19 Sentyabr 2015 14:09
1 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Elat məsələsi də bir oyundur. Buradan ora gedib yayın ortasında bayram etməyə dəyməz. Elat deyilən şey nədir? Elatın dağa çıxmağı və dağdan enməsi var. Bəlkə, mən səhv deyirəm? Bunu ya dağa qalxanda, ya da dağdan enəndə etmək olar. Özü də Borçalıda tarixən belə bayram olmayıb. Aran köçü zamanı biçin olardı, nələrsə sökülərdi. Yoxsa, gedib orda 5-10 at kirayə götürüb çapmaq bu mənanı verməz. Həm də bu bayramda artıq söhbətlər olub. Məncə, gürcü tərəfi də elə bundan narazı qalıb. Ancaq Azərbaycan mətbuatı yaydı ki, sədrin Gürcüstana buraxılmaması Elata görədir. Xeyr. Elata görə deyil. Gürcüstan tərəfi bu bayramın əleyhinə deyil. İntəhası gərək hər şeyi qaydasında edəsən”.

Bunu Teleqraf.com-a müsahibəsində tanınmış ziyalı Eyvaz Borçalı bildirib. Müsahibəni təqdim edirik:

- Eyvaz müəllim, neçə müddətdir mətbuatda görünmürsünüz. Hazırda nə işlə məşğulsunuz?
- Hazırda yaradıcılıqla məşğulam. Arada tərcümələrim olur, yeni şeirlər yazıram. “Ədəbiyyat” qəzetində çap olunuram. Təbii ki, həm də qocalıqla məşğulam. Buna da bir sənət kimi baxmaq lazımdır. İki yeddini yan-yana qoyanda 77 olur. Bu, həyatdır, olmalıdır.

- İctimai fəaliyyətiniz varmı?
- İctimai fəaliyyətim olub, hazırda isə demək olar ki, evdən kənara çox çıxmıram.

- “Borçalı” Cəmiyyətinin təsisçilərindən biri niyə evdən çıxmır, niyə ictimai fəaliyyətə ara verib?
- Mən “Borçalı” Cəmiyyətinin Ağsaqqallar Şurasının sədriyəm. Lazım olanda müraciət edirlər, biz də fikrimizi ifadə edirik. Yəni, bunun üçün hər gün Cəmiyyətə gedib-gəlmək tələb olunmur. Ancaq şübhəsiz ki, baş verən prosesləri müşahidə edir, informasiyalarla tanış oluram. Çalışıram ki, dünya ilə ayaqlaşım.

- Borçalıda baş verənlərlə maraqlanırsınızmı?
- Borçalı bizim Vətənimizdir. Şübhəsiz ki, orada baş verən proseslərlə mütəmadi maraqlanıram. Eyni zamanda məndən soruşanda, sual verəndə mövqeyimi açıqlayıram. Yəni, Borçalıya biganə deyiləm.

- Hazırda Borçalıda durum necədir?
- Bildiyiniz kimi, orada toponimləri dəyişdilər. İndi belə bir proses yoxdur, sakitləşib. Amma Gürcüstanda qeyri-rəsmi bir institut var ki, bu qurum ancaq bizim soydaşlarımızı sıxışdırmaqla məşğuldur. Bu, təbii ki, şovinist fikirli insanlardan gələn ideyadır. Amma üzdən baxanda hər şey guya normaldır. Dərinliyə gedəndə isə bir qədər fərqli situasiyadır. Borçalı camaatının vəziyyəti, dolanışığı da ciddi məsələdir. Orada olan soydaşlarımız əsasən kənd təsərrüfatı, heyvandarlıqla məşğul olurlar, zəhmətkeş insanlardır. Ancaq onlar əkib-becərdiyi məhsulları kənara çıxara bilmirlər. Bu da, o deməkdir ki, onların zəhməti hədər olur. Yəni, bazar yoxdur. Əvvəllər əkib-becərdiklərini Rusiyaya, Azərbaycana aparırdılar. İndiki şəraitdə Rusiyaya aparmaq mümkün deyil. Azərbaycanda qanunvericilik dəyişib deyə, bura gətirmək də çətin olur.

- Soydaşlarımızın təşkilatlanması məsələsi necədir?
- Desəm ki, bu istiqamətdə vəziyyət çox pisdir, doğru olmaz. Ancaq yaxşı da demək mümkün deyil. Orta vəziyyətdir. Lakin bir şey var ki, onu hökmən deməliyəm. Təhsillə bağlı çətinliklər var. Dərslik Gürcüstan tərəfindən hazırlanır. Bu dərsliklərdə gürcü tərəfinin baxışına görə, hər şey normaldır, bizim baxışımıza görə isə müəyyən qüsurlar mövcuddur. Yəni, bu dərsliklərdə səhv fikirlər yürüdülür. Azərbaycandan Borçalıya əsasən “Ana dili və ədəbiyyatı” dərsliyi çatdırılır. Digər dərsliklər isə ora gedib çıxmır. Hesab edirəm ki, bu məsələyə diqqət etmək vacibdir.

- Yaxın 20 ildir Azərbaycan mediası yazır ki, Borçalı boşalır, insanlar öz tarixi torpaqlarından gedirlər. Bu haqda sizin fikrinizi bilmək olarmı?
- Bəli, doğrudur. Bəziləri deyirlər ki, Borçalıdan köç dayanıb. Ancaq mən belə hesab etmirəm. İnsanlar Borçalıdan çıxıb başqa ölkələrə işləməyə gedirlərsə, təbii ki, orda qalırlar və geriyə qayıdış olmur. Odur ki, bu proses indi də gedir.

- Siz özünüz Borçalıya gedib-gəlirsiniz?
- Qocalıq öz işini görsə də, çalışıram ki, gedib oralara baş çəkim. Azı ildə iki dəfə Borçalıya gedirəm. Borçalıdan tam üzülməmişəm, bu, mümkün də deyil. İnsanların mənə münasibəti eloğlu kimi müsbətdir. Xoş qarşılayırlar. İndiyə qədər hiss etməmişəm ki, şəxsimə münasibət xoş olmasın.

- Amma sədrinizin Gürcüstana girişinə faktiki olaraq qadağa tətbiq edilir...
- Mənim bu haqda məlumatım var, öz fikrimi də bildirmişəm. Cəmiyyətin sədri mətbuat konfransı təşkil etdi. Orada dedim ki, indiki durumda sədr müvəqqəti istefaya getməlidir. Çünki Cəmiyyət sədrinin ora buraxılmaması təşkilatın imici üçün ləkədir. Sədrimiz bu mövqeyimi qəbul etmədi. Hətta sonradan eşitdim ki, başqa fikirlər işlədib. Məncə, sədrin Gürcüstana buraxılmamasının səbəbini özündən savayı yaxşı bilən yoxdur. Ancaq bunu etiraf etmək istəmir.

- Sizə elə gəlmirmi ki, Zəlimxan Məmmədlinin yerinə siz olsanız və Borçalı insanları haqqında düşünsəniz, daima mətbuata bu haqda məlumat versəniz, fikirlərinizi tirajlasanız, sizinlə bağlı da qadağa ortaya çıxardı?
- Nəzəri baxımdan bu qadağa hər kəslə bağlı tətbiq edilə bilər. Ancaq insan harada və nə danışdığını bilməli, qarşı tərəfə imkan verməməlidir ki, ona qarşı hansısa tədbir görsünlər. Mən belə düşünürəm.

- “Borçalı” Cəmiyyəti Elat mədəniyyəti tədbirləri təşkil edir, insanları bir araya gətirir, yeni ab-hava yaradır. Sizcə, bu tədbirlər Borçalı insanının bir araya gəlməsi, təşkilatlanması baxımından hansı əhəmiyyət daşıyır?
- Mən sizin kimi düşünmürəm. Daha doğrusu, buna təşkilatlanma kimi baxmıram. Elat məsələsi də bir oyundur. Buradan ora gedib yayın ortasında bayram etməyə dəyməz. Elat deyilən şey nədir? Elatın dağa çıxmağı və dağdan enməsi var. Bəlkə, mən səhv deyirəm? Bunu ya dağa qalxanda, ya da dağdan enəndə etmək olar. Özü də Borçalıda tarixən belə bayram olmayıb. Aran köçü zamanı biçin olardı, nələrsə sökülərdi. Yoxsa, gedib orda 5-10 at kirayə götürüb çapmaq bu mənanı verməz. Həm də bu bayramda artıq söhbətlər olub. Məncə, gürcü tərəfi də elə bundan narazı qalıb. Ancaq Azərbaycan mətbuatı yaydı ki, sədrin Gürcüstana buraxılmaması Elata görədir. Xeyr. Elata görə deyil. Gürcüstan tərəfi bu bayramın əleyhinə deyil. İntəhası gərək hər şeyi qaydasında edəsən. Baxın, bu il Elat tədbirini sədrimizin iştirakı olmadan keçirdilər, qubernator da gedib tədbirdə iştirak etdi. Bu əslində o deməkdir ki, Zəlimxan Məmmədlinin Gürcüstana buraxılmaması Elat tədbiri və ya “Borçalı” Cəmiyyəti ilə bağlı deyil. Şəxsən özü ilə bağlıdır.

- Siz bunu fakt olaraq deyirsiniz?
- Mən özüm üçün belə nəticə çıxardım və düşünürəm ki, səhv etmirəm. Şəxsən mənə qarşı heç vaxt təqib olmayıb və ola da bilməz. Çünki özüm buna yol vermərəm.

- Sizcə, burada hansı tədbirlər keçirilməlidir ki, əlaqələr inkişaf etsin, Borçalı boşalmasın?
- Bakıda Borçalı günləri keçirmək olar. Borçalıda isə Azərbaycanın tanınmış insanları ilə görüşlər, onların yubileyləri təşkil edilə bilər. Məncə, cəmiyyət bu məsələlərlə məşğul olmalıdır ki, insanlar bir-birinə qaynayıb-qarışsın.

- Borçalıda insanlar gürcü dilini bilmədiyi üçün dövlət idarələrində işləyə bilmir yanaşması doğrudurmu?
- Bu, təbiidir. Bəli, bilmirlər. Lakin burada başqa məqam da var. Məsələn, Kaxet zonasında gürcü dilini bilən çoxlu soydaşımız var. Onlar gürcü dilini gözəl bilirlər, ali təhsilliləri çoxdur. Bəs, onlardan niyə istifadə etmirlər? Bu mənada sualda qoyulan məsələ sadəcə olaraq bəhanədir. Ancaq ümumilikdə Borçalı insanının gürcü dilini bilməməsi normaldır. Çünki arada uzun illər məktəblərdə gürcü dili tədris olunmadı. Məsələn, mən orta məktəbdə oxuduğum illərdə gürcü dili keçirdik və orta məktəbi bitirəndə bu dili bilirdim. İndi yenidən gürcü dilinin tədrisinə başlanılıb, uşaqlar da yavaş-yavaş öyrənir. Mən bu məsələ ilə bağlı maraqlanmışam. Zamanla soydaşlarımız gürcü dilini mənimsəyəcək. Bu, problem deyil. Ancaq dili bilməmək məsələsi ümumilikdə bəhanədir. Bütün Borçalıda yaşayan insanların hamısı gürcü dilini yaxşı bilsələr belə, gürcülər heç vaxt soydaşlarımızı yuxarı vəzifələrə yaxın buraxmayacaqlar. Necə ki, uzun illər qoymayıblar. Bu, onların gizli siyasətidir. Mən bu haqda demişəm, deyirəm və məsələ həll edilməyənə qədər də deyəcəyəm.

- Gürcüstanda azərbaycanlıların bir neçə təşkilatı var. Onların bəziləri indiki hökuməti, bəziləri isə müxalifəti dəstəkləyir. Sizcə, bu doğru taktikadır?
- Gürcüstanda yaşayan soydaşlarımız bu ölkədə fəaliyyət göstərən siyasi partiyalarda iştirak etməlidirlər. Bu, vacibdir. İkincisi, heç birindən tələb edə bilməzsən ki, Saakaşvilini dəstəkləmə və ya indi hakimiyyətdə olan partiyanı müdafiə etmə. Bu, mümkün də deyil. Gürcüstan vətəndaşı olaraq soydaşlarımız necə düşünürsə, o cür də hərəkət etməlidirlər.

- Qarşıdan parlament seçkiləri gəlir. Siz siyasətə meyl etmirsiniz, amma deputatlığa namizədliyiniz zamanla olub. Bu dəfə namizədliyinizi irəli sürəcəksiniz?
- Mən 1995 və 2000-ci ildə namizədliyimi irəli sürdüm. Ancaq alınmadı. Düşündüm ki, parlamentə düşə bilmirəm. Odur ki, bu fəaliyyətdən uzaqlaşdım. Amma istəyirəm ki, Gürcüstan əsilli Azərbaycan vətəndaşları, Borçalı üçün canı yanan dəyərli ziyalılarımız parlamentə düşsünlər. Hesab edirəm ki, bizim Milli Məclisdə 4-5 deputat Gürcüstan əsilli olmalıdır. Bildiyim qədər bir çoxları namizədliyini irəli sürüb. İndi görək necə olacaq. Mən namizədliyimi irəli sürmək niyyətində deyiləm. 77 yaşım var, bu yaşdakılar indi Milli Məclisdən aralanır.

Nemət


Müəllif:

Oxşar xəbərlər