3 Dekabr 2016 17:56
2 633
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çıxışımı tamamlamağa qoymadılar və girovlarla bağlı layihəni səsvermədən çıxardılar”

Noyabrın 27-dən 30-dək Brüsseldə Şərq Tərəfdaşlığı üzrə Vətəndaş Cəmiyyəti Forumunun növbəti toplantısı keçirilib. Toplantıda Azərbaycanı təmsil edən vətəndaş cəmiyyəti fəalları da iştirak ediblər. Toplantıda hansı məsələlərin müzakirə olunduğu, nə kimi qərarların qəbul edildiyi və sair məsələlərlə bağlı suallarımızı forumun iştirakçılarından olan “Müsbət Dəyişikliklər” Hərəkatının təsisçisi Bəxtiyar Hacıyevə ünvanladıq.

– Bəxtiyar bəy, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunda hansı məsələlər müzakirə olunub?
– Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 8-ci illik toplantısı “Ortaq Təhlükəsiz və Demokratik Gələcək Qurmaq” şüarı altında keçirildi və Şərq Tərəfdaşlığı ölkələri ilə Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif sahələrini, o cümlədən vətəndaş cəmiyyətinin durumunu, enerji və təhlükəsizlik məsələlərində əməkdaşlıq, gənclərin inkişafı və təhsil proqramları da daxil olmaqla bir çox sahəni əhatə edən geniş iclas və müzakirələrlə davam etdi. Bundan başqa, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu çərçivəsində reallaşdırılmış müəyyən layihələrin nəticələrinin təqdimatı oldu, növbəti il üçün ölkə və qrup koordinatorlarının seçkiləri baş tutdu.

– Müzakirələrin ən yadda qalan məqamı nədən ibarətdir?
– Bu tədbirdə ilk dəfə iştirak edirdim. Vətəndaş Cəmiyyəti Forumunun milli platformasına keçirilən builki seçkilərdə mən də Azərbaycan nümayəndə heyətinə seçilmiş və Forumun illik toplantısında iştirak etmişəm. Ancaq doğrusu, bu forumla bağlı gözləntilərim xeyli yüksək olsa da, Brüsseldə müşahidə etdiklərim məni bir qədər məyus etdi. Sanki, Avropa İttifaqı müəyyən demokratik dəyərləri Şərq Tərəfdaşlığı ölkələrinə gətirməkdənsə, əksinə olmuşdu və Şərq Tərəfdaşlığı ölkələrində müşahidə etdiyimiz bəzi neqativlər bu foruma daşınmışdı.

İclas və müzakirələrdə Şərq Tərəfdaşlığı ölkələri ilə Avropa İttifaqı arasında müəyyən sahələrdə əməkdaşlıqlar, problemlər və sair məsələlər müzakirə edildi. Yəni, bənzər görüşlərdəki bənzər, tanış mövzular, müzakirələr. Lakin, qeyd etdiyim kimi, forumun idarəçiliyində müxtəlif ölkələrə müxtəlif yanaşmaları görmək, bəzi ölkələrin qruplaşması, Forum rəhbərliyinin istiqamətləndirməsi ilə bənzər məsələlərdə fərqli ölkələrə fərqli münasibətin sərgilənməsi məni təəccübləndirdi.

– Forumda Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndəsi – Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədovun təqdim etdiyi “Münaqişə zonalarında mülki əhalinin girov götürülməsinin yolverilməzliyinə dair” qətnamə layihəsi 42 əleyhinə və 23 leyhinə olmaqla qəbul olunmayıb. Bu qətnamə layihəsi və layihənin niyə qəbul olunmaması barədə fikirlərinizi bilmək istərdik…

– Qeyd etdiyim kimi, bu forumda ilk dəfə iştirak etdiyimə görə, hadisələrin necə cərəyan edəcəyini təxmin etmirdim. Forumun son günü qətnamə layihələri bir-bir müzakirəyə çıxarılır, səsverməyə qoyulur, sonra səsvermə nəticəsinə uyğun olaraq ya qəbul edilir, ya da rədd edilirdi. Qeyd etdiyiniz qətnamə layihəsindən əvvəl Ermənistan Milli Platforması tərəfindən irəli sürülmüş Stepan Qriqoryanla bağlı qətnamə layihəsi müzakirəyə çıxarıldı. Onu müzakirə edənlər bildirdilər ki, Stepan Qriqoryan Moskvada hava limanında saxlanılıb və Rusiya Federasiyasına buraxılmayıb. Bunu pisləyən qətnamə qəbul edilməlidir ki, gələcəkdə belə hallar baş verməsin. Qətnamə layihəsi səsə qoyuldu və qəbul edildi.
Bir neçə qətnamədən sonra isə Azərbaycan nümayəndə heyətinin üzvü tərəfindən irəli sürülmüş “Münaqişə zonalarında mülki əhalinin girov götürülməsinin yolverilməzliyinə dair” qətnamə layihəsi iştirakçılara təqdim edildi. Dərhal forum rəhbərliyindən iki nəfər iştirakçıların qarşısına çıxaraq, bu qətnamənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə heç bir töhfəsinin olmayacağını, qətnamə layihəsinin gec göndərilməsini və sair məsələləri əsas gətirərək layihənin müzakirəyə çıxarılmamasını istədilər. Azərbaycan tərəfdən Sahib Məmmədov və Elçin Sultanov çıxış edərək, bu layihənin səsverməyə çıxarılmasını istəsələr də, Forumun idarə heyəti israrla buna qarşı çıxırdılar.

Mən buna etiraz olaraq çıxış etdim və bildirdim ki, biz bir neçə saat əvvəl Stepan Qriqoryanın Moskvada 10 saat hava limanında saxlaması ilə bağlı qətnaməni normal müzakirə edib, qəbul etmişiksə, bütün dünyanın Azərbaycan ərazisi kimi tanıdığı və qəbul etdiyi, işğal altında olan öz doğma torpağında girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı da bənzər qətnamə qəbul edilməlidir. Bildirdim ki, qətnamə yox, mülki şəxslərin girov götürülməsi münaqişənin həllinə daha çox təsir göstərir. Ancaq çıxışımı tamamlamağa qoymadılar və məni tələsdirərək, qətnamə layihəsini səsvermədən çıxardılar.

– Bu istiqamətdə müzakirələr necə keçdi?
– Ümumiyyətlə, buna müzakirə demək olmazdı. Digər qətnamə layihələri zamanı çıxışçılar rahat, reqlamentə uyğun olaraq öz mövqelərini açıqladılar, hətta bir neçə dəfə fikir bildirdilər, amma bu qətnamə layihəsi ilə bağlı müzakirəyə imkan verilmədi. Təbii ki, forum rəhbərliyinin bu soyuq münasibəti forum iştirakçılarını da istiqamətləndirdi və səsvermə olmadan, qətnamə layihəsi siyahıdan çıxarıldı, səsverməyə qoyulmadı. İsrarlardan sonra layihəni yenidən səsverməyə qaytardılar.

– Sənədin qəbul olunmamasını nə ilə əlaqələndirirsiniz?
– Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun əvvəlki illərdə keçirilən illik toplantılarında Azərbaycan nümayəndə heyəti ilə forum rəhbərliyi arasında bir neçə insident yaşanıb. Onlardan biri məşhur Batumi Forumundakı qarşıdurma idi. Məsələ ondadır ki, Vətəndaş Cəmiyyəti Forumunda Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı məsələlər də, siyasi məhbus məsələsi də gündəmə çıxarılır. Bununla bağlı bəzi forum üzvlərinin sərt reaksiyası və bu məsələlərin müzakirəsinə qarşı olaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərin müzakirəsinə çalışması forum rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti ilə müəyyən qədər soyuqluq yaradıb. Onlar elə düşünürlər ki, belə qətnamələr Azərbaycandakı insan hüquq və azadlıqları ilə bağlı məsələlərdən diqqəti yayındırmaq üçün irəli sürülür.

– Maraqlıdır ki, belə vacib məsələnin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin 22 üzvündən cəmi 9-u zalda olub…
– Doğrusu, səsvermə zamanı zalda neçə nəfərin olmasını, kimlərin necə səs verməsini müşahidə etməmişdim. Mən düşünürdüm ki, bütün qətnamə layihələri kimi, bu layihənin də müzakirəsi normal aparılacaq. Sayın az olmasına gəldikdə, bu, təkcə Azərbaycan nümayəndə heyəti ilə bağlı deyildi. Forumun son günü və son saatı olduğuna görə bəzi iştirakçılar başqa tədbirlərə getmişdilər. Hətta, səsvermə başlayana qədər bir müddət kvorum olmadı, iştirakçıları çağırıb, yetərsay olduqdan sonra səsvermə başladı. Yəni, digər nümayəndə heyətlərindən də zalda olmayanlar az deyildi.

– Belə bir məlumat da var ki, özümüzünkülərin bu işdə maneəsi olub. Bununla bağlı nə deyə bilərsiniz?
– Bu barədə heç bir məlumatım yoxdur. Zənn etmirəm ki, belə vacib bir məsələdə kimsə, hansısa iştirakçı qətnamə layihəsinə etiraz edərdi.

– Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması tələbi ilə forum zamanı vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən keçirlən fləşmob/aksiya barədə məlumat verməyinizi istərdik…
– Forumun ikinci günü, zallardan birində Şərq Tərəfdaşlığı ölkələrində siyasi baxışlarına və fəaliyyətlərinə görə həbs edilmiş şəxslərlə bağlı fotostendlərin olduğu sərgi keçirilirdi. Nahar fasiləsi zamanı həmin zalda Azərbaycan Milli Platformasının üzvləri ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin fotolarını əllərində tutaraq, onlara azadlıq tələbi ilə aksiya keçirdilər. Aksiya insidentsiz baş tutdu. Hər bir halda, həm forum iştirakçılarına, həm də rəhbərliyinə mesaj verildi ki, bu məsələ də bizim üçün digər məsələlər qədər vacib və əhəmiyyətlidir.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər