2 May 2019 00:14
1 407
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zədələnmiş, yanmış, nəm çəkmiş və hətta doğranmış pullar ABŞ Çap və Qraviasiya Bürosunda qanuni şəkildə mübadilə edilə bilər. Əsas şərt əskinazın 51 faizindən çoxu ABŞ valyutası kimi müəyyən edilməsidir. ABŞ Maliyyə Nazirliyinin bu bürosunun işi həm maraqlı, həm də qeyri-adidir.

ABŞ Çap və Qraviasiya Bürosunda çirkli pullar sözün əsl mənasında yuyulur. Bu, çox pis vəziyyətdə olan pullardır.

"Bura dünyada dəyəri müəyyən edə bilmədiyiniz dərəcədə zədələnmiş istənilən ABŞ valyutasını qəbul edən yeganə yerdir", Çap və Qraviasiya Bürosundan Erik Ualş deyir.

Büro işçiləri hətta doğranmış pul hissələrini belə bərpa etməyə çalışırlar.

“Ağız, burun, gözlər kimi müəyyən hissələri tapmağa çalışıram ...”, Çap və Qraviasiya Bürosundan Marvel Andervud deyir.

Büronun işçilərinin dediyinə görə, pulların əksəriyyətinə yanğın və ya daşqınlar zamanı zərər dəyib.

Belə bir hal da olub ki, mənzil bazarındakı böhrandan sonra banklara güvənməyən şəxs iki milyon dollar nağd pulu evinin qarajında saxlayıb.

"Pul paketdə saxlanıb, lakin su paketə keçib. Sahibi pulu götürəndə əskinazların bir-birinə birləşərək bərkidiyini görüb”, Çap və Qraviasiya Bürosundan Erik Ualş deyir.

Daha sonra ev heyvanları tərəfindən zədələnmiş əskinazlar da olur. Büronun işçiləri onları xilas etmək üçün əllərindən gələni edirlər.

"20 min dollar nağd pulu masanın üzərində qoysaz, it gəlib onu çeynəyər. Bəzən hətta itlər əskinazları yeyirlər. bu zaman biz pul sahiblərindən bir neçə gün gözləməyi və pulun itin bədənindən təbii yolla çıxmasını gözləməyi və yuyb bizə gətirməyi məsləhət veririk,” Çap və Qraviasiya Bürosundan Erik Ualş deyir.

Ualş 11 sentyabr hadisələri, Katrina qasırğası, Kaliforniya meşə yanğınları zamanı zədələnmiş əskinazlarla işləyib. Onilliklər əvvəl o, maraqlı bir hadisə ilə işləməli olub.

"80-ci illərin əvvəllərində bir fermer tarlada portmanını itirir. O, inəyinin portmanı yediyini bilir. Biz hər zaman insanlara pullara artıq zədə olmasın deyə, əskinazları bizə original bağlamalarında göndərməyi məsləhət görürük. Beləliklə, o əskinazları bizə inəyin qarnında göndərib, burada işləyənlər çox maraqlı vəziyyətə düşmüşdülər,” Erik Ualş deyir.

O zamandan bəri qəbul prosesi daha spesifik olub.

"Biz, adətən, ildə təxminən 24 min ərizə alırıq və 40 milyon dollardan bir az çox kompensasiya ödəyirik,” Çap və Qraviasiya Bürosundan Erik Ualş deyir.

İstənilən şəxs zədələnmiş pulları ya poçtla göndərə, ya da şəxsən gətirə bilər.

Əskinazın ən azı 51 faizi bərpa olunubsa, o, yenisi ilə əvəz olunur. Köhnə, zədələnmiş əskinaz dövriyyədən çıxarılır.

/Amerikanın səsi/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər