18 İyul 2016 14:30
4 485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyasi ekspert Zərdüşt Əlizadə Türkiyədə baş verən dövlət çevrilişinə cəhdlə bağlı Teleqraf.com-a müsahibə verib. Müsahibəni təqdim edirik:

- Zərdüşt bəy, Türkiyədə baş verən son hadisələri necə qiymətləndirirsiniz?

- Çox qəribə çevriliş idi. Türk ordusu yüksək keyfiyyəti, hazırlığı ilə, o cümlədən əməliyyatların planlaşdırılması sahəsində yüksək peşəkarlığı ilə fərqlənən ordudur. Və ordunun belə yarıtmaz, belə səfeh bir şəkildə çevriliş hazırlaması mənə inandırıcı gəlmir. Məlum məsələdir ki, türk ordusu bir neçə çevriliş eləmişdi. Bu sahədə özünün də təcrübəsi vardı, dünya təcrübəsi də mövcuddur. Elə bir neçə il bundan əvvəl Misir ordusu prezident Məhəmməd Mursini devirmişdi. Bütün bu çevrilişlərdə bir sadə ssenari işləyir. Yəni, ilk hədəf dövlət başçısı olur, o götürüləndən sonra bütün rejim başsız qalır və ordu asanlıqla hakimiyyəti götürür. İkincisi, qiyamın mütləq lideri olur və qiyamın lideri kimliyini əvvəlcədən bildirir. Türkiyədəki çevriliş hadisəsində çox qəribə hadisə baş verdi.

“Əl-Cəzirə” kanalının dediyinə görə, Ərdoğan Marmarisdəki hotelindən çevrilişdən bir neçə dəqiqə əvvəl çıxıb, təyyarəyə minib, İstanbula uçub. İstanbula uçuş zamanı onu iki ədəd ona sadiq qırıcı təyyarə müşayiət edib. Uçuş əsnasında – bir qədər qiyamçıların idarə etdiyi iki qırıcı təyyarə də onlara qoşulub. Amma bu qırıcılar prezidentin təyyarəsini vurub salmayıblar. O da enəndən sonra əhaliyə müraciət edib və islamçılar, mollalar demokratiyanın müdafiəsinə qalxıb. Məscidləri açıblar, camaat tökülüşüb küçəyə. “Allahu-əkbər” nidası, dəvəti ilə başlayıblar Konstitusiyanı və demokratiyanı müdafiə etməyə. Çevrilişin rəhbəri də özünü elan etməyib. İstefaya, təqaüdə çıxmış, ehtiyata buraxılmış hansısa polkovnik, hansısa iki ordu komandanı, ordu generalı... Bunlar da heç özləri elan edə bilmirlər. İndi yəqin ki, məhkəmədə and-aman edəcəklər ki, a kişilər, bizim çevrilişlə heç bir əlaqəmiz yoxdur. Amma təyin olunublar da. Biz bilirik ki, siyasətdə belə şeylər olur. Görünür, burda da belə bir haldır. “Kimə xeyirdir” sualı da yarananda təbii ki, bu çevrilişdən sonra Ərdoğan xeyli gücləndi. Tank kimi bütün siyasi rəqiblərinin üstündən keçəcək. Amma bu, son nəticədə Türkiyənin böyük itkilərinə gətirəcək.

- Bu çevriliş aktı kimə lazım idi?

- Qədim Romada belə bir qayda var idi; onlar deyirdilər ki, çevrilişi kimin etdiyi bilinməyəndə kimə xeyir etdiyini soruş. Mən görürəm ki, bu çevriliş cəhdi Ərdoğana çox xeyirdir.

- Sizcə, çevriliş cəhdinin Fəthullah Gülənlə əlaqəsi varmı?

- 11 sentyabr olayından sonra Amerika dedi ki, bunu Əfqanıstanda, Tora-Bora mağarasında oturan Üsəma bin Laden təşkil edib. Bu, çox gülünc iddiadır. Heç bir Üsəma bin Laden belə mürəkkəb əməliyyatı təşkil edə bilməzdi. Pensilvaniya ştatında oturan heç bir Fəthullah Gülən – vaiz, yazıçı, mütəfəkkir – heç vaxt belə bir əməliyyat təşkil edə bilməzdi. Fikir verirsinizsə, indi əsas zərbə hədəfi kimlərdir? Hakimlər. Hansı hakimlər? O hakimlər ki, Ərdoğanın və onun nazirlərinin korrupsiya işləri barədə qərarlar çıxarırdılar. Minlərlə hakimi kənarlaşdırırlar. Hakimlərin dövlət çevrilişi etməsinə inanırsınız? Mən şəxsən inanmıram. Tarixdə belə şey olmayıb.

- Dediklərinizdən belə çıxır ki, bu çevriliş hakimiyyətin özü, konkret Ərdoğan tərəfindən planlaşdırılıb...

- Hər halda siyasətşünaslar üçün ciddi şübhələr var. Yəni, əgər həmişə yüksək peşəkarlığı ilə fərqlənən, hətta dövlət çevrilişi sahəsində zəngin təcrübəsi olan Türkiyə ordusu belə bir səfeh, bacarıqsız tərzdə dövlət çevrilişi cəhdi edirsə və məğlub olursa, sual yaranır ki, bu kimə xeyir idi? Göz qabağına gəlir ki, prezident Ərdoğandan başqa heç kimə xeyir deyildi. Yalnız ona xeyir idi.

- İstərdik bu çevriliş cəhdini əvvəlki illərin çevrilişləri ilə müqayisə edəsiniz...

- İstər Adnan Menderesin asılması ilə nəticələnmiş dövlət çevrilişi, istərsə də Kənan Evrenin başçılığı altında həyata keçirilmiş dövlət çevrilişi zamanı qiyamçılar birbaşa mərkəzi hakimiyyət orqanlarını ələ keçirmişdilər. Dövlət rəhbərlərini həbs edirdilər, sonra onları mühakimə edib cəzalandırırdılar. Birinci dəfə baş nazir Andan Menderesi asdılar, ikinci çevriliş zamanı isə baş nazir Süleyman Dəmirəl həbs olundu və xeyli müddət həbsdə qaldı. Yəni, bütün bu prosedurlar icbaridir. Bunlar olmalıdır. Xalq Cəbhəsi çevrilişi necə elədi? Əvvəlcə gəlib parlamentə, sonra Prezident Aparatına hücum elədilər. Mütəllibov qaçıb canını qurtardı. Elan etdilər ki, Konstitusiyanı müdafiə edirlər. Burda isə Ərdoğan təyyarəsi ilə Marmarisdən İstanbula uçur. Onu iki qiyamçı-qırıcı təyyarə müşayiət edir. Qırıcı təyyarənin Ərdoğanın təyyarəsini vurması 90-ı vurmaq kimi asan idi. Bir raket buraxsaydı, prezidentin təyyarəsi vurulacaqdı və məsələ bitəcəkdi. Amma vurmurlar, o da gəlir, enir və çıxıb xalqa müraciət edir və sair. Bu nağıllar çox da inandıcı deyil. Yalnız sadəlövh insanlar üçündür.

- Bundan sonra nə baş verəcək?

- Bütün istədiklərini həyata keçirəcəklər. Ərdoğan Türkiyəni sərt prezident respublikasına çevirəcək. Prezidentə şahanə səlahiyyətlər veriləcək. Kılıcdaroğlu təsadüfən hayqırmırdı ki, “kardeşim, sen padişahmısın?!” Yəni, o hey padşahlığa can atır. Amma Atatürkün qurduğu parlament respublikası buna imkan vermirdi. İndi o respublikanın belini qırıb, boynunu üzüb şahənşahlıq kimi bir prezident respublikası quracaq və bütün səlahiyyətləri özünə verəcək.

- Bəzən bu hadisəni “QKÇP” olayı ilə müqayisə edirlər...

- Bəli, orda da tamaşa var idi. “QKÇP”-ni öz xarici məsləhətçiləri – polittexnoloqları ilə birgə Mixail Qorbaçov təşkil etmişdi. Krımdakı Foros şəhərciyindəki Sov.İKP MK-nın baş katibinə məxsus iqamətgahda oturmuşdu, bütün əlaqəsi də var idi, rabitəsi də işləyirdi, hər bir şeyi izləyirdi və onun məqsədi SSRİ-ni və Sov.İKP-ni dağıtmaq idi. İstədiyinə də çatdı. Sonra yalandan dedilər ki, onun işığı yox idi, rabitəsi yox idi... Məlum oldu ki, işığı da, rabitəsi də, KQB ilə əlaqəsi də var və hər şeyi nəzarətdə saxlayırdı. Özü elə etdi ki, guya radikal-mühafizəkar kommunistlərin qiyamı uğursuz sona yetdi və imkan verdilər ki, kompartiyanı qadağan etsinlər və Sovet İttifaqını söksünlər. Sonra bir dəfə Türkiyəyə gələndə, universitetlərin birində mühazirəsi zamanı dedi ki, SSRİ-ni dağıtmaq mənim hər zamankı arzum olub.

- “QKÇP” ilə Türkiyədə baş verənlər arasında başqa hansı oxşarlıq var?

- Oxşarlıq ondan ibarətdir ki, hər ikisinin başında dövlət başçısı durur. Amma birincidə dövlət başçısının məqsədi SSRİ-ni dağıtmaq idi, ikinci isə dövlət başçısının məqsədi öz hakimiyyətini möhkəmləndirməkdir.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər