22 Dekabr 2021 09:05
2 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada Şeytan Kilsəsini quran ilk şəxs odur. Özünü qara papa elan edərək, “Şeytan İncili”ni yazmışdı. Bu gün də bu kilsə və on minlərlə ardıcılı var. Anton Şandor Lavey “dünya şeytanları”nın ən məşhuru sayılır. Onu “Şeytanların ən məsumu” adlandıranlar da var. Bu da təsadüfi deyil, çünki “qurban kəsmə” ənənəsinə etiraz etmiş, pedofiliya, zorlama və qətli “müasir sivilizasiyaya uyğun gəlməyən zərərli və lazımsız davranışlar” adlandırmışdı. Bütün bunlara baxmayaraq, ölənədək xristian kilsəsinin hədəfində idi.

Lavey və ardıcıllarının məqsədi güc toplayıb qaranlığa çatmaq və qaranlıq güc (Şeytan) yaratmaq idi.

Qəribə bir təsadüfdür ki, öz dinini “Cadugərlər gecəsi” elan edən bu insan “Cadugərlər bayramı” – Halloven günlərində vəfat edib.

Əsl Şeytan

Anton Şandor Lavey 1930-cu il aprelin 11-də Çikaqo şəhərində anadan olub. Valideynləri onun musiqiçi olmağını istəmişdilər. Buna görə də özünü əvvəlcə bu sahədə sınamışdı: onun sevimliləri piano və akkordeon idi. Skripka və qoboy da ifa edə bildiyi alətlər arasındaydı. Hətta o illərdə baptist kilsəsində piano da ifa etmişdi.

On altı yaşınadək Mill-Vellidə Tamallais liseyində oxuyub. Amma oxumağın daşını ataraq sirk və karnavallara qatılmağa üstünlük vermişdi. Əvvəlcə qəfəslərdə böyük pişiklərlə oynayan gənc oğlan, daha sonra kalliop ifa edən musiqiçi kimi tanınmışdı.

Özünün iddiasına görə, eyni adamların çoxunun şənbə günü gecə şoularına, səhərlər isə kilsələrə getdiyini görüb, bu da getdikcə onun dinə qarşı kinini artırıb. “Şeytan İncili”nin alman dilindəki nəşrinə yazdığı ön sözdə bunu Xristian dininə qarşı onu müxalif mövqeyə itələyən təkan kimi göstərir. Lavey burada kilsəyə gedənlərin niyə ikili əxlaqi anlayışlara malik olmalarına etiraz edir.

Bununla belə, amerikalı jurnalist Lourens Rayt Laveyin keçmişini araşdırıb və heç bir sübut tapmayıb ki, o, nə vaxtsa sirkdə işləyib. Gerçəyin necə olmasından asılı olmayaraq, Lavey insanın “əsl Şeytan” olduğuna, Şeytanın qorxunc qüvvə olmadığına inanmışdı.

Müharibədən qaçmaq

Lavey 1948-ci ilin qışında barlarda, əyləncə salonları və gecə klublarında orqan ifaçısı kimi işləməyə başlamışdı. İstedadı ona gələn konsert təkliflərini artırmışdı. Los-Ancelesdəki burlesk evlərində orqan ifa etdiyi vaxtlarda Maya Teatrında tanış olduğu Merilin Monro ilə qısa münasibətdə olduğu iddia edilib. Onun bu teatrda çıxış etdiyi deyilib. Amma bu iddia Monronu tanıyanlar, eləcə də Mayanın rəhbəri Pol Valentin tərəfindən təkzib olunub. Pol Laveyin heç vaxt onun teatrında çıxış etmədiyini bildirib.

Lavey həmin günlərdə San-Fransiskoya köçüb. Bura gəldikdən sonra bir müddət San-Fransisko Balet Orkestrində qoboyçu kimi çalışıb. 1950-ci ildə Kerol Linsinqlə tanış olub. Onlar növbəti il, Linsinq on beş yaşında olanda evləniblər. Linsinq Laveyin 1952-ci il təvəllüdlü ilk qızı Karla Laveyi dünyaya gətirib. Lavey Koreya müharibəsindən qaçmaq üçün San-Fransisko Şəhər Kollecində kriminologiya üzrə təhsil alıb. Buranı bitirdikdən sonra üç il işlədiyi San Fransisko Polis Departamentində (SFPD) fotoqraf kimi işə düzəlib. Eyni zamanda, burada müstəntiq kimi fəaliyyət göstərdiyi iddia olunub. Bioqraflar isə Laveyin SFPD-da işlədiyi iddiasını təsdiq edən heç bir fakt tapmayıblar.

Lavey bu dövrdə “Weird Tales” jurnalı üçün yazan bir sıra məşhur müəlliflərlə dostlaşmışdı. Onun Corc Haas, Robert Barbur Conson və Klark Eşton Smitlə şəkli Blanş Bartonun “Satanistlərin sirri” kitabında yer alıb.

Lavey Dayan Heqartinin cazibəsinə düşdükdən sonra Kerolla boşandı. Heqarti və Lavey heç vaxt evlənmədi. Amma iyirmi dörd il birgə yaşayıblar. Heqarti Laveyin ikinci qızı Zena Qalateya Şrekin anasıdır. Heqarti münasibətlərinin sonunda Laveyi məhkəməyə vermişdi.

Şeytan kilsəsi

Lavey paranormal tədqiqatları və orqan ifaçısı kimi canlı çıxışları, o cümlədən “Lost Weekend” barındakı ifaları ilə San-Fransiskoda məşhurlaşmışdı. Cəmiyyətin diqqətini özünə çəkən fiqura çevrilmişdi. Zoltan adlı qara bəbirini küçələrdə gəzdirmək kimi qəribə davranışları da ona olan marağı artırırmışdı. Lavey o günlərdə təşkil etdiyi əyləncə partilərinə San-Fransiskonun bir çox tanınmış simalarını cəlb etdi. Onlar arasında Karin de Plessen, Maykl Harner, Çester Artur, Forrest Akkerman, Fritz Leyber, Sesil Nikson və Kennet Enqer vardı. Lavey daha sonra Şeytan kilsəsinin rəhbər orqanına çevrilən “Trapesiya ordeni” adlı dərnək qurdu.

Lavey cümə günləri gecə saatlarında okkultizm və rituallar haqqında mühazirələr deməyə başladı. Əslində, o, bununla yeni dinin əsasını qoymuşdu. 1966-cı il aprelin 30-da “Cadugərlər gecəsi” (“Valpurgiev gecəsi”) keçirdiyi ritualda qədim cəlladların ənənəsinə uyğun olaraq başını keçəl qırxdırdı və Şeytan kilsəsinin qurulduğunu açıqladı, 1966-cı ili isə “Birinci il” elan etdi. Şeytan kilsəsinin açılışına Amerikanın sayılıb-seçilən insanları da qatılmışdı. Lavey oradakı çıxışında normal xristian kilsələrinin magikal formulunun olmadığını və dünyəvi uğurun sirlərini insanlara verə bilmədiyini demişdi.

O gecə Şeytanın dünyada başlayan hökmranlıq dövrünün birinci ili kimi qəbul olundu. Amma sonradan iddia olundu ki, Lavey əslində o gün mərcdə uduzduğu üçün saçını qırxdırıb və bunu gizlətmək üçün “qədim cəlladlar” hekayəsini uydurub.

Baş verənlərdən sonra telekanallar və nəşrlər Anton Şandor Lavey obrazını “Mefistofel” kimi təsvir etməyə başlamışdı. 1967-ci il fevralın 1-də jurnalist Con Reymondla Cudit Keysin Nyu-Yorkda baş tutan şeytani toy mərasimi bir anda media və cəmiyyətdə şok effekti yaratdı. “Los Angeles Times” və “San Francisco Chronicle” kimi nəşrlər bu olaydan sonra onun “Qara papa” adlandırıldığı məqalələr çap etdilər.

Lavey Şeytan vəftizləri həyata keçirməyə başlamışdı. Tarixdə ilk Şeytan vəftizini üç yaşlı qızı Zena üçün keçirmişdi. Eyni zamanda, xrom çəkməli və dəbilqəli fəxri qarovulun müşayiəti ilə gəmi kapitanı Edvard Olsen üçün şeytani dəfn mərasimi təşkil etmişdi. Bütün bunlar onu bütün dünyada məşhurlaşdırdı. “The Satanic Maas” adlı rekord sayda satılan albomunu da həmin günlərdə buraxmışdı.

Qara ev

Lavey 1960-cı illərin sonu-1970-ci illərin əvvəllərində Fridrix Nitsşe, Ayn Rand, Anri Menken və sosial darvinizmin ideoloji prinsiplərini Şeytan kilsəsinin ideologiyası və ritual təcrübələri ilə birləşdirdi. Bu prinsipləri əsasında “Şeytanın cadusu” və “Şeytanın ritualları” kitablarını və esselər yazdı. “Şeytanın cadusu” kitabını Raqnar Redbirdsin “Güclü olan doğrudur” əsərindən istifadə edərək qələmə almışdı. Demək olar ki, bu kitabı yenidən işləmişdi. Raqnarın kitabından istifadə etdiyini etiraf edən Lavey bunu “Mənə dərindən çatmış bir yazıçını ölümsüzləşdirmək” üçün etdiyini demişdi.

1972-ci ildə ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Laveyin San-Fransiskodakı “Qara ev”inə giriş-çıxışı məhdudlaşdırdı. Bundan sonra Lavey və müridləri “yeraltı mağaralar”a çəkildilər. 1975-ci ilin əvvəlində isə öz kilsəsinə qoşulanlara daha böyük pullar müqabilində daha yüksək dərəcələrin verilə biləcəyini bildirdi. 1975-ci ilin iyununda Şeytan kilsəsinin nəşrinin redaktoru Maykl Akino buranı tərk etdi və naməlum sayda üzvü özü ilə apararaq, teist Set məbədini qurdu. Laveyin özü isə bunu “Şeytan fəlsəfəsini başa düşməyənləri onun evindən təmizləmək” adlandırmışdı.

FTB 1980-ci ildə Ted Kennedi sui-qəsdi ilə bağlı Laveyi dindirdi. Lavey ifadəsində özünün və kilsənin ardıcıllarının əksəriyyətinin “fanatiklər, kultistlər və naməlumlar” olduğunu dedi. FTB isə onu şəxsi mənfəəti və daha çox pul qazanmaq naminə Şeytan kilsəsi qurmaqda ittiham etdi.

Heqarti 1984-cü ilin iyulunda Laveydən ayrıldı və təzminat almaq üçün onu məhkəməyə verdi. Amma o, bune etiraz etmədi. Laveyin üçüncü və son həyat yoldaşı Blanş Barton idi. Satan Xerxes Krnaki Lavey Blanşdan dünyaya gəlib. Barton ölümündən sonra Laveyi kilsənin başçısı kimi əvəz edib. Amma sonra buradan ayrılaraq yerini o vaxtdan bəri Şeytan kilsəsinin başçısı olan Piter Gilmora verdi.

Anton Şandor Lavey 1997-ci il oktyabrın 29-da San-Fransiskoda Müqəddəs Məryəm Tibb Mərkəzində ağciyər çatışmazlığı səbəbindən vəfat edib. Ən yaxın xəstəxana olduğu üçün onu katolik xəstəxanası olan Müqəddəs Məryəm Mərkəzinə aparmışdılar. Kolmada gizli şeytani dəfn mərasimi keçirildikdən sonra cəsədi yandırılıb.

Laveyin sirri

Lavey yezidilər və məbəd cəngavərlərinin XX əsrədək davam edən şeytani ənənənin daşıyıcıları olduğunu iddia edərək, yazılarına digər ezoterik və dini icmalara istinadlar da daxil etmişdi. Satanizm araşdırmaçısı Per Faksneld bu istinadların ironik olduğuna inanır. Lavey yaşlı ezoterikləri məsxərəyə qoysa da, onların gördükləri işlərə inanmışdı. Məsələn, “Şeytan İncili”ndə Con Dinin enoxian sistemindən istifadə etmişdi.

Lavey özünün ilk həqiqi Şeytan cəmiyyətinin qurucusu olduğuna və bu dinin peyğəmbəri olduğuna inanmışdı. Bir çox sui-qəsdlərdə adı hallansa da, qanuna və nizama münasibətdə mühafizəkar idi və narkotik istifadəsinin əleyhinəydi. O, yevgenikanı dəstəkləmiş və gələcəkdə bunun zərurət olacağına inanmışdı. Lavey “Şeytan” ifadəsi yer alan və ya almayan rok-metal musiqiyə nifrət edirdi. Bir iddiası da, Qafqaz kökənli ailədən gəlməsi ilə bağlıydı.

Satanizm tarixçisi Qaret Meduey onu “Maqnit təsirinə malik rəngli fiqur” adlandırıb. Satanizmin akademik alimləri Per Faksneld və Kasper Petersen onu “Satanist cəmiyyətin ən ikonik şəxsiyyəti”, Asbörn Direndel isə Laveyi “Müasir satanizmin banisi” kimi təsvir edib. 2001-ci ildə satanistlərlə bağlı apardığı araşdırmada sosioloq Ceyms Levis əvvəlki mütəfəkkirlərdən çox asılı olmasına baxmayaraq, Laveyin ciddi dini satanizmin yaranmasında birbaşa cavabdeh olduğunu deyib.

Onun “Şeytan İncili”, “Şeytanın məktubları, “Şeytanın gündəliyi” və “Şeytanın ritualları” kimi kitablarının Şeytan kilsəsinin üzvlərindən çox kənar insanlara təsir etdiyi bildirililir. Kitabları vasitəsilə artan nüfuzuna görə Lavey “Look”, “McCall's”, “Newsweek” və “Time” kimi nəşrlər də daxil olmaqla, bütün dünya mediasında çoxsaylı məqalələrin mövzusu olub. 1970-ci ildə “Satanis” adlı sənədli filmdə iştirak edib. Bundan başqa, Lavey Polanskinin “Rozmarinin körpəsi” filminin məsləhətçisi olduğunu və filmdə İblis rolunu oynadığını iddia etsə də, araşdırmaçılar bunların heç birinin doğru olmadığını deyiblər.

Lourens Rayt 1991-ci ildə “Rolling Stone” jurnalında dərc olunan araşdırmasında Laveyin həyatı ilə bağlı bir çox iddianın həqiqətə uyğun olmadığını yazıb. Lavey haqda iki rəsmi tərcümeyi-halı yazılıb. Bunlardan biri 1974-cü ildə Berton Vulf tərəfindən nəşr olunan “Şeytanın qisasçısı”, digəri 1990-cı ildə Blanş Bartonun imzası ilə çap olunan “Satanistlərin sirri”dir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər