24 Oktyabr 2014 17:24
1 340
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arzu Abdullayeva: «Xədicə İsmayıl İşçi qrupunda yoxdur deyə, həbsdəkilər çürüməlidir?»

“Əgər sosial şəbəkələrdə Xədicə İsmayıl belə şeylər yazmasaydı, tərkibdə təmsil olunacaq və görəcəkdi ki, dialoq aparmaq nə qədər çətindir. Çünki hər tərəf öz mövqeyini əsaslandırır. Lakin sonda razılığa gəlmək mümkün olur. Necə ki, Hilal Məmmədov barəsində razılığa gələ bilmişik. Eləcə də bir sıra məsələlərlə bağlı fikir mübadiləsi olub və nəyəsə nail olmuşuq. Nəticəni də gələcək göstərəcək. Biz insanların həbsdən çıxarmaq üçün burada təmsil olunuruq”.

Bunu Teleqraf.com-a müsahibəsində Helsinki Milli Komitəsinin həmtəsisçisi, hüquq müdafiəçisi Arzu Abdullayeva deyib. Müsahibəni təqdim edirik:

- Arzu xanım, İnsan Hüquqları Problemi ilə bağlı Birləşmiş İşçi Qrupunun fəaliyyətini yenidən bərpa etməsini necə qiymətləndirirsiniz?
- İşçi Qrupunun yaranması və ya fəaliyyətini davam etdirməsi müsbət haldır. Nəhayət, fəaliyyətimiz nəticə verdi. Bu qurumun yaradılması təşəbbüsü Avropa Şurasının baş katibindən gəlib. İqtidar da öz siyasətində doğru addım atdı.

- İşçi Qrupunu yaratmaqda məqsəd nədir?
- Bu, geniş məna daşıyır və ümid edirəm ki, fəaliyyəti də geniş olacaq. Əlbəttə, siyasi mənsubiyyəti olan şəxslərin həbsi məsələsinə baxmaq, əfvə köməklik göstərmək, müzakirələrin nəticəsi olaraq kimlərisə həbsdən azad etməyə səy göstərmək kimi işləri görmək müsbət haldır. İnsan haqları ilə bağlı daha geniş problemlərin burada həlli mümkündür. Cəmiyyətdə hamı aktiv deyil. Həbs edilən siyasi mənsubiyyətli insanlardan savayı, sadə insanlar da var və onlar da bəzən nədənsə əziyyət çəkir, məhkəmələrdən razı qalmırlar. Ümid edirik ki, bu məsələləri də pozitiv formada müzakirə edib müəyyən nəticələrə gələ biləcəyik. Hüquq müdafiəçiləri, adətən, iki üsulla işləyir-ölkə daxilində və ölkə xaricində. Xaricdə işləməyin öz instrumentləri var. Bunlar qətnamələr, öhdəliklər və bunların həyata keçirilməsi haqda hesabatlardır. Ölkə daxilində isə hakimiyyət strukturları ilə danışıqlar aparılır, öz arqument və faktlarını ortaya qoyaraq kimlərinsə həbsdən buraxılmasını, əfvə salınmasını xahiş edirlər. Biz hüquq müdafiəçisiyik və bizə yüzlərlə müraciət olur. Biz də bu problemlərin həlli üçün məmurlarla təmasda olmalıyıq. Ancaq məmurları tapmaq, onlarla kontakta girmək çox çətin olur. Yaradılan İşçi Qrupu imkan verir ki, hakimiyyət nümayəndələri ilə üz-üzə oturub müzakirə aparasan, sübutları ortaya qoyasan və faktiki müdafiə həyata keçirə biləsən. İşçi Qrupu bu baxımdan da böyük imkandır.

- İşçi Qrupunun tərkibinə münasibətiniz necədir?
- Tərkib Avropa Şurası tərəfindən təklif olunub. Mahiyyət də belə olub ki, hökumətin bəlli strukturları tərkibdə təmsil olunsun, eləcə də, hüquq müdafiəçiləri də bu prosesdə iştirak etsin. Bizim ilk toplantıda yeganə qərarımız o oldu ki, Hilal Məmmədov azadlığa buraxılsın və qızının toy mərasimində iştirak etsin. Düzdür, qanunda belə bir şey yoxdur. Məhbusları yalnız yas mərasiminə buraxırlar. Hilal Məmmədovun azadlığa buraxılması fəaliyyətin ilkin göstəricisi və xoş məramdır.

- Hilal Məmmədovun bir neçə günlüyə buraxılması məsələsini kim qaldırmışdı?
- Biz hüquq müdafiəçiləri öz aramızda danışdıq və qərara aldıq ki, belə bir müraciət edək. Fuad Ələsgərov da buna müsbət cavab verdi. Sonra hər kəs razılığını ifadə etdi.

- Ancaq jurnalist Xədicə İsmayıl İşçi Qrupuna ciddi etiraz edir.
- Xədicə İsmayıl da tərkibdə olmalı idi. Baxmayaraq ki, o, cəmiyyətdə radikal mövqeyi ilə seçilir, ancaq bir gün əvvəl bu bəlli idi. Avropa Şurasının İşçi Qrupunda olan nümayəndəsi də bu prosesdə iştirak edir. Tərkiblə bağlı xüsusi söhbət aparılmayıb. Hər kəslə ayrı-ayrılıqda söhbət ediblər. Tərkibdə hüquq müdafiəçilərindən və vətəndaş cəmiyyəti qurumlarından kimin olacağını iclas zamanı bilmişik. Görüşdə hökumətə yaxın QHT və hüquq müdafiəçiləri də təmsil olunurdu. Xədicə İsmayıl hüquq müdafiəçisi deyil, jurnalistdir. Biz də onun namizədliyini müdafiə edəndə deyirdik ki, düzdür, onun İşçi Qrupu haqqında müəyyən tənqidi çıxışları olub, lakin razılıq varsa, buna etiraz etmirik. Hətta onun təmsilçiliyi iqtidar nümayəndələri ilə də razılaşdırılmışdı. Onun özü ilə də danışılmışdı və o da razılığını vermişdi. İndi İşçi Qrupuna qarşı kampaniya aparmaq doğru hal deyil. Xədicə İsmayılın bu tərkibdə olmaması onun özü ilə bağlıdır. İşçi Qrupu toplaşmazdan bir gün əvvəl Avropa Şurasında QHT-lərlə görüş oldu. Bundan sonra Xədicə İsmayıl sosial şəbəkədə təhqiramiz ifadələr işlətdi. Düzdür, məni başqalarından ayırmışdı, digər həmkarlarım haqda belə ifadələr işlətmişdi. Ancaq heç şübhəsiz ki, bu çox mənfi bir atmosfer yaratdı. Xədicə İsmayıl yazmışdı ki, İşçi Qrupundan heç nə gözləmir, bu toplantıda məsələ qaldıracaq ki, hamını azadlığa buraxsınlar, əgər bunu etməsələr, orada iştirak etməyəcək. Əgər sən işçi qrupuna gəlirsənsə, dialoqa hazır olmalısan. Əgər hakimiyyət nümayəndələri və hüquq müdafiəçiləri həmfikir olsaydı, onda heç dialoq da lazım olmazdı. Bu ağıllı işə ona görə razılıq vermişdik ki, dialoq aparaq. Həm də dialoq aparmaq çətin işdir, həm vaxt aparır, həm də əsəblər gərilir. Çünki fərqli mövqelər uzlaşdırılır və ortaq məxrəcə gəlməli olursan. Ancaq bir gündə hamının azad edilməsini tələb etmək mümkün bir şey deyil. Bu o deməkdir ki, sən dialoqdan imtina edirsən. Xədicə İsmayılı nə qədər çox istəsəm də, bu mövqeyi ilə razı deyiləm. Həm də hesab edirəm ki, “kim mənimlə deyilsə, mənə qarşıdır” yanaşması bolşevizmdən irəli gəlir. İndi belə bir rəy yaradılır. Mən bu halı da ədalətsizlik hesab edirəm.

- Niyə belə kampaniya aparılır, məqsəd nədir?
- Əvvəla deyim ki, İşçi Qrupu bir günün içində yaradılmayıb. Bununla bağlı hazırlıq işləri gedirdi. İndi Xədicə İsmayıl orada təmsil olunmur deyə hamının oradan çıxmasını tələb etməsini anlamıram. Hamının burada fəaliyyətindən imtina etməsi, düşmənçilik aparması doğru deyil. Mən bu mövqe ilə razı deyiləm. Biz nəyə görə, bu qurumda təmsil olunuruq? Belə söhbət lazımdır? Baxın, siz necə düşünürsünüz, mənə məşhurlaşmaq, şan-şöhrət lazımdır? Bu fəaliyyətim mənim vaxtımı və əsəblərimi aparacaq. Ancaq biz bura nəyin naminə gəlmişik? Bizim həmkarlarımız, NİDA-çılar və digərlərinin azadlığa çıxmasına nail olmaq üçün.

- İşçi Qrupunun fəaliyyətindən uğurlar gözləyirsinizmi?
- Əlbəttə, gözləyirik. Çalışacağıq ki, həbsdə olan insanlara kömək edək, onların azadlığa çıxmasına nail olaq. Bizə vəzifə, ad, şöhrət lazım deyil. Bu, pulsuz bir işdir, ictimai fəaliyyətdir. Odur ki, damğalamaq, qara piara çevirmək, kampaniya aparmaq düzgün deyil və buna son vermək lazımdır. Sosial şəbəkələrdə yayıblar ki, bu işi bəyənməyənlər, bunu qəbul etməyənlər imza atsınlar. Anlamıram, hansı işi bəyənmirlər? Bir Xədicə İsmayıl yazıb ki, mən bundan heç nə gözləmirəm, tərkibə inanmıram və s. Sonra da yazır ki, mən ora gedəcəyəm. Bu, düzgün deyil və əslində piardır. Demək istəyirlər ki, mən cəsarətliyəm. Axı bu cəsarətdən həbsdə olanlar nə qazanacaq? Mən barədə hamı bilir. Görürlər ki, açıq danışanam, tənqidi fikirlərim var. Lakin mən heç vaxt təhqirə keçmirəm. Lazım olanda da dialoqa gedirəm ki, kiməsə köməkliyimiz dəysin. Bundan başqa məqsədimiz yoxdur və ola da bilməz. Odur ki, bu lazımsız kampaniyanı dayandırmaq lazımdır.

- İşçi Qrupunun işi necə olacaq, toplantılarınız hər həftə keçiriləcək?
- Yəqin ki, ayda bir dəfə toplaşacağıq. Bunu dəqiq bilmirəm. Çünki əsasnamə hazırlanmayıb. Ancaq dialoq lazımdır və vacibdir. Bu, asan proses deyil. Üstəlik ətrafda da ayrı görüntü yaradanda, işimizi daha da ağırlaşdırır. Onsuz da daxildə çətin olur. Əgər sosial şəbəkələrdə Xədicə İsmayıl belə şeylər yazmasaydı, tərkibdə təmsil olunacaq və görəcəkdi ki, dialoq aparmaq nə qədər çətindir. Çünki hər tərəf öz mövqeyini əsaslandırır. Lakin sonda razılığa gəlmək mümkün olur. Necə ki, Hilal Məmmədov barəsində razılığa gələ bilmişik. Eləcə də bir sıra məsələlərlə bağlı fikir mübadiləsi olub və nəyəsə nail olmuşuq. Nəticəni də gələcək göstərəcək. Biz insanların həbsdən çıxarmaq üçün burada təmsil olunuruq. Əvvəlcədən belə rəy yaratmaq nəyə lazımdır? Odur ki, üzümü dostlarıma tutub deyirəm ki, bir qədər dayanın, əgər işçi qrupu işləməsə, ondan sonra danışarsınız. Ancaq indi uşaqların taleyini bir küncə atmaq olmaz. Xədicə təmsil olunmur deyə həbsdə olanlar həbsxanalarda çürüyüb qalmalıdır? Vəziyyəti niyə gərginləşdirirlər, niyə bu təklifi vurub pis rəy yaradırlar? Adam başqasının səhvini göstərəndə öz səhvini də etiraf etməlidir.

Nemət Orucov


Müəllif:

Oxşar xəbərlər