16 Sentyabr 2014 15:29
1 559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubad İbadoğlu: “Mitinqlərdən tam imtina etmək niyyətində deyilik”

Suallarımıza Müsavat Partiyasının funksioneri, başqanlığa namizəd Qubad İbadoğlu cavab verib.
Q.İbadoğlu seçki kampaniyası, apardığı işlər, partiyadakı mövcud durum, namizədlərin bir-birinə münasibəti, qurultay haqda danışıb.

O, həmçinin başqan seçiləcəyi təqdirdə görəcəyi işlər, atacağı addımlar barədə məlumat verib, Müsavatı necə gördüyünü, bu təşkilatın hansı istiqamətdə daha çox fəaliyyət göstərməsi haqda fikirlərini bölüşüb.

- Qubad bəy, başqanlığa namizəd olaraq Müsavat Partiyasının bütün rayon təşkilatları ilə təmaslarınız olubmu?
- Seçkiyə bir gün qalmışa qədər görüşlərimiz davam edəcək. Artıq rayon görüşlərimizi yekunlaşdırmaq niyyətindəyik. Demək olar ki, Azərbaycanın əksər rayonlarında olmuşuq. Görüşə bilmədiyimiz yeganə region cənub rayonlarımızdır. Bu yaxınlarda cənub regionuna da səfər edəcəyik. Bütünlükdə həm sosial şəbəkələrdə, həm də partiya daxilində fəaliyyətimiz qurultay gününə qədər davam edəcək.

- Qurultayın keçirilməsi yeri ilə bağlı konkret qərar varmı?
- Yekun qərar yoxdur, müzakirələr davam etdirilir. Həm də alternativ məkanlar axtarılır. Bu alternativlərdən biri də şadlıq evləridir. Şadlıq evləri ilə də danışıqlar aparılır. Həm də Bakı Şəhər İcra Hakimiyyəti Səttar Bəhlulzadə adına Mədəniyyət Mərkəzini Müsavata təklif edib. Yəqin ki, yekun qərar qurultaya bir neçə gün qalmışa qədər veriləcək. İndilikdə biz daha münasib alternativ yerlər axtarışındayıq. Səttar Bəhlulzadə adına Mədəniyyət Mərkəzinin zalı qurultay nümayəndələrimiz üçün darısqaldır. Hazırda qurultay nümayəndələrinin sayı 630 nəfərdir. Əlavə olaraq 200 nəfər qonaq olacaq. Ona görə də, bizə 800 nəfərlik zal lazımdır. Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi zal isə bu imkanlara malik deyil. Odur ki, müzakirələrimizi davam etdiririk və yekun qərar da müzakirələrin nəticəsi olaraq veriləcək.

- Qurultayın təxirə salınması ehtimalı nə qədərdir?
- Bu hansısa fövqəladə vəziyyətdə mümkün ola bilər. İndiki vəziyyətdə qurultayın təxirə salınma ehtimalı sıfıra bərabərdir.

- Deyirsiniz ki, sizə 800 nəfərlik yer lazımdır. Bu yer əldə olunmasa necə olacaq?
- Çalışacağıq ki, texniki vasitələrdən də istifadə edək. Yəni qurultay nümayəndələri və qonaqların bir hissəsini zalda yerləşdirək, digər nümayəndələrə şərait yaradaq ki, foyedə qurultayın gedişini texniki vasitələrlə izləsinlər. Son variantda buna gedilə bilər. Qurultayın gedişi açıq və şəffaf olacaq. Hər bir iştirakçı üçün müzakirələr aydın olacaq.

- Sosial şəbəkələrdə və qəzetlərdə belə fikirlər səslənir ki, Müsavatın növbəti başqanı partiya üçün uzun illər əziyyət çəkən şəxs olmalıdır. Yəni Arif Hacılı olmalıdır...
- Əvvəla, başqanlığa namizədlərin opponentləri yoxdur. Opponent əsas elmdə olur. Biz namizədlər olaraq bir-birimizə alternativik, hətta rəqib də deyilik. Bu baxımdan hər bir namizədin özünün seçki platforması var. Təbii ki, seçki platformasında bir neçə istiqamət önə çıxır. Partiya üzvlərinin özləri seçki platformaları ilə tanış olub seçkilərdə seçim etmək baxımından təcrübəli və yetkin şəxslərdir. Odur ki, burada kimin haqqı çoxdur, kimin haqqı azdır məsələsində xüsusi narahatçılıq yoxdur. Bu istiqamətdə, ümumiyyətlə, müzakirələr getmir. Əsas müzakirə Müsavatın gələcəyi, növbəti dövrdə fəaliyyəti üçün hər bir namizədin təqdim etdiyi platforma ətrafında gedir.

- Ancaq iş ondadır ki, seçki platformalarının heç birində Müsavat Partiyasında struktur dəyişikliyi ilə bağlı məqam yoxdur. Yalnız Səxavət Əlisoyun seçki platformasında struktur dəyişiklikləri, partiyanın indiki çağırışlarla uyğunlaşdırılması məsələsi öz əksini tapıb...
- Struktur dəyişikliyi Məclisin üzvlərinin sayını azaltmaq və ya çoxaltmaq hesab oluna bilməz. Struktur dəyişikliyi o olardı ki, Məclisi ləğv edib yeni qurum yaradırsan, icra aparatını başqa strukturla əvəz edirsən və s. Bu strukturların bəziləri nizamnamə ilə tənzimlənir, bəziləri başqanın səlahiyyətində olan məsələlərdir. İndiki halda Müsavat Partiyasının mövcud strukturunu işlək struktur hesab edirik. Ola bilsin ki, müəyyən dəyişikliklər də edilsin.

- Hansı dəyişikliklər?
- Mənim seçki platformama əsasən, ağırlıq mərkəzi həm də Məclisin üzərinə düşəcək. Çünki mən partiyada komissiyaların fəaliyyətinin təşkili və müxtəlif proqramların, konsepsiyaların hazırlanması üzərində iş aparılmasını təklif edirəm. Nizamnaməyə əsasən, komissiyalar Məclis tərəfindən idarə edilir. Bu baxımdan Məclisin funksiyası daha çoxdur. Növbəti mərhələdə mümkündür ki, Məclisin funksiyası daha geniş olsun. Biz Müsavat Partiyasını daima yeniləşdirmək, müasir, sivil və modern partiyaya çevirmək istəyirik. Qeyd edim ki, Müsavatın həm partiyadaxili, həm də ictimai fikirdə hesabatlılıq və şəffaflığını təmin etməyi nəzərdə tuturuq və istiqamətlərdən biri də bu olacaq. Biz çalışacağıq ki, ictimai hesabatlılığı artıraq.

- Başqan seçilsəniz, Arif Hacılı, Səxavət Əlisoy və Tural Abbaslıya münasibət necə olacaq, onlar partiya rəhbərliyində təmsil olunacaqmı?
- Təbii ki, bu qurultaydan sonrakı dövrün müzakirə mövzusudur. O dövrdə biz bunu edəcəyik. İnanıram ki, həmin dövr üçün heç bir problemimiz olmayacaq. Çünki biz namizədlər bundan sonra da partiyada fəaliyyətimizi davam etdirmək niyyətindəyik.

- İddia olunur ki, Müsavatın qurultayına Avropadan kənar müdaxilələr var...
- Mən bunu kənar müdaxilələr hesab etmirəm. Müsavat Partiyasının bir qisim üzvləri Avropada yaşayır və fəaliyyət göstərirlər. Onlar Müsavatın qurulmasında və fəaliyyətində rolu olan şəxslərdir. Odur ki, əgər Avropadan kimlərsə hər hansı bir namizədi dəstəkləyirsə, buna normal baxıram. Hər bir Müsavat üzvünün belə bir hüququ var, nizamnamədə buna məhdudiyyət qoymur. Onlar qurultay nümayəndələri olmasalar da, öz fikirlərini bölüşüblər. Bunu müdaxilə kimi qiymətləndirmək düzgün deyil.

- İddia olunur ki, Qubad İbadoğlu başqan seçilsə, Müsavat Partiyası kabinet partiyası olacaq, kütləvi aksiyalardan imtina edəcək...
- Biz mitinqlər, piketlər və yürüşlərdən siyasi mübarizənin bir vasitəsi kimi istifadə edə bilərik. Nəzərə almaq lazımdır ki, siyasi mübarizənin müxtəlif vasitələri var. Mitinqlər isə daha çox siyasi şəraitdən asılıdır. Mitinqlərdən tam imtina etmək niyyətində deyilik. Amma hesab edirik ki, indiki halda güc müstəvisində fəaliyyət göstərmək lazım deyil. Əsas bizim digər müstəvidə fəaliyyətimizin daha nəticəli olmasıdır. Mən bunu doğru hesab edirəm. Odur ki, mitinqlərdən imtina etməmək şərti ilə siyasi şəraitdə buna müraciət etməklə yanaşı, mübarizəmizi intellektual müstəvidə aparacağıq. Müsavat Partiyası alternativ proqramlar hazırlayacaq, konsepsiyalar ortaya qoyacaq. Bu sənədləri işləməklə özünün gələcəyə baxışını formalaşdıracaq. Düşünürəm ki, Müsavat Partiyasında intellektual potensial imkan verir ki, partiya təhsil, səhiyyə, iqtisadiyyat istiqamətində yaxşı proqramlar hazırlasın, mövcud imkanlardan əhalinin bəhrələnməsi üçün özünün təkliflərini irəli sürsün. Bizdə bu istiqamət davam edəcək. Yəqin ki, ağırlıq intellektual müstəviyə keçəcək. Biz istəyirik ki, alternativləri formalaşdıraq, öz baxışlarımızı ictimailəşdirək. Həm də hakimiyyətin proqramları ilə bizim hazırlayacağımız proqramlar arasında müqayisə yaradaq. Həm də xalqa çıxışlar və bəyanatlarla deyil, proqramlarla seçim imkanı verək. İnsanlar da görsün ki, hansı partiyanın proqramında nələr nəzərdə tutulur, hansı partiya təhsil və ya səhiyyə problemini necə həll etməyi düşünür və s. Fikrimcə, bu, sivil yanaşmadır. Məhz proqramlar əsasında partiyaların həyata keçirmək istədiyi istiqamətlər haqqında insanlar məlumatlı olmalıdır.

- Müsavatın növbəti başqanını qurultay nümayəndələri seçəcək, yoxsa İsa Qəmbər?
- Qurultay nümayəndələri Müsavat Partiyasında seçim hüququna malikdir. İsa Qəmbər də qurultay nümayəndəsidir. Müsavatın növbəti başqanı azad və ədalətli şəkildə təşkil ediləcək seçkidə qurultay nümayəndələrinin iradəsi ilə seçiləcək.

- Ancaq Müsavatın VII qurultayında Məclis üzvlüyünə seçkilər zamanı saxtakarlığa yol verilmişdi. Bu təkrar oluna bilərmi?
- Bunun ehtimalı yoxdur. Siz dediyiniz, əslində, texniki problem idi. Söhbət ondan gedir ki, səslərin sayılması prosesində insanlar iştirak edir və say prosesində ola bilsin ki, hansısa yanlışlıqlar olsun. Ancaq partiya bu məsələləri həll etmək gücünə malikdir. O zaman da bizdə səslər bir deyil, iki dəfə sayıldı və səslərin iradəsi əsasında Məclis formalaşdırıldı. Bir daha deyirəm ki, belə hallar gözlənilmir. Çünki Müsavat Partiyasının qurultay nümayəndələrinin səsini hesablayacaq say komissiyası daha geniş şəkildə formalaşdırılacaq, orada namizədlərin nümayəndələrinin paritet əsasla iştirakına şərait yaradılacaq. Bu baxımdan narahatçılıq yoxdur. Hesab edirəm ki, partiya azad və ədalətli seçkilər keçirmək əzmindədir və buna da nail olacaq.

- Başqan olsanız, hökumətlə münasibətiniz necə olacaq?
- Əslində, bu, ikitərəfli prosesdir. Bizdə bu istiqamətdə qərarlar kollegial veriləcək. Mən bu qərarı özüm arzuladığım kimi vermək iqtidarında deyiləm. Məclis və Divan hansı qərar verəcəksə, biz də bunu davam etdirəcəyik. Ancaq mən cəmiyyətdə həmrəyliyin və birliyin tərəfdarı olmuşam. Hesab edirəm ki, bu xəttimi başqan olandan sonra davam etdirəcəyəm.

- AXCP ilə münasibətlər necə olacaq?
- Münasibətlər siyasi şəraitdən asılı olaraq formalaşacaq. Siyasi şərait tələb edəcəksə, biz müttəfiq olacağıq, şərait tələb edəcəksə, seçkilərdə rəqib olacağıq.

Nemət ORUCOV


Müəllif:

Oxşar xəbərlər