Rövşən Rzayev: “Azərbaycanda belə bir nəhəng tədbirin keçirilməsi böyük hadisədir”
“Onlar Azərbaycanın əldə etdiyi uğurları ya görmür, ya da görmək istəmirlər. Bu da, müəyyən mənada başa düşüləndir. Biz bilməliyik ki, onlar bizə düşmən mövqedədir və bizi də sevmirlər. Amma avropalı həmkarlarımın, siyasətçilərin belə yanaşmalarını başqa cür qəbul edirəm. İstər Avropa Parlamentində, istər Almaniya Bundestaqında, istərsə də digər dövlətlərin parlamentində təmsil olunan deputatlar belə istək və maraqla Azərbaycanda 1 milyon insanın haqqının pozulması, ərazimizin 20 faizinin işğal altında olması, millətimizə qarşı Xocalı soyqırımı aktının həyata keçirilməsi ilə bağlı mövqelərini səylə bildirsəydi, inanın ki, Dağlıq Qarabağ problemi çoxdan həll olunardı”.
Bunu Teleqraf.com-a müsahibəsində Milli Məclisin Hüquq siyasəti, dövlət quruculuğu komitəsinin sədr müavini, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü Rövşən Rzayev bildirib. Müsahibəni təqdim edirik.
- Rövşən müəllim, bu gün I Avropa Oyunlarının açılış mərasimidir. Nə gözləyirsiniz?
- Bunu çox müsbət dəyərləndirir, sevincli anlar yaşayıram. Ona görə ki, Vətənimiz tarixə düşür, ilk dəfə olaraq I Avropa Oyunları Bakıda keçirilir. Bu, çox böyük qürur hissidir. Azərbaycan dövləti, Avropa Olimpiya komitəsi ciddi hazırlıq işləri həyata keçirib, kifayət qədər infrastruktur tikilib. I Avropa Oyunlarının məşəlinin yandırılması, məşəlin bütün rayonlarda dolaşması qürur verir. Şadam ki, Azərbaycana çoxlu sayda avropalı idmançı, ölkə rəhbərləri, siyasətçilər, idmana marağı olanlar, sadə vətəndaşlar Vətənimizə gəliblər. Gözləyirəm ki, bu Oyunlarda idmançılarımız öz sözlərini ən yüksək səviyyədə deyəcək, bayrağımız dalğalanacaq, himnimiz çalınacaq.
- Sadə Azərbaycan vətəndaşının bu Oyunlara münasibəti necədir?
- Artıq I Avropa Oyunlarının açılış mərasiminə biletlər satılıb. Bunun özü insanlarımızın bu tədbirə marağının göstəricisidir. Biz Bakıda və rayonlarda insanlarımızla ünsiyyətdə oluruq. Hər bir vətəndaşımız böyük maraqla Oyunların başlamasını gözləyir, sabaha ümidlə baxır. Təbii ki, bizim üçün indi məlum olmayan bir hissə var. Bu da Azərbaycanda ilk dəfə keçirilən I Avropa Oyunlarının açılış təqvimidir. Biz açılış mərasimini böyük səbirsizliklə gözləyirik. Təbii ki, həmin açılışın çox möhtəşəm keçəcəyini də bilirik.
- Siz açılış mərasimində iştirak edəcəksiniz?
- Təbii ki, iştirak edəcəyik və idmançılarımıza dəstək olacağıq. Şəxsən mən ilk növbədə möhtəşəm açılış gözləyirəm. Həm də ümid edirəm ki, idmançılarımız layiq olduğu yerlərə çıxacaqlar. Bayrağımız dalğalanacaq, dövlət himnimiz çalınacaq. Bütün Avropa dövlətləri də bunu bir daha görəcək və eşidəcək.
- Maraqlıdır, Siz özünüz hansı idman növünə baxmağı planlaşdırırsınız?
- Təbii ki, mənim üçün maraqlı olan idman növləri var. Əsasən boks və güləş növlərinə baxacağam. Bilirsinizmi, bizim bu sahələrdə böyük nailiyyətlərimiz var. Bu da, təbiidir. Çünki bu qədimdən gələn uğurlu idman növləridir və təbii ki, burada da bizim marağımız böyükdür. Ancaq bununla demək istəmirəm ki, digər idman növləri məni maraqlandırmır. Sadəcə, hesab edirəm ki, bu iki sahəyə daha çox maraq olacaq. Şəxsən mənim üçün belədir. Məsələn, çox sevinirəm ki, Azərbaycanda gimnastika idman sahəsinə bu qədər diqqət və qayğı var. Əvvəl bizdə belə idman növü çox zəif idi. İkincisi, çox şad oldum ki, Azərbaycanda su polosu üçün möhtəşəm hovuz yaradılıb. Bunlar məni çox qane edir. Bu, idman sahəsində olan inkişafdır. Həm də nəzərə alın ki, yaradılan bu möhtəşəm idman infrastrukturu sonda Azərbaycan idmançılarına qalacaq. Bizim gənclərimiz, yeniyetmələrimiz bu infrastrukturdan istifadə edəcək, ölkəmizdə idmana maraq artacaq. Bütün bunlar xüsusi qeyd edilməlidir. Əlbəttə, Azərbaycanda belə bir nəhəng tədbirin keçirilməsi böyük hadisədir. Biz bununla qürur duyuruq.
- Artıq yüzlərlə xarici media mənsubları, minlərlə turist Bakıdadır. Bəziləri iddia edirdilər ki, Azərbaycana kifayət qədər turist gəlməyəcək. Sizcə, ölkəmizə kifayət qədər turist gəlibmi?
- Şübhəsiz ki, Bakıya kifayət qədər media nümayəndəsi, eləcə də, yarışları izləmək üçün idman azarkeşləri gəlib. Sizə deyim ki, hələ bundan sonra da gələcəklər. Məsələn, mənim tanıdığım insanlar var ki, iyunun 16-da, bəziləri 18-də Bakıya gələcək. İyunun 19-da biz Almaniyadan böyük bir qrupun gəlməsini gözləyirik. Eləcə də, dünən Almaniyadan mənə dostlarım zəng etmişdi və bu gün axşam özlərini Bakıya çatdıracaqlar. Yəni bir çox şəxsi tanışlarım böyük maraqla Bakıya gəlirlər. Mən bunu görürəm. Üstəlik hazırda şəhərdə çoxlu sayda turistlər var. Mən televiziya kanallarına baxıram, Azərbaycana hansı ölkələrdən hansı idmançıların və turistlərin gəldiyi haqda xəbərlər verilir. Bütün bunlar açıq-aşkar məsələlərdir. Hesab edirəm ki, ölkəmizə deyiləndən də çox turist gələcək. Azərbaycan I Avropa Oyunlarını keçirməklə özünün dünyaya açıq olduğunu nümayiş etdirir. Çox xoşdur ki, xaricilər ölkəmizə gəlməyə başlayıb. Özünüz də görürsünüz ki, böyük bir maraq yaranıb. Qeyd etməliyəm ki, bütün bunlar Azərbaycanın inkişafına dəlalət edən məsələlərdir və şübhəsiz ki, məni çox sevindirir.
- Dünən Avropa Parlamentində “İdman və insan hüquqları” mövzusunda tədbir keçirilib, bu gün isə Almaniya Bundestaqı Azərbaycanla bağlı dinləmələr keçirəcək. Bu toplantılarda məqsəd Bakıda keçirilən bu möhtəşəm idman tədbirinin üzərinə kölgə salmaq deyilmi?
- Azərbaycana qarşı belə qarayaxma kampaniyasının arxasında dayanan qüvvə erməni lobbisidir. Buna heç bir şübhə yoxdur. Əlbəttə, erməni təəssübkeşləri də bunu təşkil edirlər. Onlar Azərbaycanın əldə etdiyi uğurları ya görmür, ya da görmək istəmirlər. Bu da, müəyyən mənada başa düşüləndir. Biz bilməliyik ki, onlar bizə düşmən mövqedədir və bizi də sevmirlər. Amma avropalı həmkarlarımın, siyasətçilərin belə yanaşmalarını başqa cür qəbul edirəm. İstər Avropa Parlamentində, istər Almaniya Bundestaqında, istərsə də digər dövlətlərin parlamentində təmsil olunan deputatlar belə istək və maraqla Azərbaycanda 1 milyon insanın haqqının pozulması, ərazimizin 20 faizinin işğal altında olması, millətimizə qarşı Xocalı soyqırımı aktının həyata keçirilməsi ilə bağlı mövqelərini səylə bildirsəydi, inanın ki, Dağlıq Qarabağ problemi çoxdan həll olunardı. Üstəlik, bir milyon məcburi köçkünün hüququ təmin olunardı. Həmçinin Cənubi Qafqaza çoxdan sülh gələrdi. Bu sülh əldə olunsaydı, indi digər dövlətlərdə və məhz Ukraynada indiki proseslər baş verməzdi. Çox təəssüflər olsun ki, bunlar şəxsi mənafedən, kiminsə diktəsi, kiməsə xoş gəlmək üçün, hansısa qarşıda olan planları həyata keçirmək üçün belə addımlar atırlar. Bu parlamentlərin addımlarına gülünc hərəkətlər kimi baxıram. Çünki əsl həqiqət ondan ibarətdir ki, bir milyon insanın hüquqları kobud sürətdə pozulub, onların yaşadığı torpaqlar işğala məruz qalıb. Biz bunu dəfələrlə müxtəlif beynəlxalq təşkilatlarda səsləndiririk və təbii ki, həm də ciddi qərarları Azərbaycanın xeyrinə qəbul etdiririk. Bir daha vurğulayıram ki, həmin Avropa Parlamenti və digər Avropa strukturları buna vaxtında diqqət etsəydi, indi öz sərhədləri yaxınlığında başqa münaqişələr yaranmazdı. I Avropa Oyunları ərəfəsində aparılan anti-Azərbaycan təbliğatı isə ikili standart, Azərbaycanı sevməmək, onu ləkələmək məqsədi daşıyır. Biz buna ciddi əhəmiyyət verməməliyik. Çünki belə hallarla daima rastlaşırıq. Onlar zamanında dediyim kimi 1 milyon insanın hüquqlarının qorunmasını gündəliyə çıxarsaydılar, biz də buna ədalətli hal kimi yanaşardıq.
- Yəni bu kampaniyanın arxasında Azərbaycanda hansısa insanın hüquqlarının pozulmasını müdafiə etmək durmur, məqsəd tamam başqadır?
- Təbii ki, məqsəd başqadır. Necə olur ki, 10 milyonluq Azərbaycanda bir milyon insanın haqqının 20 ildir pozulduğunu görmürlər, amma 3-5 nəfər Azərbaycan vətəndaşının öz dövlətinə düşmən mövqe tutmasını dərhal görürlər? Bunu nə ilə izah etmək mümkündür? Burdan da, görünür ki, belə tədbirlər keçirənlərin məqsədi tamam başqadır. Baxın, mənim Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü kimi haqqım pozulur, ancaq həmin Avropa Parlamentində müzakirə aparan parlamentarilər bunu görmək istəmirlər. Necə olur ki, onlar üçün yalnız Leyla Yunus və onun kimi 3-4 nəfərin haqqı görünür? Bunu izah edə bilərlərmi? Edə bilməzlər. Deməli, onların mövqeyi olduqca qərəzlidir və Azərbaycanı sevməməkdən, ona qarşı olmaqdan qaynaqlanır. Odur ki, belə tipli mövqelərə diqqət yetirmək niyyətində deyiləm.
- Dağlıq Qarabağın Azərbaycanlı İcmasının nümayəndəsi olaraq erməni nümayəndə heyətinin Bakıya gəlişini necə qiymətləndirirsiniz, QAT bu səfərə etiraz edir...
- Çox yaxşı ki gəliblər. Onlar gəlməli və Azərbaycanın inkişafını görməlidirlər. Onlar bu inkişafı görəndən sonra Azərbaycanla Ermənistanı müqayisə etməli, bilməlidirlər ki, Ermənistanda siyasi hakimiyyəti zəbt edənlər ölkəni uçuruma aparır. Məncə, erməni nümayəndə heyəti bunu açıq-aydın görəcəklər.
- Bildiyiniz kimi, mətbuat Rusiya prezidenti Vladimir Putinin I Avropa Oyunlarının açılışında iştirak etmək üçün Bakıya gələcəyini və Prezident İlham Əliyevlə Qarabağa dair müzakirə aparacağını yazır. Siz, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının nümayəndəsi olaraq bu haqda nə deyə bilərsiniz?
- Mən cənab İlham Əliyevin Rusiya prezidenti ilə görüşünü hər zaman maraqla izləyirəm. Rusiya böyük dövlətdir, Minsk qrupu çərçivəsində həmsədr ölkədir. Təbii ki, Putinlə Prezident İlham Əliyevin görüşləri daima maraq doğurur. Hər görüşdə Azərbaycanın böyük problemi olan Dağlıq Qarabağ məsələsini müzakirə edirlər.
Nemət