“I Avropa Oyunlarının Bakıda keçiriləcəyi bəlli olanda bu problemlərin yaşanacağı aydın idi. Azərbaycanın belə mötəbər idman yarışında önə çıxması, təşəbbüsü ələ alması və öz təbliğatını bunun üzərində qurması onlarda qıcıq doğurur. Azərbaycanı istəməyən qüvvələr tərəfindən gözdənsalma kampaniyasının aparılacağı aydın idi. Ona görə də, bizim buna hazırlıqlı olmağımız lazım idi və əvvəlcədən də bilirdik ki, belə hallar gözlənilir. Bu mənada indi belə kampaniyalara fikir vermədən bu yarışları yüksək səviyyədə həyata keçirməliyik. Onlar nə qərar qəbul edirlərsə, etsinlər. Soçi olimpiadası öncəsi də belə halları müşahidə etdik, ancaq Rusiya olimpiadanı yüksək səviyyədə keçirdi, əsas diqqəti yarışların özünə yönəltdi. Biz də çalışmalıyıq ki, Azərbaycana qarşı olan təzyiqlər bizi əsas hədəfimizdən yayındırmasın”.
Bunu Teleqraf.com-a müsahibəsində Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bildirib. Müsahibəni təqdim edirik:
- Fazil bəy, Prezident Riqa sammitinə qatılmadı. Diplomatik mənbələrin məlumatına görə, bu addım Avropanın Azərbaycana qarşı apardığı qərəzli kampaniyaya etiraz olaraq atılıb. Bu durumu necə şərh edirsiniz?
- Mən bunu normal qiymətləndirirəm. Bildiyiniz kimi, aprel ayında Avropa Parlamenti tərəfindən saxta “erməni soyqırımı”nın dəstəklənməsinə dair qərar qəbul edildi. Bundan sonra nə Azərbaycanın, nə də Türkiyənin Avropa Parlamentinə ciddi yanaşması doğru olmazdı. Açıq-aşkar, həyasızcasına ermənilərə siyasi dəstək vermək üçün belə qərar verdilər. Elə bu qərarı əsas götürərək Riqa zirvə görüşünə getməmək olardı. Bundan sonrakı dövrdə bizim maraqlarımız tələb etdiyi təqdirdə müəyyən addımlar atmağımız labüddür. Ancaq siyasi maraqlar o zaman önə çəkilir ki, Avropa Birliyindən Azərbaycana dəstək xarakterli hansısa bir addım görünsün. İndi də gözlənilir ki, Avropa Parlamenti Azərbaycanda keçiriləcək I Avropa Oyunları ilə bağlı təzyiq xarakterli qərar qəbul etsin. Bu da yolverilməzdir. İdmanın açıq-aşkar siyasətə alət edilməsi düşüncəsi var. Məncə, indiki halda Azərbaycan tərəfinin ortaya sərt mövqe qoyması yerindədir. Hesab edirəm ki, elə hallar olur ki, bu zaman Avropa Parlamentinə çatdırmaq lazımdır ki, biz səmimi əməkdaşlıq edirik və hər hansı şəkildə bizə aşağılayıcı mövqe sərgiləmək qəbuledilməzdir. Odur ki, indiki situasiyada Prezidentin Riqaya getməməsini doğru və yerində olan addım hesab edirəm.
- Avropa Parlamenti mayın 12-də də qətnamə qəbul etmişdi. Bunu necə şərh etmək olar?
- Mən bütün hallarda onların qərarlarının Azərbaycan və türk dünyası üçün faydalı olmadığı düşüncəsindəyəm. Saxta “erməni soyqırımı” ilə bağlı bu qədər açıq bir qərarın qəbul edilməsi və Türkiyə ilə Azərbaycana qarşı qərəzin ortaya qoyulması göstərdi ki, niyyət başqadır. Yəni bu qurumu Azərbaycanda insan haqları qətiyyən düşündürmür. Bu baxımdan bizim də Avropa Birliyinə münasibətimiz gözlənilən olmalıdır. 12 may qətnaməsində də bu qurumun Azərbaycana qarşı qərəzini açıq-aşkar görmək olur.
- Avropa Birliyinin əsl niyyəti nədir?
- Niyyət Qafqaz regionunda Azərbaycanın aparıcı mövqeyə çıxmasını əngəlləməkdir. Onlar baxırlar ki, bütün hallarda mədəniyyət, idman, iqtisadiyyat və digər sferalarda Azərbaycan Gürcüstan və Ermənistanla müqayisədə irəliləyişə sahibdir. Bölgədə liderlik uğrunda mübarizə gedir və Azərbaycan burada öncül mövqedədir. Bu qurum isə Azərbaycana mane olmaq, onu Ermənistan və Gürcüstandan arxa planda saxlamaq düşüncəsindədir. Bu da, qəbuledilməz haldır. Hesab edirəm ki, Avropa İttifaqı bu cür münasibətinə görə tənqid edilməli və lazımi addımlar atılmalıdır.
- Dünən bəlli olub ki, yaxın günlərdə Avropa Parlamenti Azərbaycana qarşı daha bir qətnamə qəbul edəcək. Bu haqda sizin informasiyanız varmı?
- Təbii ki, məlumatımız var və dediyiniz istiqamətdə bir şeylər hazırlanır. Ona görə də, Azərbaycan Avropa İttifaqının diqqətinə çatdırır ki, bizimlə səmimi münasibət saxlayırsınızsa, saxlayın. Qeyri-səmimi münasibətin heç kimə faydası yoxdur. Nəzərə alın ki, bu kimi fəaliyyət dövlətin qüruruna toxunan məsələdir. Buna da cavab verilir.
- Azərbaycanın Avropa Birliyi ilə bu şəkildə davranışının bir nəticəsi olacaqmı?
- Nəticəsi o olacaq ki, Azərbaycanı Ukraynaya çevirə bilməyəcəklər. Avropa Birliyi ilə ən yaxın münasibət quran Ukraynanın aqibəti ortalıqda deyilmi? Avropa Birliyi hansısa bir qüvvənin Azərbaycana hücumunu dayandıracaq gücdə deyil. Sadəcə olaraq bu təzyiqləri bizə ikiqat zərbə vurur. Biz bu məsələdə öz marağımızdan çıxış etməliyik. Vacib olanı budur.
- Ermənistan prezidenti Sarkisyanın Riqa sammitinə qatılmasını necə şərh etmək olar?
- Sarkisyan Riqaya Rusiyanın icazəsindən sonra gedir. Çünki Rusiyanın razılığı olmadan erməni prezidenti bu addımı ata bilməz. İkincisi, Sarkisyanın bu tədbirə qatılması da Avropa İttifaqının qeyri səmimiliyini göstərir. Ukraynanın ərazi bütövlüyünün əleyhinə səs verən Ermənistan heç bir halda tənqid edilmir, əksinə, çox normal qarşılanır. Deməli, burada problem tamam başqa məsələdən qaynaqlanır. Bu artıq bir erməni simpatiyasıdır. Onlarda erməni fobiyası, sevgisi kifayət qədər yüksəkdir. Odur ki, bütün bunlar gözlənilən addımdır və guya Ermənistanın Avropaya yaxınlaşması baxımından irəli addım atması kimi təqdim edəcəklər.
- I Avropa Oyunlarının Bakıda keçirilməsi haqda qərara Avropanın 49 ölkəsi müsbət yanaşıb. Bəs, niyə indi Oyunlar öncəsi belə davranış ortaya qoyurlar?
- Bu, gözləniləndir. Biz öz marağımızı düşünərək addımlar atmağa məhkumuq. Əks halda bizə qarşı olan bu addımlar azalmayacaq, daha da artacaq. Odur ki, müəyyən məsələlərə yanaşmamızda dəyişikliklər olmalıdır. Bəzən çevik addımlar atmalı, bəzən imtina etməyi bacarmalıyıq. Çünki gedişat onu göstərir ki, Azərbaycana qarşı münasibətlərdə çox ciddi problemlər var və Azərbaycanın inkişafına, mövqeyinin möhkəmlənməsinə qarşı allergiya müşahidə edirik.
- Bütün bu təzyiqlər, çağırışlar I Avropa Oyunlarının keçirilməsinə kölgə sala bilərmi?
- I Avropa Oyunlarının Bakıda keçiriləcəyi bəlli olanda bu problemlərin yaşanacağı aydın idi. Azərbaycanın belə mötəbər idman yarışında önə çıxması, təşəbbüsü ələ alması və öz təbliğatını bunun üzərində qurması onlarda qıcıq doğurur. Azərbaycanı istəməyən qüvvələr tərəfindən gözdənsalma kampaniyasının aparılacağı aydın idi. Ona görə də, bizim buna hazırlıqlı olmağımız lazım idi və əvvəlcədən də bilirdik ki, belə hallar gözlənilir. Bu mənada indi belə kampaniyalara fikir vermədən bu yarışları yüksək səviyyədə həyata keçirməliyik. Onlar nə qərar qəbul edirlərsə, etsinlər. Soçi olimpiadası öncəsi də belə halları müşahidə etdik, ancaq Rusiya olimpiadanı yüksək səviyyədə keçirdi, əsas diqqəti yarışların özünə yönəltdi. Biz də çalışmalıyıq ki, Azərbaycana qarşı olan təzyiqlər bizi əsas hədəfimizdən yayındırmasın. Ona görə də, yarışları yüksək səviyyədə keçirməklə sübut edə bilərik ki, Azərbaycan həqiqətən də mədəni parametrlərə uyğun gələn millətdir. Biz bu prosesi öz gücümüzlə aparmağa qadirik. Bu mənada qəbul edilən qərar və qətnamələr mənasız bir sənədə çevriləcək. Ukraynanın taleyi ilə bağlı məsələlər bizim dünyagörüşümüzü, düşüncəmizi dəyişdirdi. Avropanın sözdən və cüzi miqdarda puldan başqa heç bir dəstəyi yoxdur. Avropaya yaxınlaşanda isə daha çox zərər görürük.
- Mayın 18-də baş verən yanğınla bağlı Prezidentin atdığı addımları necə qiymətləndirirsiniz?
- Yüksək qiymətləndirirəm. Operativ reaksiya verildi, Prezident yanğın baş verən binaya baş çəkdi, ölkənin birinci xanım xəstəxanaya gedərək yaralılarla maraqlandı. Bunlar cəmiyyət tərəfindən müsbət qarşılandı. Biz bir cəmiyyət olaraq bu hadisədən ibrət dərsi götürməliyik. Yaxşı materiallar adı altında binaları üzləyib insanların həyatı təhlükə altına qoyulmamalıdır.
- Qarşıdan parlament seçkiləri gəlir. Partiya olaraq bu haqda nə düşünürsünüz?
- Əslində, parlament seçkiləri məsələsində partiya olaraq çox az düşünürük. Çünki partiya seçkisi olmadığından seçkidə majoritar qaydada, fərd olaraq düşünmək daha düzdür. Biz də fərd olaraq düşünürük. Fikirləşirik ki, daha çox dairədən namizədlərimiz olsun, daha çox cəmiyyətin etimadını qazanaq və parlament təmsilçiliyi əldə edərək vətəndaşımıza xidmət göstərək.
Nemət