düzgündür? İnsan əz azından özündə dəyişiklik axtarar. Çox aktrisalar makiyajsız çəkilməkdən ehtiyat edir. Amma mən efirə gözümə eynək də taxıb çıxmışam. Aktrisalarımızın çoxu komplekslidir. Kompleksi olan aktrisa heç vaxt yaxşı nəsə göstərə bilməz.

-Çəkinizlə bağlı problem yoxdur ki?

-Məni həyatda görən adamlar deyirlər ki, elə bilirdik kök və yaşlısınız. Amma həyatda elə deyilsiniz. Çəkimə hər zaman fikir verirəm. Ümumiyyətlə, aktrisa çəki baxımından özünü tənzimləməlidir, çünki milyonların qarşısına çıxır. Nəfsi saxlamaq lazımdır.

-Bir müddət əvvəl sizinlə söhbət edəndə demişdiniz ki, daha seriallara çəkilməyəcəksiniz, çünki indiki durumda prodüser və rejissorlar aktyorlara çox az qonorar ödəyir. İndi çəkilmək istəyirsiniz. Yoxsa qonorarı artıra bilmisiniz?

-İndi aparıcı da gəlib rol oynayır, müğənni də rol oynayır. Sizcə, bu işdə keyfiyyət olar? Ay balam, sənin peşən aparıcıdır, yoxsa aktrisa? Yaxud müğənnisən, yoxsa aktrisa? Mənim bu işdən başım çıxmır.

Əksər serial rejissorları peşəkar aktyor-aktrisaları yetərincə qiymətləndirmirlər. Peşəkar aktyora hansısa rolu həvalə edirsənsə, bunun üçün ona yaxşı pul vermək lazımdır.

Ölkə rəhbərliyi serialların çəkilməsi üçün bu qədər pulu nahaq yerə ayırmayıb. Gərək gözəl seriallar çəkilsin, biz aktyor və aktrisalar ac qalmayaq, evimizə çörək aparaq. Amma istehsalçılar pul az xərclənsin deyə öz tanışlarını çəkirlər.

-Teatrda işləriniz necə gedir? Yeni rəhbərliklə yola gedirsinizmi?

-Hələ kobra Mehriban susur. Bir az gözləyək (gülür). Mənə bir az vaxt verin, sonra danışacam.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər