Avqustun 21-də tanınmış şair Rəşad Məcidin doğum günüdür. Teleqraf.com bu münasibətlə Rəşad Məcidi təbrik edir və onunla geniş müsahibəni təqdim edir.
- Rəşad müəllim, neçə yaşınız olur?
- Keçən il 50 idi, indi də 49 olur. Yaşım azala-azala gedir...( gülür)
- Təbriklər...
- Çox sağ ol, təşəkkür edirəm.
- Məncə, əvvəl “525-ci qəzet”in ədəbiyyat əlavəsi daha maraqlı idi, gənclər cəlb olunurdu və ardıcıl şəkildə çap edilirdi. Fikrimcə, indi elə deyil.
- Bilirsən, əvvəl elə bir dövr idi ki, mən gənclərə daha çox yer verirdim. Çünki onlar mənim daha çox diqqətimi cəlb edirdilər və yazılarını çap etmək istəyirdim. İndi də ara-sıra gənclərin yazıları “525-ci qəzet”də çap olunur. Ola bilsin ki, əvvəlki kimi deyil. İndi mətbuatın elə bir dövrüdür ki, qəzetlər arxa plana keçir, qəzet internet saytlarına və televiziyaya uduzur. Qəzeti operativ informasiya vasitəsi kimi saxlamaq çətindir. Bu proses təkcə bizdə yox, dünyada gedir. Təbii, bunlara baxmayaraq, qəzetimiz bütün istedadlı gənclərin üzünə açıqdır.
- Yadınızdadırsa, “Gənc Ədiblər Məktəbi” nin rəhbəri olduğunuz dövrdə tez-tez deyirdiniz ki, gəncləri ətrafına yığdım, onları formalaşdırdım, dəstək verdim və s. Sonra yenidən gəncləri ətrafınıza topladınız, amma həmin effekti vermədi. Sizcə, niyə belə oldu?
- Ona görə eyni effekti vermədi ki, hər il Azərbaycanda istedadlı gəncin yaranması mümkünsüzdür. Yazıçılar Birliyində 2007-ci ildən etibarən hər il 20 nəfər gəncə Prezident təqaüdü verilməli idi. Hər il 20 istedadlı gənc tapmaq isə çətinləşir, istər-istəməz keyfiyyət aşağı düşür. Getdikcə adi yazılar yazan gəncləri də birliyə qəbul edirik və təqaüd veririk. Başqa çarə yoxdu. Təbii, 2008-ci ildə Gənc Ədiblər Məktəbi fəaliyyətə başlayanda mən daha çox şövqlü idim, həvəsli idim, gənclərə daha çox yer ayırırdım. Düzdü, sonrakı məktəb o effekti verməsə də, hər halda istedadlı gənclər var, yazıları çap olunur. Yenə də, hansısa bir saytda istedadlı yazar görən kimi maraqlanıram, Yazıçılar Birliyinə cəlb edirəm.
- Bir ara sizi tənqid edirdilər ki, Rəşad Məcid yaza bilmir. Ona görə ard-arda iki şeir kitabı çıxarmağınızı bu tənqidlərə cavab kimi mənalandıranlar oldu.
- Mən 50 yaşıma yaxın şeirlər silsiləsi çap elətdirdim. Sonradan onu kitab halına salmağa qərar verdim və bu işdə akademik İsa Həbibbəylinin də böyük rolu oldu. O, “Bütün yönləri ilə yaradıcı” adlı bir kitab yazdı və orda mənim yaradıcılığıma böyük şövqlə yanaşmışdı. Bu, İsa müəllimin özünün də dediyi kimi, mənim yaradıcılığım və yazmağım üçün stimul idi. Bundan sonra mən yazılarımı və şeirlərimi kitab halında çap etdirməyə qərar verdim. Yəni kiminsə Rəşad Məcid az yazır fikri ilə idarə olunan adam deyiləm, ürəyimdən necə gəlir, elə də edirəm.
- Qəribə adamsınız, hər yerdə hörmətiniz, nüfuzunuz var, sizi sevənlər çoxdu. Adama elə gəlir ki, Rəşad Məcidi İsa Qəmbər də çox istəyir, Siyavuş Novruzov da... Bunun sirri nədədi?
- Vallah, həmin adamların məni çox istədiklərindən xəbərim yoxdur. Amma yəqin ki, bu, mənim xarakterimdən irəli gəlir. Dostlarımdan biri mənə deyir ki, sən xasiyyət xoşbəxtisən. Yəni mən insanların mümkün dərəcədə fərqli baxışlarına, dünyagörüşlərinə hörmət edirəm. Ya da ola bilsin ki, insanları yola vermək, ortaq bir mövqe tapmaq xasiyyətimə görədir. Bəlkə ona görədir ki, çox vaxt “525-ci qəzet”ə ümumilli, orta mövqeli qəzet deyirdilər. Çünki istedadlı adamları hər zaman mümkün dərəcədə qorumuşam. Eyni zamanda reallıqları da qiymətləndirmişəm. Yəqin ki, insanların məni çox istəməklərinin sirri xasiyyətimdədir, bir adama ürəkdən, candan dəstək verməyimə görədir. Bu, bir tərəfdən cəmiyyətdə mənə qarşı rəğbət oyadır, digər tərəfdən qısqanclıqlara səbəb olur. Amma təbii, mən söz-söhbətlərə, dedi-qodulara ciddi fikir vermirəm.
- Sizə elə gəlmir ki, gənclər üzrə katib statusu daha yaşınıza uyğun deyil. Məncə, ciddi bir postda əyləşməyinizin vaxtı çoxdan çatıb.
- Mən hələ Yazıçılar Birliyinə gəlməmişdən qabaq rəhbərlik elədiyim qəzetdə Anar müəllim haqqında yazılar verirdim, Anar müəllimi dəstəkləyirdim. Lap uşaqlıqdan Anar müəllimin əsərlərini sevə-sevə oxumuşam. O da mənə birlikdə katib vəzifəsini deyəndə təəccübləndim. Fikrimcə, 2014-cü ildə mən Yazıçılar Birliyində gənclər katibi kimi öz missiyamı yerinə yetirmişdim. Yəni bu iləcən şövqlə, ürəklə işləmişəm. Düşünürəm ki, gərək 2014-dən sonra başqa bir adam gənclər katibi olardı. Yəqin ki, növbəti mərhələdə yeni katib olacaq. Kim olacaqsa, təbii, arzulayacaq ki, Rəşad Məcidin elədiklərini eləyə bilsin.
- Görəsən, sizin gücünüz nədədi ki, başqasına arzu kimi görünür bu?
- Əvvəla, Rəşadın əlində qəzet var, gəncləri çap edə, təbliğ edə bilir. Heç kimin yaradıcılığını qısqanmır, paxıllıq etmir. Bunun özü fərqli bir keyfiyyətdi və heç də hər adama qismət olmur. Bir adam yazıçılıqla məşğul olanda istəmir öz enerjisini başqalarına xərcləsin. Amma Rəşad xərcləyir. Bu mənada məndə olan fədakarlıq keyfiyyəti hər adamda yoxdu. Yəqin ki məhz bu keyfiyyətləri başqaları da arzulayır.
- Diqqət göstərdiyiniz gənclər əhdlərinə bivəfa çıxandan sonra dediniz ki, həvəsdən düşmüşəm. Bəlkə sizi həvəsdən salan Yazıçılar Birliyində İlqar Fəhmiyə daha ciddi mövqe verilməsi oldu. İlqar bəyin birdən-birə başınızın üstünə gəlib katib olmasını sizə qarşı zərbə kimi qiymətləndirənlər var.
- Yox, mən hesab etmirəm ki, bu, İlqar Fəhminin Yazıçılar Birliyində məndən önə keçməsidir. Arif Əmrahoğlunun rəhmətə getməsi məni çox sarsıtdı. Onun əlacsız xəstə olduğu ərəfələrdə mən həyatın çox mənasız olduğu barədə bədbin fikirlərin ağuşundaydım .
- Aha...
- Düzdü, Anar müəllim təklif elədi, amma Arifin otağına keçmək, orada oturmaq da mənim üçün ağır olacaqdı. Həm də mən artıq qurultayda gənclər üzrə katib seçilmişdim. Nizamnaməyə əsasən katibi qurultay seçir. İlqar isə indi katib vəzifəsini icra edən statusundadı.
- Bir sözlə, qəti narahat olmadınız...
- Yox. Kənardan bəlkə kiməsə elə görünə bilər, amma mən bundan qətiyyən narahatçılıq, kompleks keçirmədim. Mən hesab edirəm ki, mənim AYB-də gənclərlə bağlı görəcəyim iş daha effektivdir. İlqar Fəhminin katib olduğu sahə və gördüyü işlər mənim üçün maraqlı deyil. Ona görə də mən bunu özümə zərbə kimi saymıram.
- Aydındır.
- Sən bunu mənə zərbə sayırsan?
- Bilmirəm...
- Arifin xəstəliyi və ölümü mənə ağır təsir etmişdi. Təsəvvür elə, Arifin qırxı çıxmamış o gəlib deyir, Anar müəllim, məni katib qoy, bu gəlib deyir, Anar müəllim mən katib olum. Hər şeydən o qədər iyrənmişdim ki... Bu situasiyada vəzifə davası eləyirdilər. Və mənim ürəyim bulanırdı...
- Rəşad müəllim, Yazıçılar Birliyindəki problemlər mətbuatda həmişə yazılır, dilə gətirilir, deyilir. Amma bunun heç bir nəticəsi yoxdu ki, yoxdu. Bəs bu işlərin axırı necə olacaq?
- Yazıçılar Birliyində o qədər istedadsız üzvlər var. Orda o qədər istedadsız adamların tədbirləri keçirilir ki. Bilmirəm, bəlkə Yazıçılar Birliyinin 250-300 üzvü olsa həm hökumət tərəfindən dəstək daha çox olar, həm ictimai həyata da yazıçıların daha çox təsiri olar. Amma indi yazıçıların əvvəlki sovet dövründə olduğu kimi, ictimai fikrə təsir gücü demək olar ki, yoxdu. Onlar zəif və köməksiz görünürlər. Məsələn, Mətbuat Şurası, jurnalistika daha fəaldı, daha çox diqqət mərkəzindədi , nəinki Yazıçılar Birliyi və yazıçılar...
- Azərbaycan dövləti jurnalistlərə xüsusi diqqət və qayğı göstərir, fəxri adlar, evlər verilir... Bəs Yazıçılar Birliyi niyə yazıçılar üçün nəsə eləmir? Niyə Əflatun Amaşov təşkilatı işlərin başında dayana bilir, jurnalistlərin probleminin önündə gedə bilir, amma Anar müəllim yox? Qurultay da oldu, amma heç nə olmadı. Nə ev, nə də fəxri ad. Niyə belədi?
- Düzü, mən də sənin kimi bu məsələnin sirrini və səbəbini tam anlamıram. Niyə belədir, bilmirəm. Heç çox vaxt dərininə də getmirəm. Yazıçılar Birliyinin 80 illik yubileyi oldu. Yazıçılar da mükafatlandırılsaydı, yaxşı olardı. Uzun illər Azərbaycan ədəbiyyatına xidmət eləmiş adamlar var. Onlar da nəsə umurlar. Amma niyə olmadı, bilmirəm.
- Başqa bir məsələ. Yazıçılar Birliyi xanım yazar Pərvinə xüsusi qayğı göstərir. Sizcə, Pərvin xanım gənc bir yazar kimi, bu qədər diqqətə layiqdirmi?
- Mən həmişə istedadına inandığım gənclərə dəstək olmuşam. Anar müəllim də, Fikrət müəllim də neçə gəncə dəstək olub, haqlarında xoş sözlər deyib, yazılar yazıblar. Mən hansısa gənci tərifləyəndə onlardan eşitdiyim bir sözə həmişə təəccüblənmişəm. “İstedadlı gəncdi, kaş havalanmaya”. Düşünmüşəm ki, niyə istedadlı bir gənc ona göstərilən qayğıdan havalanmalı, xoş münasibətdən ulduz xəstəliyinə tutulmalıdı? Görünür, ağsaqqallar daha çox bilir, həyat təcrübəsi daha soyuqqanlı olmağa vadar edir. Mən çox istedadlı gənclərə geniş imkanlar yaratmışam. Vaxtilə Qismətə göstərdiyim diqqət digər gəncləri qıcıqlandırırdı. Rəhmətlik Zərdüştü də çox istəyirdim. Sadəcə, Zərdüşt bir az tənbəl idi, ləng idi və mənim dediklərimi “Gənc Ədiblər”in kordinatoru olaraq operativ həyata keçirə bilmirdi.
- Hmm...
- Buna baxmayaraq, Zərdüştə də çox dəstək olmuşdum. Zərdüştün ölümü də mənə çox ağır təsir elədi. Zərdüştdən qabaq mən uzun müddət Aysel Əlizadəyə də dəstək vermişəm. Ondan da irəliki dövrdə Qan Turalının səhifə-səhifə yazılarını çap eləmişəm. Həmçinin Seymur Baycanın, Aqşinin, kimin kimin... Birinci “Gənc Ədiblər Məktəbi”nin bəzilərində nankorluqlar gördüm, ruhdan düşdüm. Gənc ədiblərin içərisində isə ən çox zəhmətkeş, mütəmadi öyrənməyə çalışan Pərvin olub. Ona görə də Pərvinin həm hekayələri, həm yazıları Anar müəllimin də, Fikrət müəllimin də diqqətini çəkib. Anar müəllim Pərvinin nəsr, Fikrət müəllim publisistika kitabına ön söz yazıb.
- Hətta Pərvin xanımın Anar müəllimin kitablarına ön söz yazmasına da xeyli qısqanclıqla yanaşdılar... Dedilər, o boyda kişi niyə gənc xanıma ön söz yazdırır?
- Pərvin Anar müəllimin tədqiqatçısıdı. Elmi işinin mövzusu Anar müəllimin yaradıcılığıdı. Adam bütün Anar yaradıcılığını əzbər bilir! Bunu da Rəşad eləmir ki.... Onun öz qabiliyyətinə, öz gücünə görədir. Hesab edirəm ki, bütün uğurları onun özünün halal haqqıdır. Bir də ki, nə qədər desəm də gənclərə qarşı həvəsdən düşmüşəm, amma yenə də istedadlı bir gənc gəlsə və mənim marağımı cəlb etsə ona dəstək verəcəm. Bu dəyişməz xarakterimdi.
- Rəşad müəllim, mətbuatda emosional çıxışlarınız çox olur. Maraqlıdı, ailədə, evdə də belə çılğınsınız?
- Bəli, çılğınam. Ailədə də ziqzaqlı, təzadlı xarakterim var. Amma hansısa qoxudan, havadan, hissdən əhvalım dəyişə bilər, bir anın içində xoş, o biri anın içində isə hirsli və qəzəbli ola bilərəm. Bunun hər ikisinə tab gətirmək çətindir. Evdəkilər də yəqin öyrəşiblər, bilirlər xasiyyətimi və ona uyğunlaşmağa çalışırlar.
- Ailədə emosional olmağınız şəxsi işinizdir, amma sizə elə gəlmirmi ki, cəmiyyət qarşısında özünüzü cilovlamalısınız. Məsələn, axırıncı dəfə içki ilə bağlı məsələdə Ayxana və Şərifə bərk əsəbləşmişdiniz.
- Axı Şərif hansısa qadağan olunmuş sözləri deyir. Mən də buna görə ona cavab verirəm. Şərif yaradıcılıq baxımından sevdiyim və sevə-sevə oxuduğum az adamlardandı, onun yaradıcılığı ilə işim yoxdur. Sadəcə olaraq, Şərif həyatında olan hansısa defektlərin səbəbini başqa adamlarda görəndə, ədalətsizlik edəndə ağsaqqal yazarlara qarşı nalayiq ifadələr işlədəndə mən də hirslənib nəsə demişəm. Bu emosiyanallıq mənim xasiyyətimdədir və onu dəyişə bilmərəm.
- Maraqlıdı, həyat yoldaşınız, oğlanlarınız, gəlinləriniz sizin yaradıcılığınızı oxuyub bəyənirlər?
- Deməzdim ki, mütəmadi oxuyurlar. Məsələn, müsahibələrimi, ayrı-ayrı siyasi yazılarımı izləyirlər, amma hiss eləyirəm ki, şeirlərimi o qədər də oxumurlar. Yoldaşım mənim sözlərimə bəslətələnən mahnıları xoşlayır. Şeirlərimə də sakit yanaşır. Bu mənada evdə mənim üçün gərgin bir mühit yoxdu. Buna görə çox razıyam. Oğlanlarım mənimlə qürur duyurlar, hörmətlə yanaşırlar. Yoldaşım hərdən mənim sənin dediyin kimi, emosional, qəzəbli çıxışlarımdan narahat olur. Deyir, daha sakit olmaq lazımdı. Nə bilim, hər halda mən oynamıram, səmimiyəm, təbəssümlü vaxtlarım da olur, qəzəbli vaxtlarım da.
- Milli Məclisə namizədliyinizi vermək istəmirsiniz ki?
- Bir neçə dəfə namizəd olmuşam. Amma indi hələ ki, elə bir arzum yoxdu. Bu barədə qəti bir qərara gəlməmişəm.
- Bir şey də soruşum. Sizcə, insan istədiyi vaxt sevə bilər?
- Yox, əlbəttə ki, elə şey ola bilməz...
- Niyə?
- Sevgi Allahın işidir, təbiət hadisəsidir. Məsələn, dövr olub ki, mən 10 il, 15 il sevgi arzulamışam, ən müxtəlif üsuallarla buna cəhd də göstərmişəm. Amma alınmayıb. Bəzən də gözləmədiyin bir vaxt sevgi baş verə bilər. Sevgi yaşamağın yeganə və sonuncu şansıdır. Nitşenin bu sözünü ilk gənclikdən bəyənmişəm. Ona görə də həmişə sevgiyə can atmışam. Çünki sevəndə mən coşuram, enerjim birə-on artır. Yoxsa, sevməyəndə pessimist və zəif Rəşad Məcid oluram. (gülür)
- Məncə, hər bir insanın həyatında unudulmaz sevgi olur. Həmişə onu xatırlayır. Sizin də həyatınızda elə bir sevgi olubmu?
- Ağrı ilə xatırlayacağım bir sevgim olmayıb. Xoş xatırlayacağım sevgi isə əlbəttə çoxdu. Hətta şeirlərimdə bunun konkret izləri var. Amma mən o tipdə adam deyiləm ki, oturum virtual , real olmayan nəyinsə dərdi ilə yaşayım.
- Deyirsiniz, xoş xatırlayacağım sevgim çoxdu. Amma mən deyən sevgilər çox olmur, ya bir dəfə olur, ya da heç olmur.
- Mən elə düşünmürəm. Bir insan ömründə dörd dəfə sevə bilir. Ömrə dörd böyük sevgini sığışdırmaq olur. Bəyənmələri və münasibətləri demirəm. Elə vaxt olub düşünmüşəm ki, sevgi altı aydan çox çəkə bilməz, ən çoxu il yarım çəkər. Amma zaman səhv etdiyimi göstərib.
- Bəs hal-hazırda sizin üçün həyatın mənası nədədir? Yəni sizi yaşadan nədir?
- Həyatın mənası həm dünyanın gözəlliklərindən zövq ala bilmək ,həm də reallığı unutmamaqdır. Həm realist, həm də romantik olmaqdır. İndi enerji dolu, sevgi dolu, sakit və rahat həyat yaşamaq istəyirəm.
- İstədiyiniz həyatı yaşamağa nəsə mane olur?
- Maddi durumum yaxşı olsa, mənim yaşadığım həyatdan şikayətim yoxdu.
- Sizin maddi problemləriniz var ki?
- Əlbəttə.
- Axı mən Rəşad Məcidi varlı bilirəm.
- Görürsən, belədi də. Qıraqdan elə görünür ki, varlıyam. Amma elə deyil.
- Bəlkə sizə Prezident təqaüdü versinlər, maddi probleminiz düzəlsin.
- Yox, mənim maddi arzularım təqaüdlə həll olunan məsələ deyil. Pul mənə öz fantaziyalarımı və xəyallarımı gerçəkləşdirmək və doğmalara, sevdiyim insanlara sevinc bəxş eləməyim üçün lazımdı.
- Bayaq da dediniz mənim dərd çəkməklə, fikir eləməklə aram yoxdu. Niyə belə təəssurat yaradırsınız ki, dünya beşgünlükdür fəlsəfəsindən doğan gedonist bir ideya ilə yaşayırsınız? Elə bil dünya vecinizə deyil.
- Yox, dünya vecimədi. (gülür) Amma mən yaşamağa daha çox üstünlük verirəm. Yəni ağlamaqla, sızlamaqla aram yoxdu. Bəlkə də yaşımın müdrik çağıdır deyə hansısa bir problem, hadisə məni həyatdan uzaq salmır. Realist olmağa çalışıram, istəyirəm həyatı daha xoş yaşayım. Həm də mən qaynar həyat yaşayıram. Hər gün müxtəlif adamlarla görüşürəm. Düzdü, maraqlıdı, amma hərdən də görürürəm ki, tədbirlər məni yorur... Digər tərəfdən də, bu qaynar həyata vərdiş eləmişəm. Hərdən də istəyirəm ki, sakit bir həyat olsa yaxşı nəsr əsəri yazaram. Sonra da düşünürəm ki, hələ yazmaq dövrü deyil, hələ yetişməyib.
- Maraqlıdı, 50 yaşınız var, deyirsiniz ki, hələ yazmaq dövrü deyil.
- Hələ ki, yaşamaq lazımdı, yazmaq sonrakı işdi. 70-dən sonra yazacam. (gülür)
- İnşallah...
- Mən yazmadığım əsərlərin enerjisini ayrı-ayrı şeylərə vermişəm. Qəzetin ziqzaqlı vaxtları, gənclərə dəstək, ədəbi intriqlar, gündəmdə qalmaq, bir söz deyən ki, aləmi qatmaq, dediyin sözün reaksiyası və s. Bunların hamısı enerji alır. Bunların hamısı gətirib Rəşad Məcid yaradıb, siz də elə bilirsiniz Rəşad Məcid olmaq asandı. (gülür)
- Əlbəttə, çətindi.
- Sən də gedib yazırdın ki, Rəşad Məcid Yazıçılar Birliyində gənclərin dişini çəkir. Görürsən, zaman adamı necə dəyişir.
- Neyləyim, mənim də dişimi çəkdilər.
- Hə, səni də arvad-uşaq basıb. (gülür)
- Rəşad müəllim, 51 yaşınızda özünüzə nə arzu eləyirsiniz?
- Sakitlik, rahatlıq...
- Axı onsuz da sakit və rahatsınız...
- Yox, rahat deyiləm, deyiləm...
Kəramət Böyükçöl