19 Yanvar 2022 09:27
11 793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vampirlər haqqında ilk yazılı qeyd Nyuburqlu Uilyam tərəfindən aparılıb. XII əsrdə yaşamış Uilyam ölən insanlardan bəzilərinin gecələr insanlara hücum etmək üçün geri qayıtdıqlarından bəhs edən mətnlər yazıb. Müəllif bu mətnlərdə onları “Sanquisuqa” (qansoran) adlandırır. Bununla belə, vampirlərin tarixi çox uzaqlara - yaradılış əfsanəsi Adəm və Lilitə qədər uzanır.

Vampir mətnlərində ilk yaradılmış qadının Həvva yox, Lilit olduğu deyilir. Lilit özünü alçaldılmış hiss edir və Adəmlə eyni səviyyədə yaratması üçün Tanrıya üsyan edir. Adəm onun üsyanına biganə qalanda qəzəblənən Lilit Tanrının müqəddəs adını ucadan qışqıraraq yoxa çıxır. Lilit yoxa çıxdıqdan sonra Tanrı Həvvanı torpaq yerinə Adəmin qabırğasından yaradır.

Beləliklə, Həvva Lilit kimi üsyankar yox, sadiq olur. Lilit isə Qırmızı dənizin ətrafında bir yerdə lənətlənmiş olaraq yaşamağa davam edir. Uşaqları öz övladları Xeyirlə Şər arasındakı müharibədə öldürüldüyü kimi öldürür.

Bir vampir əfsanəsinə görə, Kayn, yəni Qabil Adəm və Həvvanın yox, Adəmlə Lilitin ilk övladıdır. Lilitlə dərin bağları olan Kayn vampirlərin birincisidir. O, qısqanclıq ucbatından öz qardaşını öldürəndə Tanrı tərəfindən lənətlənmişdi - bir daha günəşi görməyəcək və qan ehtirasının əzabını çəkəcəkdi, əbədiyyətə qədər doğulduğu torpaqlardan qovulacaqdı.

Vampir mətnlərinə görə, Kayn Liliti tapmaq üçün Qırmızı dənizə gedir və ilk qadın ona qanın gücünü göstərir.

Qandan istifadə edərək mistik qüvvələri oyatmağı və insanları qaniçən varlıqlara çevirməyi öyrənən Kayn özü kimi lənətlənmiş varlıqları dünyaya yaymağın doğru olmayacağını düşünür və öz qınına çəkilir. Amma zaman keçdikcə tənhalıq hissinə qapılır və üç nəfəri özü kimi vampirə çevirir. Zamanla üç nəfər on üç olur. Bu on üç vampir dünyanın ilk insanları arasında sərbəst gəzərək, qanla qidalanmağa başlayır.

Baş verənlərdən qəzəblənən Kayn yeni vampirlərin yaradılmasını qadağan edir. Bütün vampirləri özü ilə aparan Kayn vampirlərin və insanların sülh içində yaşadığı bir şəhər qurur. Amma sülh uzun sürmür və Kaynın yaratdığı vampirlər yenidən insan qanıyla qidalanmağa başlayır. Nəhayət, şəhər dağılır. Bu fəlakətdən sonra Kayn ilk üç uşağını itirir. Beləliklə, tarixin ən güclü vampirləri yoxa çıxır. Qalan on üç vampir isə yaşamağa davam edir.

Bu on üç vampir “Antidiluviyalılar” adlandırılır. Antediluviyalılar yeni vampirlər yaratmağa davam edirlər. Beləliklə, yeni vampir klanları ortaya çıxır və Kaynla başlayan lənət dünyanı ələ keçirməyə can atır. Zaman keçdikcə klanlar arasında güc rəqabəti və müharibələr - bu gün də davam edən “vampir cihadı” başlayır.

Vampirlərin atası

Kayn “Qaranlıq dünya” mifologiyasında ilk və ən güclü vampir hesab olunur. Bibliyaya görə, o, Adamla (Adəm) Evanın ilk oğlu və Abellə (Habil) Şetin böyük qardaşıdır. Əfsanəyə görə, Abeli öldürdüyünə və yalan danışdığına görə cəza olaraq Tanrı və mələkləri tərəfindən vampirliklə lənətlənib.

Qaniçənlərin Kamarilla ittifaqı yaranmazdan əvvəl əksər vampirlər atalarının tanınması üçün özlərini “Kaynitlər” adlandırmışdılar.

Kaynın tarixçəsinin əsas hissəsi “Nod” kitabı, “Erciyes fraqmentləri”, “Lilitian” və “Lüsiferian”da əhatə olunub. Amma bu kitablar Kaynın motivləri ilə ziddiyyət təşkil edir, bununla belə, hamısı onun qardaşı Abeli öldürdüyü ilə razılaşır. “Lüsiferian” Kaynın özünə necə bir “hədiyyə” verdiyini və bunun aldanma olduğunu təsvir edir. O, bundan istifadə edərək Abeli məhəbbətlə öldürdüyünü düşünür. Amma dini mətnlərə görə, bu, gerçək nifrət aktı idi. Tanrı buna görə onu bağışlamadı, qaranlıq dünyaya sürgünə göndərdi. Vampir aradşırmaçısı Bekket “Kayn mifologiyası”nı əkinçi və ovçu tayfaları arasında savaş kimi şərh etməsi ilə tanınır.

Nod torpaqları

Kayn adlı əkinçi Tanrıya yetişdirdiyi ən yaxşı meyvə və tərəvəzlərindən qurban verdi. Qardaşı Abel isə Tanrıya bəslədiyi ən yaxşı heyvanlardan qurban təqdim etdi. Kimin qurbanının daha yaxşı olması ilə bağlı mübahisə vardı. Əfsanəyə görə, Tanrı Abelinkini Kaynınkından üstün tutdu. Bu isə Kaynın Abeli qurbangahda öldürməsi ilə nəticələndi. Kayna görə, onun verə biləcəyi “ən yaxşı qurban” qardaşı idi. Cəza olaraq Tanrı onu lənətlədi və onu zülmət Nod ölkəsində sürgünə göndərdi.

Nod ölkəsində gəzən Kayn Lilitlə qarşılaşır. Kayn onun ətrafında havada fırlanan qara nəsnə görür. Bu, naməlum gücün əlaməti idi. Lilit daha ali varlıqları öldürmək gücünə malikdi: Adəm kimi ovlamaq yox, Yehova kimi öldürmək. Lilit Kaynı heyrətləndirdi. Çünki onda Lilitdən fərqli olaraq tanrılıq əlaməti yox idi, sadəcə kiçik bir heyvan kimi tozun içində dolaşırdı. Kaynı üşüyən və ac görən Lilit ona yardım əlini uzatdı. Özünü Adamın birinci – Kaynın atasının əsl arvadı kimi tanıtdı. Bir müddət onunla qaldıqdan sonra eşq yaşamağa başladılar. Kayn Lilitin sahib olduğu güc və sehrə malik olmaq üçün ona yalvardı. Tərəddüd içində olan Lilit bıçaqla biləyini kəsərək, öz qanını qaba tökdü və içməsi üçün Kayna verərək oyanış ritualı keçirdi.

Kayn Lilitin qanından içdikdən sonra Tanrının üç mələyi onun yanına gəlir. Hər bir mələk Kayna Abeli öldürülməsinə görə tövbə etmək şansı verir. Amma kibrli Kayn bunu rədd edir. Mikael alovdan qorxmaları üçün Kaynı və övladlarını lənətləyir. Rafael Kayn və övladlarını gün işığından qorxmaları üçün lənətləyir. Uriel isə onları zülmətə, yalnız qan içməyə və kül yeməyə məhkum edir. Beləliklə, toxunduqları hər şey yoxa çıxacaqdı. Dördüncü mələk Qabriel isə Tanrının mərhəməti ilə işığa gedən yeganə yol olan Qolkonda yolunu təklif etmək üçün peyda olur. Bundan sonra Kayn oyanır: cazibə, güc, möhkəmlik, xaos, hökmranlıq, mövcudluq kimi özəlliklərə sahib olur. Sonra Kayn Qan yolu haqqında, bütün yolların başladığı Son yoldan xəbərdar olur. Öz qüdrətindən istifadə edərək Lilitlə bütün bağlarını qırır və onu tərk edir.

Kayn yenə də tənhalıq içində Nod ölkəsini dolaşır, günahının xatirəsi onu kədərə qərq edir. Yenidən ölümlü insanlar arasında yaşamaq qərarı verəndə də bundan xoşbəxt olmur. Çünki insanlar onun kim olduğunu bilirdilər. Amma bəziləri ona sitayiş etmişdi. Nəhayət, Kayn Ubar adlı kiçik şəhərdə məskunlaşır. Məhz burada, bu Birinci Şəhərdə o, Zülmətlərin atası olur.

Zülmətlərin atası

Kayn vaxtilə Ubar adıyla tanınan şəhərdə məskunlaşmışdı. Burada Şet övladları kral Xanokun hakimiyyəti altında yaşayırdılar. Ubar sakinləri Kaynın əlamətlərindən xəbərdar idilər. Bu onları həm heyrətləndirir, həm də qorxdurdi. Buna görə də ona sitayiş etməyə gəldilər. Kayn şəhərə çatan kimi Xanok taxtından əl çəkərək, öz yerini ona verdi.

“Toreador” əfsanəsinə görə, ölümlülər arasında olan Kayn bir-birinə çox aşiq olan bir cütlüyü görür. Onların məhəbbətini görmək yalnızlığını və günahkarlığını daha da artırır. Kayn öz günahı üstündə çox düşündükdən sonra onları ölümsüzlük hədiyyəsi ilə qucaqladı ki, sevgiləri əbədiyyətə qədər yaşasın. Amma bundan sonra aşiqlər anladılar ki, uşaq sahibi ola bilməyəcəklər. Ümidsizlik içində ölümlərinə - Günəş işığına doğru addımlamağa başlayırlar. Kayn bu hadisədən o qədər sarsılır ki, hər kəsə onların adlarını çəkməyi qadağan edir.

Keçmiş kral Xanok Kayndan güc istədi. Amma Kayn illər əvvəl vampirə çevirmək üçün qucaqladığı aşiqləri itirdiyinə və Urielin xəbərdarlığına görə bir qədər tərəddüd etdi. Kayn içindəki heyvan hiddəti ilə onun kimi olmaq arzusuyla ona yalvararaq güc istəyən Xanoku qucaqladı və onu gənc vampirə çevirdi. Yeni tapdığı vampir övladının şərəfinə Kayn Ubar şəhərinə Xanokun adını verdi.

Bir müddət sonra Xanok özünə qohumlar arzulamağa başladı. Xanokun təkidi ilə Kayn onun övladı İrodu qucaqladı və ona başqalarından fərqli güc verdi. İrod beləliklə Kaynın sağ qolu, ordu komandanı oldu. Tezliklə Zilla da onun ardınca gəldi.

Zilla o qədər gözəl idi ki, Kayn onu yenidən qucaqlamaq istəyirdi. Amma Zilla ona qarşı çox soyuqdu. Bu, Kaynı o qədər məyus etdi ki, kədərdən saçını yolmağa başladı. Zillanın onu arzulaması üçün hər şeyi etdi. Bununla belə, ona sahib ola bilmirdi. Nəhayət, Kayn Kronun sehrini axtardı. Bununla Zillanı qan bağına bağlamaq istəyirdi. Buna görə də Kronu özünü qucaqlamağa məcbur etdi. Kron qanının başqalarını bağlamaq gücünə malik olacağını söylədi. Qan bağının kəşfi ilə, nəhayət, Zilla ağası Kaynla evlənməyə razılıq verdi.

Kayn bunun müqabilində bir il Kronun köləsi oldu. Bununla belə, bu müddət ərzində bir daha Kronun qanından içmədi. Bir gecə qorxunc yuxular gördüyünü deyərək onu aldatdı və Krondan doğulan övladının onun qanına şəhvət bəsləyəcəyindən qorxdu. Kayn öz vampir nəslindən qorunmaq üçün Krondan gizli bilik istədi və onun yalvarışlarına cavab olaraq Kron sincab ağacının altına getdi və orada bədəninin bir hissəsini kəsərək onu payaya çevirdi. Kayna dedi ki, onu sakitləşdirmək üçün bu payanı uşağın ürəyinə sancsın. Kayn Krona təşəkkür etdi və payanı onun ürəyinə sancaraq, qan bağını qırdı. Onun soyuq, qurumuş dodaqlarından öpdü və günəşin doğuşunda onu tərk etdi.

Xanok şəhərində bir yerdə yaşayan üç ikinci vampir nəsli gənc vardı: Xanok, İrod və Zilla. Onlar da nəsil yaratmağın yollarını öyrəndilər və üçüncü nəsli yaratdılar. Bundan sonra Kaynın əmri ilə vampir uşaqlar yaratmaq qadağan olundu. Onlar Kayna - birinci vampirə itaət etdiklərini desələr də, şəhər əsrlər boyu vampirlərin birinci şəhərinə çevrildi.

Şəhər Kaynın bura gətirdiyi yeniliklər sayəsində çiçəkləndi, təsərrüfat inkişaf etdi. O, sivilizasiyanın beşiyində dolaşaraq şəhərə Şumer texnologiyasını, yəni çarxı gətirdi. Həyatının çox hissəsini əkinçiliklə məşğul olan Kayn heyrətamiz və mükəmməl bağlar salmışdı. Onun hakimiyyəti altında şəhər çiçəkləndi və Xanok qüdrətli imperiyaya çevrildi. Üçüncü nəsil - antidiluviyalılar Kaynın fil sümüyündən hazırlanmış taxtından idarə etdiyi şəhərdə nəhəng sarayı əhatə edən heykəllər, məbədlər, kitabxanalar və hovuzlar tikdilər.

Böyük sel hər şeyi dəyişdi - Xanok şəhərini və bütün Şet övladlarını məhv etdi. Kayn ümidsizlik içində yoxa çıxdı. Sağ qalan övladı və nəvəsi onu axtardı. Tapanda Kayn onlara getmələrini söylədi. Təkbaşına buraxılan antediluviyalılar Kaynın ikinci nəslini öldürdülər. Kayn nə baş verdiyini biləndə İkinci Şəhəri quran antidiluviyalıları axtardı. Zülmətlərin atası onları lənətlədi.

Kaynın dönüşü

Noddist mifologiyaya görə, Kayn axır zamanda antediluviyalılar və onların nəslindən olan bütün vampirləri mühakimə etmək üçün qayıdacaq. Bu hadisə bütün vampirlərin sonu - Gehenna kimi tanınır. Yenə bu mifologiyaya görə, Kayn zərər görsə, zərər yeddi qat geri qaytarılır.

XIII əsrdə Kayn Avropada hörmətlə yad edilirdi. Kaynitlər orta əsrlərdə onun varlığını Tanrının varlığının sübutu kimi görürdülər. Çünki Kaynı lənətləyə bilən yeganə güc Tanrı idi. Mifə görə, Kayn heç vaxt rahatlıq tapmayan, Qiyamət gününü gözləyən və bir gün lənətindən qurtulacağına ümid edən sərgərdandır. Eyni zamanda, qəzəbli Kayn nəslinin günahlarını biblikal intiqamla mühakimə edəcək, zülmətə bürünmüş min il ərzində onların üzərində hökmranlıq edəcək.

Noddistlərə görə isə Kayn öz nəslini məhv edən, mühakimə edən şər tanrısıdır. Başqa bir əfsanəyə görə isə Kayn peşmandır və əsrlərdir çıxış yolu axtarır. Demək olar, bütün miflərdə isə Kayn Tanrıya üsyan edən və onun mərhəmətindən, verdiyi şanslardan imtina edən ilk insan kimi təsvir olunur. Eləcə də ilk cinayətkar kimi...


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər