Teleqraf.om-un suallarını Respublikaçı Alternativ (REAL) Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı cavablandırır:
- Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova qarşı sui-qəsdlə bağlı müxtəlif yanaşmalar var. Bu hadisə ilə bağlı sizin fikirləriniz nədən ibarətdir?
- Rusiyanın Türkiyədəki səfirinin qətli mənə Birinci Dünya Savaşının başlamasına formal səbəb olan Avstriya-Macarıstan taxt-tacının vəliəhdi hersoq Frans Ferdinandın qətlini xatırlatdı. Təbii ki, Birinci Dünya Savaşı öncəsi dünya və bugünkü dünya arasında ciddi fərqlər var. Lakin Suriya ətrafında gedən oyunlar böyük geopolitik mübarizə-müharibə səhnəsinə çevrilib. Bu bataqlığa ABŞ, Avropa Birliyi, Rusiya, Türkiyə, İran, İsrail, Səudiyyə Ərəbistanı, İraq və adını çəkmədiyim digər ölkələr girib. Bu gün görünən odur ki, Orta Şərqin savaş meydanı genişlənməkdədir. Bu savaş hal-hazırda Suriya ərazisindən digər bölgələrə və təəssüfləndirici hal odur ki, məhz Türkiyə ərazisinə keçməkdədir. Terror artıq Türkiyə üçün həyat tərzinə çevrilir. Bütün bunlar yanlış daxili və xarici siyasətin nəticəsidir. Daxili siyasətdə yanlışlıqlarla paralel Suriya kimi alovla bir sərhəddə olmaq Türkiyə üçün ciddi risklər yaradır. Bir ailənin və bir nəfərin maddi-siyasi maraqları naminə Suriya artıq xarabalığa çevrildi. Suriyanı bu günə qoyan nə ABŞ, nə İran, nə Rusiyadır. Suriyanın düşməni dünənki Suriyadır, yəni Əsəd ailəsi. Əsəd rejiminə qarşı olan Türkiyə hakimiyyəti isə daxildə eyni səhvləri edir, gələcəkdə partlayacaq bombaları torpağın altına basdırır. Sadəcə, Türkiyə cəmiyyətinin fərqi ondadır ki, bu bombalar daha tez partlayacaq, heç də 40 il gözləmək lazım gəlməyəcək.
- Türkiyədə terror hadisələri artıq böyük şəhərlərin mərkəzinə doğru irəliləməkdədir. Terror faktlarının bu qədər artması necə baş verdi?
- Son 5 ildə aparılan siyasətin nəticəsidir ki, Türkiyədə terror aktları intensivləşib. Əslində Ərdoğan daha əvvəl “siyasi açılım” adı altında siyasətə başladığını elan etmişdi. O, dağlardakı silahlı kürdlərin silahı qoyub Türkiyə Böyük Millət Məclisində (TBMM) əyləşib öz fikirlərini deməyini istəyirdi və kürd probleminin bu şəkildə həllinə çalışırdı. Arzulayırdı ki, kürdlər dağdan düşüb, kostyum geyinib parlamentdə öz fikirlərini deyəcək. Görünən odur ki, bu strategiya iflasa uğradı. Əlbəttə, burada hər iki tərəfin səhvi var. Kürdlərin səhvi ondan ibarətdir ki, PKK-nı tam bitirə bilmədilər. PKK təmsilçisi parlamentdə otursa da, kürd seçicisinin səs verdiyi HDP 10 faizlik barajı keçsə də, kürd əhalinin PKK sevdası bununla bitmədi. HDP-nin davranışlarında hakimiyyətdən daha çox şeylər qoparmaq istəyi, vəziyyətdən sui-istifadə halları vardı. Digər tərəfdən, Ərdoğanın yürütdüyü siyasət elan etdiyi strategiyaya tam uyğun gəlmirdi. HDP parlamentə girməklə AKP-nin təkbaşına iqtidar olma imkanlarını ciddi şəkildə daraldırdı. Nəticədə referendumla prezident üsul-idarəsinə keçmə planlarının üstündən xətt çəkildi. Məhz buna görə HDP-yə ciddi basqılar oldu, partiya sədri və digər deputatlar həbs edildi. Bundan sonra kürdlər TBMM-də siyasət yürütməyi istəməyəcəklər, dağlara çəkilib, silahlara sarılıb yenidən terrora baş vuracaqlar. Bu gün gördüyümüz proses bundan ibarətdir. PKK-dan əlavə yeni kürd terrorçu təşkilatları yaranmaqdadır. Aydındır ki, burada xarici ölkələrin də təsiri var, həmin təşkilatları maliyyələşdirirlər. Ərdoğan şəxsi maraqlarını Türkiyənin ümumi maraqlarından üstün tutdu və həyata keçirdiyi strategiyanı sonadək apara bilmədi. Türkiyəni ciddi imtahanlar, böyük problemlər gözləyir. Ehtimal edirəm ki, bu, sonun başlanğıcıdır, terror hadisələri irəlidə daha da intensivləşəcək.
- Belə versiyalar tez-tez səslənir ki, Türkiyənin Rusiya ilə yaxınllaşması Qərbi qəzəbləndirib və terror aksiyaları ilə Türkiyəyə mesajlar verilir.
- Bu, absurddur, şəxsən mən buna inanmıram. Hər hansı versiya varsa, ortaya ona uyğun fakt qoyulmalıdır. Söhbət ondan getmir ki, kimsə sənədlərlə danışmalıdır. Sadəcə versiya ilə iş bitmir. Qərb deyəndə ABŞ, yoxsa Avropa ölkələri nəzərdə tutulur? Türkiyədə terror hadisələrinin icrasına qərar verib arxasında duracaq ölkə kimi gücünə görə ABŞ-ın adı çəkilə bilər. Ancaq Birləşmiş Ştatların başı hazırda daha başqa problemlərə qarışıb. Yenə də qeyd etmək istərdim ki, siyasi hakimiyyətin səhv siyasətinin iflası nəticəsində Türkiyədə belə hadisələr baş verir. Amma digər ölkələrin də bu hadisələrdə əli ola bilər. Həmin ölkələrin Qərb ölkələri olub-olmadığını demək çətindir.
- Suriyada istiqamətində Türkiyə əvvəl ABŞ-la birgə hərəkət edirdi, son proseslərdən sonra Rusiya ilə Hələb anlaşması imzalandı. Ümumilikdə Türkiyənin Suriyaya yönəlik addımlarını necə şərh edərdiniz?
- Türkiyənin Suriya məsələsindəki siyasəti lap əvvəldən dəyişkəndir, onun Suriyadakı addımlarını yanlış sayıram. Hətta deməzdim ki, əvvəl ABŞ-la bir koalisiyada idi. Ötən ilin sonu və bu ilin əvvəlində ABŞ-la birlikdə əməliyyatlarda iştirak təklifinin əleyhinə çıxıb İŞİD-i bombalamadılar. Hətta Türkiyə öz hərbi hava bazalarını ABŞ-a vermədi. Uzun danışıqlardan sonra razılaşdılar ki, İncirlikdən ABŞ təyyarələri qalxa bilər. Sonradan anlaşma əldə edildi. Deməzdim ki, Türkiyə ABŞ-la müttəfiq idi. Eyni zamanda ABŞ-ın kürdlərlə müttəfiq olmasını Türkiyə öz tərəfindən qəbul etmirdi. Türkiyə Suriya məsələsində əvvəl münasibətləri pisləşdirdi, sonra dedilər, Bəşər Əsədlə münasibətləri yaxşılaşdırırıq, sonra yenidən pisləşdi. Yəni davamlı olaraq Suriya mövzusunda öz siyasətində dəyişikliklər etdi, sonadək bir xəttin üzərində dayanmadı.
Yeri gəlmişkən, Ərdoğan 3 milyon Suriya vətəndaşına Türkiyə vətəndaşlığı barədə elanı açıqladı, bu da bölgədə və Türkiyənin özündə ciddi problemlər yaradacaq. Siyasi rəhbərlik fundamental səhvlər edir. Əvvəldən qəbul etdikləri strategiya ilə getmirlər, mərhələdən-mərhələyə öz siyasətlərini dəyişirlər. Bu da nəticə etibarilə problemlər yaradır.
- HDP-li deputatların həbsi fonunda Türkiyə Avropa Birliyinin təzyiqləri ilə üz-üzə qalıb. Avropa ilə münasibətlərdə Türkiyəni nə gözləyir?
- Bu mövzuda geniş danışmaq olar, amma qısaca onu deyə bilərəm ki, Türkiyənin Avropa və yaxud Avropa Birliyindən qopacağına inanmıram. Çünki iqtisadi baxımdan Türkiyə tamamilə Avropaya inteqrasiya olunub, ondan asılıdır. Ümumən Avropa Birliyi Türkiyənin ən əsas iqtisadi partnyorudur. Qopma baş versə, Türkiyə iqtisadiyyatını çox ciddi problemlər gözləyir, fəsadlar çox ciddi ola bilər. Türkiyə NATO-nun üzvüdür və Avro-Atlantik təhlükəsizlik sisteminin çətirinin altındadır, çətirin altından çıxsa, Türkiyə siyasətini ciddi problemlər gözləyir. İlk növbədə ABŞ-la münasibətlər korlanacaq, artıq ilk işartıları görünməkdədir. Həm ABŞ, həm də Avropa Birliyi ölkələri sanksiyalar tətbiq edə bilər ki, bu halda Türkiyə iqtisadiyyatı buna dözməyəcək. Türkiyə cəmiyyətini də Rusiya ilə müqayisə etmək düzgün olmaz. Türkiyə toplumu daha demokratikdir və hələ də müxalifətin gücü qalıb, parlamentdə təmsil olunur. Yaxın Şərq – Suriya, İraq, Yəmən yanır, terror təşkilatlarının, kürdlərin Türkiyəyə sızması və böyük terror aksiyalarının həyata keçirilməsi hələ gündəmdə olacaq. Düşünürəm ki, Ərdoğanın hazırda yürütdüyü siyasət uzunmüddətli olmayacaq, müəyyən dövrdən sonra görəcəyik ki, elan etdikləri strategiya həyata keçmir. Necə ki ruslarla əvvəl normal münasibətlərdə idi, sonra düşmən münasibətlərində oldu, təzədən daha yaxşı münasibətlərə dönüblər, 1 ildən sonra görəcəksiniz ki, geri dönüb yenidən Rusiya ilə düşmən mövqeyinə qayıdıblar. Strateji xəttə əməl edilməyəndə həmişə belə hallar yaşanır.
Nərgiz Ehlamqızı