Azərbaycan paytaxtı iki gün ərzində önəmli tarixi görüşlərə şahidlik etdi. Avqustun 7-də İran İslam Respublikasının prezidenti Həsən Ruhani Bakıya rəsmi səfərə gəldi. Səfər müddətində İran və Azərbaycan prezidentləri həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirdilər. Geniş tərkibli görüş başa çatandan sonra Azərbaycan-İran sənədləri imzalandı. Daha sonra prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər.
Avqustun 8-də isə Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfərə gəldi. Bu səfər müddətində Rusiya və Azərbaycan prezidentlərinin görüşü keçirildi. Görüşdə hər iki ölkənin yüksək çinli dövlət məmurları iştirak etdilər. Daha sonra əvvəlcə Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşü oldu. Bundan sonra Heydər Əliyev Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin tarixdə ilk dəfə olaraq üçtərəfli zirvə görüşü keçirildi. Günün sonunda isə diqqətçəkən önəmli hadisə baş verdi. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putini evinə çay süfrəsinə dəvət etdi.
Yeri gəlmişkən qeyd etmək yerinə düşər ki, Rusiya ilə Azərbaycan dövlətləri arasında olduğu kimi, Azərbaycan və Rusiya prezidentləri arasında şəxsi münasibətlərin də yüksək səviyyədə olmasının göstəricisi olan bu hadisə daha öncə iki dəfə yaşanıb. Belə ki, 2013-cü ilin avqustun 13-də Bakıda səfərdə olan Vladimir Putin Azərbaycan Prezidenti tərəfindən evinə dəvət olunub. Prezidentlər çay süfrəsi arxasında qeyri-formal şəraitdə aktual məsələlərin müzakirəsini davam etdiriblər. İkinci dəfə isə Prezident İlham Əliyev 2015-ci ilin iyunun 13-də birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıda olan Rusiya Prezidenti Vladimir Putini evinə çay süfrəsinə dəvət edib.
İki gün ərzində Bakıda keçirilən önəmli görüşlərlə bağlı suallarımızı cavablandırması üçün Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadəyə müraciət etdik.
– Aydın müəllim, İran prezidentinin Azərbaycana səfərini şərh etməyinizi xahiş edirik…
– Avqustun 8-də Bakıda keçirilən Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşünün çox böyük tarixi əhəmiyyəti var. İlk növbədə bu, Azərbaycan üçün önəmlidir. Çünki xarici mətbuatın yeni üçlük kimi qiymətləndirdiyi formatdan başqa Bakıda ayrıca olaraq Azərbaycan-İran, Azərbaycan-Rusiya görüşləri keçirildi. Hər iki görüş iki ölkə arasında münasibətləri yeni səviyyəyə qaldırmağa, əməkdaşlığın müxtəlif sahələri üzrə fikir mübadiləsi aparmağa şərait yaradırdı.
Azərbaycanla İran qonşudurlar, bizim ümumi tariximiz, ümumi dinimiz, ortaq mədəniyyətimiz var. Ötənilki səfərdə əlaqələrin yeni formatları üzərində işlənməsi barədə öhdəliklər götürüldü və ötən bir il görülən işlərə yekun vurmağa, həmçinin yeni perspektivlər açmağa imkan verdi. İki ölkə bir-birinin iqtisadiyyatını çox uğurlu surətdə tamamlaya bilir. İran üzərindən Qərbin sanksiyaları götürüldükdən sonra qarşılıqlı əlaqələrin daha geniş işlənməsinə şərait var. Həmçinin İranın Dağlıq Qarabağ probleminin həllində iştirakını təmin etmək mümkündür. Bizim üçün önəmli məsələ ondan ibarətdir ki, birincisi İran Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan etdi və bu, Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini bir tərəfdaşın da artması ilə daha da möhkəmlətdi.
İkinci məsələ isə İran və Azərbaycan qarşılıqlı əlaqələri gücləndirməklə yanaşı eyni zamanda bir-birinin daxili işlərinə qarışmamaq məsələsində bir daha bəyanat verdilər. Bu, çox vacib bir məqamdır. Çünki nə qədər ümumi cəhətlər olsa da, bütün ölkələrin daxili həyatlarının müəyyən spesifikliyi var. Heç bir ölkə heç bir xalqa özünün dünyagörüşünü qəbul etdirmək iddiasında olmamalıdır. Azərbaycan və İran heç vaxt bu fikirdə olmayıblar. Bununla belə yenə də bu öhdəlik götürüldü. Həmçinin, Azərbaycan və İran arasındakı münasibətlərlə bağlı prezidentlər tərəfində çox vacib bəyanatlar verildi və bu bəyanatlar da mətbuat tərəfindən geniş işıqlandırıldı.
İmzalanan sənədlər qardaş ölkələr arasında münasibətlərin çox dərin istiqamətdə inkişaf etdiyini göstərir. Tərəflər eyni zamanda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı fikir mübadiləsi apardılar. Azərbaycan burda çox önəmli bir həlqə rolunu oynayır. Həmçinin İran tərəfdən Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi vurğulandı, İslam Əməkdaşlıq Təşkilatında bundan sonra da birgə fəaliyyətin göstərilməsi barədə bir daha fikir mübadiləsi aparıldı. İki ölkənin beynəlxalq aləmdə əməkdaşlığı məsələləri müzakirə edildi. Bir sözlə, Azərbaycan-İran danışıqları münasibətlərin yüksək səviyyədə, tərəflərin bir-biri ilə əməkdaşlıqda çox maraqlı olduğunu bir daha göstərdi.
– Rusiya Prezidentinin Bakıya səfəri və keçirdiyi görüşlərlə bağlı da fikirlərinizi bilmək istərdik…
– Vacib görüşlərdən biri də Azərbaycan və Rusiya prezidentlərinin görüşü idi. Bu görüş ilk növbədə Rusiya-Azərbaycan-İran nəqliyyat dəhlizinin yaradılması ilə bağlıdır. İran və Rusiya böyük imkanlara, böyük iqtisadi potensiala malik olan dövlətlərdir və bir-birinin bazarında maraqlıdırlar. Həmçinin bu dəhliz vasitəsilə Rusiyanın Avropa hissəsində olan məhsullar çox qısa müddətdə – 14 gün ərzində göndərilə bilər. Baxmayaraq ki, hal-hazırda Rusiya bu malları dəniz vasitəsilə 40 gün ərzində göndərir. Əldə edilən bu qazanc Rusiya mallarının Hindistan bazarında daha ucuz qiymətə satılmasına və Hindistan bazarında daha önəmli yer tutmasına gətirib çıxarır.
Bu layihə Azərbaycansız qeyri-mümkün olan məsələdir. Həmçinin, Azərbaycan və Rusiya arasında əməkdaşlıq məsələləri də xüsusi müzakirə mövzusu oldu. Cənab prezidentimizin Rusiya prezidenti ilə həm görüşdən əvvəl, həm də görüşdən sonra xeyli danışıqları oldu. Bu danışıqlarda Şimal-Cənub nəqliyyat dəhlizi ilə yanaşı ikitərəfli münasibətlər də müzakirə edildi. Bu gün Rusiya və Azərbaycan arasında hər hansı ixtilaf mövzusu, yaxud əməkdaşlıq edilməyən sahələr yoxdur. Ancaq bununla belə narahatlıq doğurdu ki, həm Rusiyada, həm də Azərbaycanda milli valyutaların devalvasiya olunması çox təəssüf, iki ölkə arasında ticarət dövriyyəsinin müəyyən qədər aşağı düşməsinə səbəb oldu. Yəni, bununla bağlı ciddi fikir mübadiləsi oldu. Əlbəttə, bu istiqamətdə addımlar atılacaq.
Vacib məsələlərdən biri Dağlıq Qarabağ probleminin müzakirəsi idi. Azərbaycan Ermənistan silahlı qüvvələri tərəfindən torpaqlarımızın işğalının davam etməsinin dözülməz olduğunu bir daha bəyan etdi və Rusiyadan bu məsələdə daha fəal vasitəçilik missiyasını gözlədiyini bildirdi. Rusiya tərəfi diplomatik bir bəyanat verdi ki, burada udan və uduzan olmamalıdır, hər iki xalq özünü qalib hiss etməlidir. İndi Rusiyanın bunu təmin etmək üçün hansı addımları atacağı artıq onun öz işidir.
İstənilən halda tarixi bir hadisə baş verdi. Tarixi bir layihənin əsası qoyuldu. Bu, üç ölkənin həm əlaqələrinin böyüməsinə, həm iqtisadiyyatlarının güclənməsinə səbəb oldu. Gələcəkdə mümkündür ki, Şimal-Cənub üçlüyünə digər ölkələr də, o cümlədən Türkiyə, Hindistan, ərəb ölkələri də qoşulsunlar. Əgər Ermənistan işğala son qoyarsa, gələcəkdə nəzəri cəhətdən onun da bu layihəyə qoşulması mümkündür.
– Azərbaycan Prezidentinin rusiyalı həmkarını evinə çay süfrəsinə dəvət etməsi səfərin çox incə, həssas bir məqamıdır. Məlumdur ki, biz azərbaycanlılar evimizə hər adamı dəvət etmirik. Bu baxımdan Prezident İlham Əliyevin Vladimir Putini evinə çay süfrəsinə dəvət etməsini Rusiya ilə Azərbaycan dövlətləri arasında olduğu kimi, Azərbaycan və Rusiya prezidentləri arasında şəxsi münasibətlərin də yüksək səviyyədə olmasının göstəricisi saya bilərikmi?
– Tamamilə düzgün vurğuladınız. İş ondadır ki, evə hər adam dəvət edilmir. Evə ancaq yaxın adamlar, yaxın bilinən insanlar dəvət edilir. Bizim üçün sevindiricidir ki, Azərbaycan və Rusiya prezidentləri şəxsi münasibətlərində belə o qədər yaxındırlar ki, artıq evə dəvət mümkün olur. Mənə elə gəlir ki, evə dəvət Azərbaycan mədəniyyətinin göstəricisidir. Azərbaycanın öz mədəniyyətini göstərməsi üçün kifayət qədər nümunələr var. Cənab prezidentimiz bütün Azərbaycan cəmiyyətinin tanıdığı, tanınmış bir Azəbaycan nəslindəndir. Bu nəsildə Azərbaycan adətlərinin, Azərbaycan mədəniyyətinin qorunduğu hamı üçün aydın olan bir məsələdir. Heç nə yox, fotolarda süfrənin üzərinə göz gəzdirmək kifayətdir ki, Şərq mədəniyyətinin, Azərbaycan mədəniyyətinin nə olduğunu Rusiyanın rəhbəri bir daha özü üçün yəqin etsin.
Mənim yadma gəlir, düz 3 il bundan əvvəl – 2013-cü ilin avqustun 13-də Bakıya səfər edərkən İçərişəhəri gəzintidə onu milli mətbəximizin nümunəsi olan təndir çörəyinə qonaq etdilər. Dövlət başçısı təndir çörəyinin bişirilməsi qaydası ilə maraqlandı, təndir çıxan təzə çörəyinin dadına baxdı. Təndir çörəyi Vladimir Putində böyük maraq doğurdu.
Qeyd etmək istərdim ki, dövlətlərarası münasibətlər təkcə quru, diplomatik görüşlərlə deyil, eyni zamanda şəxsi münasibətlərlə də ölçülür və qiymətəndirilir.
Səxavət HƏMİD