7 Sentyabr 2016 14:15
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

"G-20-də təmsil olunanların çoxunun Ərdoğandan xoşu gəlmir"

Teleqraf.com politoloq Elxan Mehdiyevlə müsahibəni təqdim edir.

- Elxan bəy Çində keçirilən G-20 toplantısı, aparılan müzakirələr haqda nə deyə bilərsiniz?
- Həmin toplantıda mənim istəyim və maraqlarımla bağlı hər hansı bir müzakirə aparılmayıb. Mənim marağım və istəyim nədən ibarətdir? İşğal altında olan torpaqlarımız, Azərbaycanın maraqları. Nəzərdə tutduğunuz toplantıda isə bu istiqamətdə müzakirələr aparılmayıb, fikirlər deyilməyib. Çində keçirilən toplantıda daha çox G-20-lərin öz problemləri, maraqları müzakirə edilib. Bu baxımdan G-20 sammiti Azərbaycan üçün xüsusi bir məsələ ilə yadda qalmadı.

- Ancaq qardaş Türkiyə bu sammitdə aktiv iştirak edirdi...
- Bəli, bu artıq tamam ayrı mövzudur. Mənim G-20 sammitindən əvvəl apardığım müşahidə onu deyir ki, əslində G-20-də təmsil olunanların çoxunun Ərdoğandan xoşu gəlmir. Məndə belə qənaət formalaşıb. Əlbəttə, orada Türkiyə rəhbəri bir neçə dünya liderlərlə görüşdü, müzakirələr apardı. Fikrimcə, bu görüşlər Ərdoğanın özünün mövqelərinin gücləndirməsi üçün vacib idi. Həm də hesab edirəm ki, orada Ərdoğanın bir sıra liderlərlə görüşünün bir məqsədi də Fətullah Gülənlə bağlı idi. Prezident Obama ilə görüşündə də bu məsələ müzakirə edilə bilər. Ancaq reallıq odur ki, Fətullah Gülən məsələsi Obamanın səlahiyyəti çərçivəsində olan məsələ deyil. Yəni Obamanın göstərişi və istəyi əsasında Amerika Güləni Türkiyəyə verə bilməz. Bunu ABŞ qanunvericiliyi mümkünsüz edir. Gülənin Türkiyəyə verilməsi böyük hüququ prosesdir. Obama da bu işdə sakit tərəfdir, bəlkə də heç maraqlı da deyil. Çünki yanvarda Obamanın prezidentlik səlahiyyətləri başa çatır. Lakin bu ilin noyabrında faktiki olaraq yeni prezidentin kimliyi bəlli olacaq. Odur ki, indi Obama bu məsələdən narahat deyil.


- Çində Rusiya-Amerika liderlərinin bir araya gəlməsi də son dövrün ən maraqlı və izlənilən hadisəsi oldu. Tərəflər əsasən, Suriya və Ukrayna məsələsini müzakirə etdilər...
- Mən oxududularım və müşahidələrim onu deməyə əsas verir ki, Obama-Putin görüşündə Suriya düyünü ilə bağlı razılaşma olmayıb. Başqa sözlə, görüş nəticəsiz başa çatıb. Guya arada inam-etibar məsələsi olmadığı üçün Suriya problemi ilə bağlı anlaşma olmayıb. Bu isə o deməkdir ki, Suriya məsələsinin həlli gələn ilin yayına qaldı.

- 2017-ci ilin yayında nə olacaq ki?
- 2017-ci ilin yayına qədər ABŞ-da yeni seçiləcək prezident özünün komandasını formalaşdıracaq, həm də siyasət müəyyən ediləcək. Odur ki, bu məsələ 2017-ci ilin yayında və ya ən tezi yazında müzakirə mövzusu ola bilər. Düşünmürəm ki, yaxın 2 ayda ABŞ və Rusiya liderləri yenidən Suriya məsələsini müzakirə etsinlər. Bundan sonra müzakirələr ABŞ-ın yeni prezidenti ilə aparılacaq.

- Türkiyə ordusu artıq Suriyaya daxil olub, sərhəddə müəyyən əməliyyatlar aparır, İŞİD və PYD-ni özünə yaxın ərazilərdən kənarlaşdırır. Bu vəziyyətin sonunu necə görürsünüz?
- Hesab edirəm ki, Türkiyə-Rusiya arasında baş verən qırıcı qalmaqalından sonra durum fərqli idi. Hadisədən sonra Türkiyə faktiki olaraq Suriya hava məkanına daxil ola bilmirdi. Yalnız öz sərhədlərindən uzaqmənzilli toplar vasitəsilə İŞİD-ə atəş açırdı. Lakin Ankara-Moskva münasibətləri son dövrlər istiləşdi. Hər iki lider arasında görüşlər keçirildi. Hesab edirəm ki, siz dediyiniz məqam Ərdoğanın Putinlə ikili razılaşması əsasında baş verir. Prezident Ərdoğan Rusiyanın istəkləri məsələsində güzəştə gedib. Putin də öz növbəsində Suriyanın Türkiyə ilə sərhədləri məsələsində Ankaraya güzəştə gedib, bu prosesə etiraz etməyib. Ancaq təyyarə hadisəsindən sonra Suriyanın hava və quru sahəsi Türkiyəyə bağlanmışdı. İndi isə Türkiyənin Suriyada həm quru qoşunları, həm də təyyarələri işləyir. Bu isə o deməkdir ki, bütün bu işlər Rusiya ilə razılaşdırılıb. Başqa şərhə xüsusi ehtiyac yoxdur.

- Türkiyənin Suriya ilə bağlı hərəkətliliyinə Avropa və ABŞ-ın mövqeyi nədən ibarətdir?
- Amerika bundan məmnun deyil, amma etiraz etmək üçün əsası da yoxdur. Üstəlik Amerikanın Suriya prosesinə qoşulmaq, hərbi əməliyyatlar aparmaq istəyində olan hökuməti yoxdur. Bu mənada Türkiyənin Suriya ilə bağlı addımları Vaşinqtonun arzu etdiyi hal deyil. Üstəlik bu ərazilərdə ABŞ-ın əsas müttəfiqi PYD-dir. İndi isə Türkiyə ordusu PYD qüvvələrini bu ərazilərdən vurub çıxarır. Başqa sözlə, türk ordusunun bu addımları ABŞ-ın Suriyadakı müttəfiqini ciddi formada zəiflədir. ABŞ şübhəsiz ki, bundan şad deyil. Lakin ortada Türkiyə olduğundan edə biləcəyi bir şey də yoxdur. Həm də Amerika hökuməti bu məsələdə qərarlı deyil. Odur ki, yaşananlara xoşagəlməz hal kimi baxıb üzərindən keçirlər.

- Türkiyənin sərhədlərinə yaxın Suriya ərazisindəki PYD və İŞİD qüvvələrini təmizləyərək kənara atması qardaş ölkənin təhlükəsizliyinə təhdidləri nə dərəcədə aradan qaldırır?
- Belə yanaşmalar var ki, Türkiyə sərhəddinə yaxında olan PYD müəyyən qədər təhlükə yaradır. Açığı, mən hesab edirəm ki, bu addımlar təhlükəsizlik təhdidlərini tam olaraq aradan qaldırmayacaq. Nəzərə alın ki, PYD birbaşa təhdid deyil. Dolayısı ilə təhlükəsizliyə təhdid yaradır. Əsas təhdid PKK-dır. PKK faktiki olaraq türk ordusu ilə vuruşur. İndiyə qədər olan tarixi təcrübə göstərir ki, bu kimi situasiyalarda PKK güclənir, amansızlaşır. Çünki Türkiyədə daxili vəziyyət də qaydasında deyil. Bu mənada indi PKK-nın gücləndiyi dövrdür.

- Bu əməliyyatlardan sonra PKK-nın zəiflədilməsi, ona qarşı ciddi addımların atılması imkanları nə dərəcədə realdır?
- Tarix göstərir ki, PKK-nı tam olaraq zərərsizləşdirmək və sıradan çıxarmaq mümkün deyil. İkincisi, bu işi hökumət deyil, Türkiyə əsgəri və hərbçiləri görür. Hazırda Türkiyədə hərbçilərlə bağlı durum ürəkaçan deyil. Bir tərəfdən hərbçilərə qarşı cinayət işi açılıb, onlar müxtəlif cinayətlərdə ittiham olunur. Digər tərəfdən isə PKK hərbçiləri tələyə salaraq şəhid edir. Daxildə hərbiçilərlə bağlı məsələ həllini taparsa, bundan sonra əsas diqqəti PKK-ya qarşı yönəltmək mümkün olacaq.

- Moskvada Dağlıq Qarabağla bağlı müzakirələr aparılıb. Sizcə, bu, münaqişənin həlli istiqamətində yeni aktiv dialoq, danışıqlar üçün implus rolunu oynaya bilərmi?
- Əslində bu geniş mövzudur. Lakin həmsədrlərin Minsk Qrupunun üzvləri ilə görüşmələri əslində onların işsizliyinin göstəricisidir. Guya bunlar məsləhətləşmələr aparır. Onlardan heç nə gözləməyin. Məncə, gözləntilər daha çox Putinin vasitəçilik missiyasından olmalıdır. Hazırda bu istiqamətdə pauza var. Erməni tərəfi Kollektiv Təhlükəsizliyik Müqaviləsi Təşkilatının İrəvanda keçiriləcək toplantısına hazırlaşır. Prezident Putin də bu toplantıda iştirak edəcək. Odur ki, hələlik vasitəçilik missiyasında müəyyən qədər fasilə var. Fikrimcə, bu işin nəticəsi daha çox prezident Putinin nə dərəcədə qərarlı və səmimi olmasından asılı olacaq.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər