26 Aprel 2019 09:21
1 870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm dünyasından qadınların kişilərə görə daha geridə olduğu düşünülür. Onu da etiraf etməliyik ki, çoxumuz qadın elm adamları haqda az bilgiyə sahibik. Lakin öz kəşfləri ilə elm dünyasına və tarixə öz damğasını vurmuş kifayət qədər qadın var.

Teleqraf.com belə məşhur qadınlardan bir neçəsini təqdim edir.

Mariya Küri

1867-1934-cü illərdə yaşayan polyak əsilli kimyaçı və fizik Mariya Küri “Madam Küri” adı ilə tanınırdı.

Uran üzərindəki təcrübələri ilə radioaktivliyi kəşf edən Küri bundan başqa, toriumun radioaktivlik xüsusiyyətini kəşf edib və radium elementini ayırıb.

1903-cü ildə fizika üzrə, 1911-ci ildə isə kimya üzrə Nobel mükafatlarına layiq görülüb. Madam Küri Nobel alan ilk qadındır və iki dəfə bu mükafata layiq görülmüş yeganə qadın elm adamıdır.

Ada Lavleys

1815-1852-ci illərdə yaşamış ingilis riyaziyyatçı və yazarıdır. Əsasən, Çarlz Babbicin ixtira etdiyi hesablama maşını (“Analitik mühərrik”) üçün proqram yazması ilə tanınır.

Bu, tarixdə hesablama maşını üçün yazılmış ilk proqramdır. Buna görə dünyanın ilk kompüter proqramçısı sayılır.

Joselin Bell Bernell

1943-cü ildə Şimali İrandiyada doğulub. Astrofizikaçı və pulsarı (neytron ulduzu) kəşf edən qadındır.

Bundan başqa, böyük bir radio teleskopun hazırlanmasında iştirak edən Bernell pulsarların yaydığı radio siqnalların araşdırılması ilə məğul olub.

Reyçel Karson

1907-1964-cü illərdə yaşamış amerikalı Reyçel Karson yayımladığı “Səssiz Bahar” adlı kitabı ilə dünyada ekoloji hərəkatı başladan və DDT adlı bir həşarat dərmanının zərərli olduğunu sübut edən elm adamıdır.

Reyçel DDT adlanan maddəni ölən quşların yumurtalarına baxaraq kəşf edib.

Karson dünya miqyasında ekoloji şüurun formalaşdıran elm adamı kimi tanınır.

Rozalind Franklin

1920-1958-ci illərdə yaşamış Rozalind Franklin DNT, virus, kömür və qrafitin quruluşlarının izah edilməsində böyük fəaliyyəti olan ingilis biofizikaçı və kristalloqrafiya mütəxəssisidir.

Əsasən Vatson və Krikin DNT-nin quruluşunun kəşf etməsindən əvvəl X-rentgen diffraksiyası işi və irəli sürdüyü hipotezlərlə tanınıb. Habelə mozaika və polio virusları ilə bağlı araşdırmaları ilə diqqət çəkib.

Doroti Xockin

1910-1994-cü illərdə yaşamış Doroti Xockin protein kristalloqrafiyası adlı elm sahəsinin qurucusu olan ingilis elm adamıdır.

Biomolekulların üç ölçülü quruluşlarının öyrənilməsi üçün rentgen kristalloqrafiyası texnikasını irəli sürüb. Ən önəmli işləri xolesterol, penisilin, B12 vitamini və insulinin molekulyar quruluşlarının kəşfidir.

B12 vitamini işinə görə, 1964-cü ildə kimya sahəsində Nobel mükafatına layiq görülüb.

Mari Somervill

1780-1872-ci illərdə yaşamış şotland elm yazarı və polimatdır. Astronomiya sahəsindəki işlərinə görə Karolin Herşellə birlikdə Kraliyyət Astronomiya Cəmiyyətinə qəbul edilən ilk iki qadın üzvdən biri olan Somervill bundan başqa riyaziyyat sahəsində fəaliyyətləri ilə tanınıb.

Karolin Herşel

1750-1848-ci illərdə yaşamış alman əsilli ingilis astonomudur. Bəzi quyruqlu ulduzların kəşf edilməsi onun adı ilə bağlıdır. Bunların arasında öz adını daşıyan periodik quyruqlu ulduz “35P/Herschel-Rigollet”nin kəşfi önəmlidir.

Hipatiya

370-415-cü illərdə yaşamış Hipatiya yunan filosofu, riyaziyyatçısı və astonomudur. Yeni Plantonçuluq təliminə bağlı olan Hipatiya Afina Akademiyasının üzvü idi. O, təbiəti məntiq, riyaziyyat və təcrübələrlə izah etməyə çalışıb.

Sonya Kovalevskaya

1850-1891-ci illərdə yaşamış Sonya Rusiyanın ilk qadın riyaziyyatçısıdır.

Analiz, differensial tənliklər və mexaniki sahələrədəki kəşfləri ilə tanınıb. Şimali Avropada professor dərəcəsi alan ilk qadındır. Habelə elmi jurnalda redaktor işləmiş ilk qadındır.


Müəllif: Teleqraf.com