10 Aprel 2015 14:35
1 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Razi Nurullayev: “Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyəti daha da artacaq”

“Azərbaycan bu iki ölkə arasında münasibətlərin normal olmasını istəyir. Ancaq Azərbaycan hələlik beynəlxalq müstəvidə vasitəçilik rolunda çıxış etməyib. Görünən budur ki, belə bir niyyətimiz də yoxdur və bu da təbiidir. Nəzərə almaq lazımdır ki, dünyada daha böyük oyunçular və mərkəzlər var. Azərbaycanın belə bir fikirdə olmasına ciddi ehtiyac yoxdur. Nəzərə alın ki, münaqişənin baş verdiyi region Azərbaycana çox da yaxın deyil, üstəlik biz bu regionu yaxından tanımırıq, orada nələrin baş verdiyinə dərindən bələd deyilik, münaqişənin kökünü tam bilmirik. Üstəlik bu məsələdə Azərbaycanın hər hansı bir marağı da yoxdur. Odur ki, burada Azərbaycanın vasitəçilik rolu müsbət qarşılana bilər, amma bunun nəticəsi olmaya da bilər”.

Bunu Teleqraf.com-a müsahibəsində politoloq Razi Nurullayev bildirib. Müsahibəni təqdim edirik:

- Razi bəy, İranla “altılıq” ölkələri arasında nüvə danışıqları uğurla nəticələndi. Bunun regiona təsiri necə ola bilər?
- İranla əldə olunan razılaşmanı təkcə Azərbaycanın maraqları baxımından deyil, ümumilikdə region və dünya üçün önəmli hadisə hesab edirəm. Çünki İranın nüvə proqramının dayandırılması ilə əlaqədar İrana qarşı sanksiyaların tətbiqi heç bir nəticə verməyəcəkdi. Bəllidir ki, 1979-cu ildən bu yana İrana qarşı sanksiyalar tətbiq edilir, lakin bunun nəticəsi yoxdur. Bundan sonra da nəticə verməyəcək. Düzdür, bu sanksiyalar İranı zəiflədir, müəyyən sosial problemlər yaradır, onu təcrid edir. Ancaq bütün bunlar sonda İranın əzmini qıra bilmirdi. Odur ki, sanksiyaların nəticə vermədiyi səbəbindən İranla müharibəyə başlamaq böyük problem və faciələrə səbəb olardı. Həm də demək olmazdı ki, bu müharibədə qalib gələn kim olacaq. Çünki İraq və Əfqanıstan, eləcə də, Suriya və “Ərəb baharı” səbəbindən digər ölkələrdə baş verən hadisələr gözümüzün önündədir. Bu heç də yaxşı mənzərə deyil. Bu baxımdan İranla anlaşmanın əldə edilməsi əhəmiyyətli hadisədir. Zənnimcə, bu razılaşmalara tərəflər əməl edərlərsə, iyun ayından başlayaraq İrana qarşı tətbiq edilən sanksiyalar aradan qaldırılarsa, İran iqtisadiyyatı inkişaf edəcək. Bu proses Azərbaycan iqtisadiyyatının inkişafında da müəyyən rol oynaya bilər. Eyni zamanda regionda stabilliyin yaranması üçün zəmin ola bilər. Təbii ki, bu proses dünya bazarında enerji daşıyıcılarının qiymətində sabitliyin yaranmasına da təsir göstərə bilər. Bütövlükdə bu anlaşma qlobal dünya üçün əhəmiyyətlidir. Bu prosesə mənfi yanaşanları heç cür anlamaq olmur.

- Bu anlaşma regionda Azərbaycanın geosiyasi və geostrateji əhəmiyyətini azalda bilərmi?
- Fikrimcə, yox. Hesab etmirəm ki, İranla bağlı problemlər bir ayın içində öz həllini tapacaq. Bu proses bir neçə il çəkəcək, danışıqlar mərhələli formada aparılacaq. Bütün istiqamətlərdə razılaşmanın əldə olunması və narazılıqların aradan qaldırılması üçün üç il zaman tələb ediləcək. Başqa sözlə, yaxın üç il müddətinə Azərbaycanın regionda geosiyasi və geoiqtisadi baxımdan əhəmiyyəti bir qədər də artacaq. Üstəlik hazırda “altılıq” ölkələri ilə İran arasında aparılan nəticəli danışıqların fonunda ən böyük problemlərdən biri İsrail-İran münasibətləri idi. İrana qarşı sanksiyaların tam aradan qaldırılması, barışın yaranması hazırda İsraili narazı salıb. Fikrimcə, İsraillə İran arasında qarşıdurma davam edəcək. Bu proses davam etdikcə, Azərbaycanın strateji önəmi azalmayacaq, əksinə, bir qədər də artacaq.

- İran təcrid vəziyyətindən çıxacaqsa, onun Ermənistana ehtiyacı indiki qədər qalacaq, yoxsa aradan qalxacaq?
- Əslində, bu, tam olaraq ehtiyac məsələsi deyil. Ola bilsin ki, bir sıra infrastruktur layihəsi var ki, İran bunu məcburən, maraqlarına zidd olsa da, daha böyük investisiyalar qoyaraq həyata keçirir. İndilikdə daha gözəl və ucuz şanslar yaranarsa, təbii ki, Tehran bu kimi layihələrə maraq göstərəcək, bahalı proyektlərdən imtina edəcək. Amma gələcəkdə müəyyən dəyişikliklər ola bilər. İran-Ermənistan münasibətlərində olan yaxınlıq, əslində, Tehranın İrəvana kömək etmək marağından doğmur. İlkin dövrlərdə bu münasibətlər müəyyən mənada Azərbaycana cavab və ya reaksiya kimi də qiymətləndirilirdi. Yəni sən İsrail və Amerika ilə əməkdaşlıq edirsənsə, mən də Ermənistanla əməkdaşlıq edəcəyəm. Amma indi İranla bağlı problemlər aradan qalxandan sonra hesab etmirəm ki, Tehran-İrəvan münasibətləri sıx olsun. Fikrimcə, İran Azərbaycanın qeyd etdiyim ölkələrlə əməkdaşlığına hörmətlə yanaşacaq, İranla da münasibətlərimiz bir qədər irəliyə gedəcək. İran-Azərbaycan münasibətlərinin bir qədər də yaxşılaşması, İran-Ermənistan münasibətlərinin müəyyən qədər soyumasına gətirib çıxara bilər. Hər halda mən bunu Azərbaycan üçün avantaj hesab edirəm.

- Yəməndə baş verən hadisələr fonunda Türkiyə-İran, İran-Səudiyyə Ərəbistanı münasibətlərində problemlər yaşanır. Azərbaycan isə hər üç ölkə ilə gözəl münasibətlər qura bilib. Bu vəziyyəti necə şərh edirsiniz?
- Hazırda problemin indiki şəkildə davam etməsində Amerika tərəfi də maraqlı deyil. Söhbət ondan gedir ki, Səudiyyə Ərəbistanının Yəməndə husilərə qarşı apardığı hava hücumu, sabiq prezident Abdulla Salehinin hakimiyyətə gətirmək cəhdi Amerika və güc mərkəzləri ilə razılaşdırılmayan məsələdir. Sadəcə olaraq ərəb ölkələri ilə İran arasında tarixən kəskin, nifrət dolu münasibətlər var. Bundan əlavə, onlar dini baxımdan da fərqli ölkələr hesab oluna bilər. İran şiə, Səudiyyə isə sünni məzhəbindədir. Üstəlik indi Yəməndə iqtidar olmaq istəyən qüvvələr şiə məzhəbindədir və İrandan da dəstək alırlar. Yəməndə İran dəstəyinin olması, şiə nüfuzunun güclənməsi həmin region üçün təhlükə mənbəyi hesab olunur. İndi yaşananlar İranla ərəb dünyası arasında olan münaqişədir. Başqa sözlə, mən burada Qərb barmağını görmürəm.

- Yəmən probleminin həlli yaxın günlərdə çözülə bilərmi, yoxsa bu ərazidə İranla Səudiyyə arasında qarşıdurma hələ uzun müddət davam edəcək?
- Yəməndə baş verən münaqişənin tezliklər həlli gözlənilmir. Bu münaqişə daha çox Suriya və Ukrayna münaqişəsinə doğru istiqamət alır. Yəməndə sülhün əldə olunmasını, sabitliyin yaranmasını yaxın zamanlarda gözləmək sadəlöhvlük olardı. Çünki məsələ tək burada İranın husiləri, Səudiyyə Ərəbistanın isə sabiq prezidenti müdafiə etməsi fonunda deyil. Burada baş verənlər həm də geopolitik maraqlar üzərində qurulan məsələdir. Heç bir tərəf məqsədindən geri çəkilmək niyyətində deyil. Burada həm Səudiyyə Ərəbistanına, həm də İrana Qərbin təsir etmək imkanları zəifdir. Odur ki, bu münaqişənin hələ davam edəcəyini gözləyirəm. Mümkündür ki, Yəməndə sülhün əldə olunması üçün atəşkəs imzalansın. Ancaq hər bir tərəf öz mövqeyində qalacaq. Prosesin sülh vasitəsilə həlli yolu əldə edilənə qədər zaman lazım gələcək. Odur ki, indilikdə Yəmən üçün gözəl bir gələcək, stabillik, dövlətin möhkəmlənməsi kimi pozitiv proseslər gözləmirəm.

- Səudiyyə Ərəbistanı və İran arasında münasibətlər kəskindir. Azərbaycan isə hər iki ölkə ilə gözəl münasibətlərə malikdir. Biz bu məsələdə vasitəçi rolunda çıxış edə bilərikmi?
- Təbii ki, Azərbaycan bu iki ölkə arasında münasibətlərin normal olmasını istəyir. Ancaq Azərbaycan hələlik beynəlxalq müstəvidə vasitəçilik rolunda çıxış etməyib. Görünən budur ki, belə bir niyyətimiz də yoxdur və bu da təbiidir. Nəzərə almaq lazımdır ki, dünyada daha böyük oyunçular və mərkəzlər var. Azərbaycanın belə bir fikirdə olmasına ciddi ehtiyac yoxdur. Nəzərə alın ki, münaqişənin baş verdiyi region Azərbaycana çox da yaxın deyil, üstəlik biz bu regionu yaxından tanımırıq, orada nələrin baş verdiyinə dərindən bələd deyilik, münaqişənin kökünü tam bilmirik. Üstəlik bu məsələdə Azərbaycanın hər hansı bir marağı da yoxdur. Odur ki, burada Azərbaycanın vasitəçilik rolu müsbət qarşılana bilər, amma bunun nəticəsi olmaya da bilər.

- Azərbaycanla ərəb dünyası arasında münasibətləri necə qiymətləndirirsiniz?
- Azərbaycan ərəb dünyası ilə yaxından və dərindən münasibətlər qurmalıdır. Bizim münasibətlərimiz artıq neçə illərdir ki, yaranıb. Son aylar dünya bazarında neftin qiymətinin aşağı düşməsi, ölkəmizdə investisiyaların azalması və digər proseslər fonunda daha çox pulu olan ərəb ölkələri ilə əməkdaşlıq, ərəb investisiyanın ölkəmizə cəlb edilməsi olduqca lazımdır. Odur ki, indilikdə baş verənləri çox müsbət qiymətləndirmək lazımdır. Həm Səudiyyə Ərəbistanında, həm Qətərdə, həm də digər ərəb ölkələrində kifayət qədər sərbəst vəsait var və ərəblərin də investisiya qoymaq imkanları genişdir. Azərbaycan isə müsəlman ölkəsidir və ərəb dövlətləri ilə gözəl münasibətləri var. Bunun fonunda ərəb investisiyasının Azərbaycana gətirilməsi vacibdir. Hesab edirəm ki, Azərbaycan prezidentinin ərəb ölkələrinə olan səfəri, aparılan danışıqlar da, məhz ərəb investisiyalarının ölkəmizə cəlb edilməsi, bu dövlətlərlə daha yaxşı iqtisadi-siyasi və ticari əlaqələrin qurulmasına hesablanıb. Səfər çox yüksək səviyyədə keçirildi və bunun nəticələri olacaq.

- Son zamanlar Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq həmsədrlərin regiona səfəri intensivləşir, danışıqlar aparılır, təmaslar qurulur. Çalxalanan geosiyasi vəziyyətdə Qarabağ münaqişəsinin həlli üçün zəmin varmı?
- Həmsədrlərin regiona intensiv səfərləri olsa da, ortada nəticə yoxdur. Hesab edirəm ki, yaxın dövr üçün də nəticə olmayacaq. Həmsədrlər sadəcə vəzifə başındadır və vəzifələrini yerinə yetirirlər. Buna görə də, əmək haqqı alırlar, təyyarələrdə uçurlar, görüşlər keçirirlər, müzakirələr aparırlar. Yəni onlar vəzifələrini icra edirlər. Ancaq indilikdə münaqişənin həlli üçün ortada ciddi əsaslar yoxdur. Bütün təkliflər də səsləndirilib. Məncə, münaqişənin həlli üçün Ermənistana ciddi təzyiqlər edilməlidir. Bunu isə hələlik görmürük.

Nemət


Müəllif:

Oxşar xəbərlər