Teleqraf.com İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani ilə müsahibəni təqdim edir. Sabiq səfir müsahibəsində Amerika-İran, Türkiyə-İran münasibətləri, Suriya problemi və digər mövzularda danışıb.
- Uzun illər İran Xarici İşlər Nazirliyində və diplomatik missiyada çalışmış biri kimi, İran-Amerika münasibətlərinin hazırkı durumunu necə şərh edərdiniz?
- Əvvəla, ABŞ-İran münasibətləri yoxdur ki, biz onu qiymətləndirək. Əgər söhbət diplomatiyadan gedirsə, biz deyə bilmərik ki, Tehranla Vaşinqton arasında diplomatik münasibətlər mövcuddur. Çünki rəsmi münasibət yoxdur. Nə İranın Amerikada, nə də Amerikanın İranda səfirliyi yoxdur. Artıq 35 ildən çoxdur ki, bu münasibətlər mövcud deyil. İran İslam Respublikası yaranandan bu yana münasibətlər olmayıb.
İkincisi, Amerika İrana, İran isə Amerikaya qarşı sərt bəyanatlar verir. Bu reallıqdır.
Üçüncüsü, İran-Amerika arasında yenilik daha çox prezident Həsən Ruhani hakimiyyətə gəldikdən sonra müşahidə edildi. Əslində bu proses Ruhanidən bir il əvvəl başlamışdı, ancaq bu haqda danışılmırdı. Tərəflər İranın nüvə proqramına dair bir neçə dəfə görüşlər təşkil etmişdi. Ancaq bu qeyri-rəsmi, gizli və davamsız danışıqlar idi. Ancaq Həsən Ruhani hakimiyyətə gəldikdən sonra İran və ABŞ xarici işlər nazirləri tarixi baxımdan ən çox siyasi müzakirələr apardılar, saatlarla. Nəhayətdə nüvə proqramı ilə bağlı 5+1 formatında danışıqlar aparıldı və razılığa gəlindi ki, tərəflər üzərinə götürdüyü öhdəliklərə əməl etsin. Bu razılaşmanın icrasına yanvar ayından başlanılıb və tərəflər öz üzərinə götürdükləri öhdəliklərə əməl edirlər. Konkret olaraq İran tərəfi üzərinə götürdüyü öhdəlikləri pozmayıb və onu yerinə yetirib.
- Ancaq ortada Suriya problemi var...
- Suriya böhranı ilə bağlı beynəlxalq danışıqlara İran dəvət olunmurdu. Ancaq sonradan İran tərəfi bu danışıqlara dəvət edildi. Hətta Suriya məsələsində İran İslam Respublikasının birinci şəxsi icazə vermədi ki, nüvə, Suriya və regional mövzularda Amerika və İran arasında ikitərəfli müzakirələr aparılsın. Məhz bu səbəbdən də, həm nüvə, həm də Suriya danışıqları çoxtərəfli formatda oldu, İran da bu danışıqlarda iştirak etdi. Əlbəttə, çoxtərəfli danışıqlar aparılsa da, indiyə qədər bunun bir nəticəsi olmayıb. Ancaq hər halda İran Suriya mövzusunda aparılan beynəlxalq müzakirələrə qatılır və öz mövqeyini də ifadə edir. Sadaladığım məsələlərlə bağlı müzakirələr aparılıb. Amma regional məsələlərlə bağlı ikitərəfli müzakirələr aparılmayıb.
- Tramp prezident seçildikdən sonra sanki İrana qarşı sərt mövqe tutur, hətta sanksiyaların müddəti yenidən artırılır...
- Nüvə danışıqları baş tutdu və demək olar ki, öz həllini də tapdı. Amma münasibətlərdək, digər məqamlar öz yerində idi. Yəni sanksiyalar qüvvədə idi. Embarqolar Barak Obamanın dövründə də yeniləşmişdi. Yəni bu təzə bir məsələ deyil. Düzdür, indi Tramp seçkilərdə qalib gəldi, Amerika Konqresi İrana qarşı sanksiyalar qanununu yüksək səslə təsdiq edib. Amma iş ondadır ki, bu, 1996-cı ildən verilən qərardır və hər 10 ildən bir bu qərar yeniləşir. Bu dəfə də yeniləşdi. Nüvə danışıqları aparılanda və nüvə sazişi əldə ediləndə də bu sanksiyalar var idi. Sadəcə, sanksiyaların müddəti 2016-cı ilin dekabrında başa çatır. İndi 2026-cı ilə qədər bu müddəti yenidən uzadıblar və bu, prezident tərəfindən imzalanmalıdır. Sadəcə olaraq, sanksiyalar qərarında İranla yanaşı Liviya da var idi. Sonradan Liviyanı siyahıdan çıxardılar. Ancaq nüvə sazişində qeyd edilmişdi ki, hansısa sanksiyalar nüvə sazişi ilə uyğun deyilsə, bu məhdudiyyətlər ABŞ prezidenti tərəfindən nəzərə alınacaq və icra edilməyəcək. Təbii ki, bu dəfə də, sanksiyaların hansı nüvə sazişi ilə uyğun deyilsə, onların icrası ABŞ prezidenti və ya xarici işlər nazirliyi tərəfindən dayandırılmalıdır. Bunu ABŞ tərəfi üzərinə öhdəlik olaraq götürülüb. Əgər icra ediləcəksə, bu nüvə sazişi ilə uyğun gəlməyən addım olacaq.
- Bu halda İran hansı addımlar ata bilər?
- İran tərəfi qeyd edib ki, əgər belə hal baş versə, bizim də öz qərarlarımız və seçimlərimiz var. O zaman biz də addımlarımızı atacağıq.
- Trampın prezidentliyi dövründə ABŞ-İran münasibətlərinin perspektivlərini necə görürsünüz?
- Amerika-İran münasibətləri respublikaçılar vaxtında daim belə olub. Tramp uzun illərdir bizneslə məşğul olub, bu sahədə irəliyə gedib, ciddi imkanlara malik olub. Amma siyasətlə məşğul olmayıb, xarici siyasətlə bağlı təcrübəsi yoxdur. Aydındır ki, özünün xarici işlər nazirini, milli təhlükəsizlik katibini və digər strukturlarını seçəcək. Yəqin ki, kadrlar təcrübəli olacaq. İndi Mərkəzi Kəşfiyyat Mərkəzinin rəhbərinin, müdafiə nazirinin və digər post tutacaq şəxslərin adı deyilir. Onların çoxunun danışıqları, əvvəlki mövqeləri anti-İran mövqeyi olub. Bu göstərir ki, Amerika tərəfindən münasibətlər bir qədər sərt olacaq. Amma iş ondadır ki, prezident Tramp seçki kampaniyası zamanı nüvə sazişi ilə bağlı bir neçə cümlə demişdi. Ondan sonra İran haqqında nəsə deməyib. Sadəcə olaraq, komandasında olan şəxslər və ya konqresmenlər nəsə deyirlər. Onların açıqlamalarından belə qənaətə gəlirəm ki, münasibətlər bir qədər sərt ola bilər. Ancaq Trampın özü qeyd edib ki, Rusiya ilə münasibətləri qaydaya salmaq, ondan əvvəl aparılan siyasəti bir kənara qoymaq istəyir və s. Eyni zamanda elan edib ki, başqa dövlətlər və oradakı rejimlərlə heç bir işi yoxdur. NATO-ya üzv dövlətlərə isə təklif edib ki, üzvlük haqqından əlavə pullar ayırsınlar. Bütün bunlar ortadadır, amma konkret bir şey də deyilmir. Ola bilsin ki, sərt münasibətlərlə yanaşı dövlətlərin daxili işlərinə qarışmamaq xətti tutularsa, bu İran dövlətinin xeyrinə olardı.
- İndi İranın Suriya proseslərində hərbi iştirakçılığı varmı?
- İran dövləti elan edib ki, Suriya dövlətinin dəvəti ilə Suriyada hərbi sahədə müştəşarlıq edir. Yəni məsləhətlərimizi veririk, yardımlarımızı edirik. Əlbəttə, bu işi həm də Rusiya ilə birgə edirik. Lakin Rusiya orada daha çox hərbi işlərlə məşğul olur. Başqa sözlə, Rusiyanın təyyarələri havaya qalxır, bombardumanlar həyata keçirir və s. İrandan da Bəşər Əsəd hökumətinə dəstək verilir. Söhbət həm terrorçulara, həm də Əsədin müxaliflərinə qarşı məsələlərdən gedir. Yardımlar müştəşarlıq səviyyəsində olunur. Amma İran ordusu Suriyada yoxdur, sadəcə bəzi generallar onlara məsləhətlər verir.
- Hazırda Suriyadakı durum nədən ibarətdir?
- Fikrimcə, Hələb şəhərinin azad edilməsi Bəşər Əsədin vəziyyətini yaxşılaşdırır və imkanlarını genişləndirir. Ancaq əsas Donald Trampın tutacağı mövqedir. Əgər Tramp dediyi kimi, Bəşər Əsədlə işi olmasa, mümkündür ki, Rusiya-Amerika danışıqlarında razılıq əldə edilər və Suriyada atəşkəs elan olunar. Əgər Tramp Bəşər Əsədin siyasi müxalifətini dəstəkləməsə və Əsədlə işi olmasa, bu faktiki sülh üçün bir addımdır. Bu halda Rusiya, İran və digər ölkələr razı olar ki, Suriyada tez bir zamanda sülh əldə edilsin. Mümkündür ki, bu zaman İŞİD-i məhv etmək üçün Əsəd hökuməti siyasi müxalifətlə də danışıqlara gedər, ruslar da bu işdə köməklik göstərə bilər. Beləcə problemlərin siyasi müstəvidə həlli üçün zəmin yarana bilər. Ancaq bütün bunlar ondan asılıdır ki, deyilənlər həyata keçirilsin. Hələb azad edildikdən sonra Amerika hökuməti Əsədin rəqiblərinin tərəfini tutmasa, həmçinin Səudiyyə Ərəbistanı və Türkiyə razılığa gətirilsə, problemin sülh yolu ilə həlli üçün imkan yaranar. Ancaq bu o demək deyil ki, bu, tezliklə baş verə bilər. Və ya baş versə, qısa müddətdə Suriya problemi həll oluna bilər. Suriya problemi artıq 5 ildir davam edir.
- İndi Türkiyə-İran münasibətləri hansı səviyyədədir?
- Türkiyə-İran münasibətləri ikitərəflidir və hər zaman normal olub. İqtisadi münasibətlər hər zaman yüksək səviyyədə olub. Sadəcə olaraq, Suriya və İraq məsələlərində fərqli yanaşmalar var. Türkiyədəki hərbi çevrilişə cəhdindən və Türkiyə-Rusiya əlaqələrinin normallaşmasından sonra Ərdoğanın mövqeyinin Əsədə qarşı münasibətlərində yumşalma müşahidə edildi. Arada bəyan olundu ki, Türkiyə Suriyaya ona görə daxil olub ki, Əsədi hakimiyyətdən etsin. Ancaq sonradan Ankara bu yanaşmanı təkzib etdi. Qeyd olundu ki, Suriyada İŞİD və YPQ-ni vurmaq əsasdır. Yəni İran və Türkiyə Suriya məsələsində fərqli düşüncəyə malikdir. Bir də İraq məsələsində fərqli yanaşmalar mövcuddur. Bunlar ikitərəfli münasibətlərə bir qədər mənfi təsir göstərir. Həmçinin gördüyünüz kimi cənab Ərdoğan Rusiya, İran və Çinə təklif edib ki, ikitərəfli ticarətdə milli valyutalardan istifadə edilməsinə üstünlük verilsin, dollar bir kənara atılsın. Əlbəttə, bu təklifləri əvvəllər başqa ölkələrin rəhbərləri də səsləndirib. İranın sabiq prezidenti Əhmədihejat da belə təkliflə çıxış etmişdi. Ancaq beynəlxalq iqtisadiyyatda bu təklifin nə dərəcədə mümkün olduğu bir qədər şübhəlidir.
NEMƏT