“İlk dəfədir ki, BMT-nin VII bəndinə əsasən bir ölkəyə qarşı tətbiq edilən sanksiyalar aradan qaldırılır və razılıq əldə olunur. Başqa sözlə, müharibə olmur, hərbi hərəkət baş vermir. İlk dəfədir ki, qətnamə çıxaran ölkələr sanksiyaları aradan qaldırmaq üçün danışıqlar masasına gəlir. Təbii ki, bu prosesin regiona təsirləri olacaq. Bununla da, regionda və dünya səviyyəsində əməkdaşlıq üçün qarşılıqlı etimad mühiti yaranır. Əlbəttə, bu, müsbət hadisədir”.
Bunu Teleqraf.com-a müsahibəsində İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani bildirib. Müsahibəni təqdim edirik:
- Əfşar bəy, Lozanna danışıqlarından sonra Amerika-İran münasibətlərində dönüşün yarandığını deyə bilərikmi?
- Hazırda İran-Amerika münasibətlərindən söhbət etmək olmaz. Münasibət o zaman baş verir ki, siyasi baxımdan ölkələr arasında bütün məsələlər ətrafında danışıqlar, müzakirələr olur. Eyni zamanda səfirliklər qarşılıqlı şəkildə fəaliyyət göstərir. 1979-cu il inqilabından sonra İrandakı Amerika səfirliyi inqilabçı tələbələr tərəfindən işğal edildi və iki ölkə arasında əlaqələr kəsildi. 35 ildir ki, İranla Amerika arasında rəsmi əlaqə olmayıb. Heç qeyri-rəsmi münasibətlər də olmayıb. Ola bilsin ki, bəzi məsələlərlə bağlı təmaslar olub. Əsasən, İraq və Əfqanıstan məsələsinə dair bəzi söhbətlər baş tutub. Həsən Ruhani prezident olandan sonra İranın ali dini rəhbəri icazə verdi ki, Amerika ilə danışıqlar aparılsın. Ancaq bu danışıqlar əsasən İranın nüvə texnologiyası mövzusunda aparılır və başqa sahələri əhatə etmir. Buna da iki ölkə arasında qarşılıqlı, diplomatik əlaqə demək olmaz. Məsələyə bu cür yanaşılmalıdır. Əlbəttə, prezident Əhmədi Necat dövründə də Amerika ilə danışıqlar olmuşdu. Bu danışıqlar da qeyri-rəsmi idi və elan olunmamışdı. İndilikdə isə Lozannada danışıqlar aparılıb və iyun ayında müqavilə imzalanacaq. Bununla da İranla “altılıq” ölkələri arasında anlaşma baş verə bilər. İndilikdə böyük hadisə odur ki, Ruhani prezident olandan sonra ali dini rəhbərin icazəsi ilə rəsmi olaraq danışıqlar başlayıb. Xarici işlər nazirləri son yüz ildə ilk dəfə olaraq saatlarla müzakirə apardı. Vaxt baxımından bu, ən uzun danışıqlardır. Tərəflər arasında razılıq əldə edildikdən sonra digər məsələlər də müzakirə edilə bilər. Hazırda Yaxın Şərqdə, Fars körfəzində, Suriya və Yəməndə problemlər var. Mümkündür ki, bu istiqamətdə də danışıqlara gedilsin. Ancaq bu nüvə razılaşmasından sonra baş verə bilər. Əgər iki ölkə arasında nüvə danışıqları aparılıbsa, kilid sınıbsa, nədən digər məsələlər müzakirə edilməsin? Məncə, razılıq əldə olunsa, tərəflər bir-birini başa düşə bilsə, iki ölkə arasında əlaqələrin yaranmasına zəmin yarana bilər. Ancaq güman etmirəm ki, qeyd edilən proses indiki mərhələdə baş versin.
- Bəs nə zaman baş verə bilər?
- İndilikdə Barak Obamanın səlahiyyət müddətinin başa çatmasına çox az zaman qalıb. Səhv etmirəmsə, iki ildən də az müddət qalır. Yaxın iki ildə İran-Amerika rəsmi əlaqələrinin yaranacağını güman etmirəm. Amma müxtəlif vacib məsələlərlə bağlı, eləcə də, regionda baş verən proseslərə dair danışıqların aparılması ehtimal edilir. Bir daha qeyd edim ki, bütün bu proses iyun ayında nüvə razılaşması imzalanandan sonra baş verə bilər.
- Deyirsiniz ki, nüvə razılaşması əldə edilməyib, bu iyunda baş tutacaq. Ancaq Amerika prezidenti Lozanna müzakirələrindən sonra elan etdi ki, İranla aparılan danışıqlarda razılaşma əldə edilib...
- Mən hüquqi razılaşmadan bəhs edirəm. Lozannada əldə edilən razılaşma siyasi baxımdan razılaşmadır və elan edilib. Yəni bunu bir bəyanat kimi qəbul edirlər. Bu razılaşmada hüquqi baxımdan icra edilməli bir şey yoxdur. Sadəcə olaraq siyasi razılaşma çərçivələri müəyyən edilib, tərəflər bununla bağlı anlaşıblar. Yəni bu çərçivələr əsasında razılığın əldə olunması qərarlaşdırılıb. Siyasi razılaşmadan sonra qərara alınıb ki, yaxın üç ay müddətinə razılaşmanın hüquqi əsasını yaratsınlar. Bununla da, İranın nüvə məsələsi ilə bağlı, eləcə də, qarşı tərəfin öhdəlikləri bilinsin. Həmçinin burada sanksiyaların qaldırılması məsələsi də var. BMT-nin, eləcə də Avropa Birliyinin və Amerikanın sanksiyaları aradan qaldırılmalıdır. Həm də bu anlaşma BMT Təhlükəsizlik Şurasında təsdiq edilməlidir. Təhlükəsizlik Şurasında mövcud olan bir qətnamə ləğv edilməli və 5+1 ölkələri arasında razılaşma təsdiq olunmalıdır. Bu razılaşma beynəlxalq hüquqla uyğunlaşdırılmalıdır. İndi ABŞ-da respublikaçı konqresmenlər çıxışlar edir, nələrsə deyir, bu prosesin əleyhinə çıxırlar. Bu razılaşma BMT-də təsdiq edilsə, həmin konqresmenlər də yerində oturarlar. Burada İran-Amerika arasında bir sənəd imzalanmır ki, Konqresdə kimlərsə çıxış etsin, bu sənədi dəstəkləsin və ya əleyhinə çıxsın. Amerika 5 ölkə ilə bərabər bu sazişi imzalayır. Bu razılaşma bir ölkənin sənədi deyil. BMT-də sənəd təsdiqlənəcək, sanksiyalar aradan qaldırılacaq.
- Bu danışıqlar baş tutsa, razılaşma əldə olunsa, bu proses regionda stabillik və sülhün yaranmasına hansı təsirlər göstərəcək?
- Bu, böyük bir problem idi. Demək olar, ilk dəfədir ki, BMT-nin VII bəndinə əsasən bir ölkəyə qarşı tətbiq edilən sanksiyalar aradan qaldırılır və razılıq əldə olunur. Başqa sözlə, müharibə olmur, hərbi hərəkət baş vermir. İlk dəfədir ki, qətnamə çıxaran ölkələr sanksiyaları aradan qaldırmaq üçün danışıqlar masasına gəlir. Təbii ki, bu prosesin regiona təsirləri olacaq. Bununla da, regionda və dünya səviyyəsində əməkdaşlıq üçün qarşılıqlı etimad mühiti yaranır. Əlbəttə, bu, müsbət hadisədir.
- Yəməndə nə baş verir. Doğrudanmı, Yəməndə şiələri İran, sünniləri isə Səudiyyə Ərəbistanı dəstəkləməklə bu ölkəni hərbi poliqona çevirirlər?
- Ümumiyyətlə, Səudiyyə Ərəbistanı və ona dəstək verən bəzi ərəb ölkələrinin Yəmənə hücum çəkməsi insani və beynəlxalq qaydalara uyğun bir hal deyil. Normalda bu proses pislənilməlidir. Çünki bir ölkə başqa bir ölkəyə hərbi müdaxilə edir. İran dövləti Yəmənə hərbi müdaxilə etməyib ki, başqaları da, bunu etsin. Odur ki, bu məsələdə İranla Səudiyyə Ərəbistanının müqayisəsi doğru deyil. İkincisi, Bəhreyn də ordu yeridib. Ancaq bu da beynəlxalq qaydalara uyğun deyil. Məsələnin mahiyyəti isə ondadır ki, Səudiyyə Ərəbistanı öz daxilindən qorxduğu üçün bunu edir. Ancaq fikrimcə, bu yol Səudiyyə üçün yaxşı bir nəticə verə bilməz. Söhbət ondan gedir ki, Səudiyyə Ərəbistanı öz daxilindən ehtiyat edir. Bu ölkədə kral dəyişib, ölkə daxilində xalqla müəyyən problem, narazılıqlar var. Səudiyyə pullu və gəlirli dövlət olmasına baxmayaraq müəyyən sosial-iqtisadi problemləri var. Bunu da ört-basdır etmək üçün də Yəmənə hücum çəkir. Beləliklə də, şiə məsələsini orada ortaya çıxarırlar. Hər halda Yəməndə xalq bir qrupu dəstəkləyib və onlar da nəsə ediblər. İrandan da siyasi baxımdan dəstək istənilib, İran da bu dəstək göstərib. Ancaq buna görə, Yəməni bombalamaq, insanları qırmaq düzgün deyil. Fikrimcə, indiki mərhələdə böyük bir regionda sünni-şiə məsələsini yaratmaq, bundan istifadə etmək olduqca zərərli işdir və bunun acı nəticələri ola bilər. Ortada söhbət müsəlmanlardan gedir. Ancaq sünni-şiə fərqliliyi yaratmaq, bu prosesi inkişaf etdirmək müsəlman həmrəyliyinə, İslamın inkişafına ziyandır. Əslində, müsəlman ölkələri bu məsələyə ciddi yanaşmalıdır. Müsəlman ölkələrində demokratiya inkişaf etmədiyi üçün belə hallar baş verir. Onlar öz daxillərində hansısa problemlərdən qaçmaq üçün bu kimi üsullara əl atırlar. Məncə, bu yol davam etməməlidir. Sadəcə Yəməndə müxalif qruplar da var. Əgər kimsə Yəmənə kömək etmək istəyirsə, tərəflər arasında dialoqun başlaması üçün dəstəyini göstərməlidir. Beləcə, problemin çözülməsi ölkə daxilindəki qüvvələrin iştirakı ilə baş verməlidir. Təbii ki, Yəmənə edilən hücumlar, insanları öldürmək, infrastrukturu dağıtmaq böyük ziyanlar gətirir. Həm də nəzərə almaq lazımdır ki, bu cür davam edərsə, Yəmən də Suriyaya çevrilə bilər. Buna ehtiyac yoxdur. Hesab edirəm ki, hadisələrin bu istiqamətdə inkişafına yol verilməməlidir. Bu hadisənin qarşısı dərhal alınmalıdır. Tərəflər oturub müzakirələr aparmalı, regional ölkələr də bu məsələdə Yəmənə dəstək ifadə etməlidir. Hücumlarla, insanları öldürməklə bunu həll etmək mümkün deyil.
- Sizcə, Yəmən üzərindən İranla Səudiyyə Ərəbistanı arasında ciddi problem yaşana və tərəflər bir-birini hədəfə götürə bilərmi?
- Ümumiyyətlə, mən bunu gözləmirəm. Məsələ ondadır ki, nüvə danışıqları aparılıb, bu nəticə verib və yəqin ki, iyun ayında tam nəticəsini görəcəyik. Yaxın üç ay müddətində bu məsələ ətraflı müzakirə ediləcək, saziş imzalanacaq. Güman etmirəm ki, bu ərəfədə dediyiniz problemlər yaransın. Əksinə, nüvə danışıqları ilə bağlı anlaşmanın əldə edilməsi, digər məsələlərin həlli üçün müsbət təsir göstərə bilər. Fikrimcə, bu proses regionda sülh və əmin-amanlığın yaranmasına səbəb olacaq. Nüvə danışıqlarından sonra Yəmən, eləcə də Suriya məsələsi ətrafında müzakirələr aparıla bilər. Onsuz da bu hallar danışıqlar yolu ilə həll edilməlidir. İran dövləti və prezidenti də hesab edir ki, dünyada əməkdaşlıq, qarşılıqlı etimad mühiti olmalıdır. İran tərəfi bunu bəyan edib və bildirib ki, hər bir problemi danışıqlar vasitəsilə həll etməyi vacib sayır. Müharibə və qarşıdurmaların, hərbi müdaxilələrin olması isə yaxşı praktika deyil.
Nemət