“Azərbaycan özünü ciddi və etibarlı bir dövlət kimi tanıdıb. Azərbaycan özünü birgə maraqların qorunmasına hörmətlə yanaşan bir tərəfdaş kimi təsdiq edib, bu istiqamətdə hörmət qazanıb. Ayrı-ayrı ərəb ölkələrinin rəsmi şəxslərinin Azərbaycana səfəri birgə layihələrin işlənməsinə, birgə əməkdaşlıq məsələlərinin müzakirə edilməsinə, eyni zamanda, regionun təhlükəsizliyinin qorunmasında birgə fəaliyyət göstərməsinə gətirib çıxarır”.
Bunu Teleqraf.com-a müsahibəsində Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.
Müsahibəni təqdim edirik.
- Bu günlərdə Türkiyədə işgüzar səfərdə idiniz. Səfəriniz necə keçdi?
- Xocalı soyqırımının ildönümü artıq ənənəvi olaraq təkcə Azərbaycanda deyil, dünyanın bir sıra bölgələrində qeyd olunur. Qardaş Türkiyənin isə hər bir bölgəsində, universitetində Azərbaycanın bu ağrılı tarixi yada salınır, ölkə cəmiyyətinin müxtəlif nümayəndələri Xocalı faciəsi zamanı həlak olanların xatirəsini əziz tuturlar. Fevralın 26-da Kahramanmaraş valiliyinin və bələdiyyəsinin dəvəti ilə Kahramanmaraş bölgəsində olduq. Bir sıra görüşlər keçirdik. Kahramanmaraş Südçü İmam Universitetinin, Böyükşəhər Bələdiyyəsinin, vilayətdə fəaliyyət göstərən Aksu TV-nin rəhbərliyi ilə görüşlərimiz baş tutdu. Eyni zamanda bölgə valisi ilə də görüşlərimiz oldu. Hər bir görüşdə Kahramanmaraşın Azərbaycana sevgisini, Dağlıq Qarabağ probleminin həllində Azərbaycanla bir yerdə olduğunu gördüm. Fevralın 26-da şəhərin əsas mədəniyyət mərkəzində bütün zalın dolu olduğu Xocalı soyqırımının xatirə gecəsi keçirildi. Xatirə gecəsində Kahramanmarş Südçü İmam Universitetinin IV kurs tələbəsi, azərbaycanlı tələbələr birliyinin sədri Tural Şahbazlı ilə yanaşı universitetin tarix profesoru, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının məsul işçisi, Kahramanmaraş bələdiyyəsinin sədri də çıxış etdi. Eyni zamanda, Azərbaycandan gələn qonaq kimi mən Dağlıq Qarabağ probleminin tarixindən, ermənilərin zaman-zaman əvvəl çar Rusiyası, sonra sovet rəhbərliyi tərəfindən əzəli torpaqlarımızda yerləşdirildiyi və onların Azərbaycan xalqına qarşı əzazil hərəkətlərindən danışdım. Xocalı soyqırımının baş verməsi səbəblərini araşdırdım, faktları göstərdim, tarixi açıqladım. Ümumən, auditoriyanın bundan xəbərdar olduğunu hiss edirdim, amma yenə də bu məsələyə Azərbaycan və Türkiyə cəmiyyəti olaraq birlikdə öz münasibətimizi bildirdik. Qeyd edim ki, tədbiri yerli kanallar bütünlüklə efirə verdi. Həmçinin, tədbir barədə yerli qəzetlər və saytlar, o cümlədən Türkiyənin bir neçə aparıcı saytı da məlumat verdi. Həmin gün - fevralın 26-da tək mən yox, Milli Məclisin çox sayda deputatları və ziyalılarımız Türkiyənin müxtəlif bölgələrində, bələdiyyələrində, o cümlədən universitetlərində Xocalı soyqırımının anım tədbirlərində iştirak etdilər.
- Səfərdən qayıtdıqdan sonra seçicilərinizlə görüşmüsünüz. Bu barədə bir qədər məlumat verməyinizi xahiş edirəm...
- Bir qayda olaraq iki aydan bir Mingəçevirdə, öz dairəmdə seçicilərimlə görüşlər keçirirəm. Görüşün vaxtı əvvəldən yerli televiziya, eyni zamanda sosial şəbəkə vasitəsilə bildirilir. Deputatın qəbul otağında insanlar əvvəldən yazılış olmadan və müraciət üçün mövzu məhdudiyyəti olmadan qəbul edilirlər. Martın 3-də, bütün gün ərzində 62 nəfər insan qəbul etdim. Bunların 14 nəfəri iki böyük qrupla idi, qalanları isə fərdi şəkildə. Mən bir qayda olaraq insanları tək qəbul edirəm və hesab edirəm ki, insanlar tək olduqda öz dərdlərini daha açıq deyə bilirlər və onların problemləri ilə dərindən məşğul ola bilirsən. Qaldırdıqları məsələlər müxtəlif idi. Ayrı-ayrı qanunlarımıza düzəlişlər təklifləri ilə yanaşı özlərinin rastlaşdıqları gündəlik qayğılardan bəhs edirdilər. Məsələn, işlə təminat, çoxmərtəbəli binaların damlarının təmiri - qeyd edim ki, bu məsələ Mingəçevir üçün aktualdır - sosial məsələlər, mənzil, ipoteka, müalicə, pensiya təminatı məsələləri ilə bağlı, ayrı-ayrı idarələrdə rast gəldikləri çətinliklərlə bağlı məsələlər qaldırdılar. Bütün bunların hamısı diqqətlə dinlənildi. Təkcə ərizələri qəbul etməklə kifayətlənmədik, bir sıra məsələləri zəng edərək yerindəcə həll etdik. Digər məsələləri isə nəzarətə götürdük, həftənin birinci günündən həlli ilə bağlı işləməyə başlayacayıq.
- Fevralın son günündə Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı keçirildi. Bu layihənin əhəmiyyətini nə cür qiymətləndirirsiniz?
- Azərbaycan təkcə neft-qaz istehsalçısı olmayıb, eyni zamanda coğrafi şəraitə görə onların nəqli üçün çox gözəl bir dəhliz imkanı yarada bilib. Bu baxımdan vaxtaşırı olaraq neft və qaz nəqli üçün layihələrin müzakirə mərkəzinə çevrilir. Məşvərət Şurasının iclasının keçirilməsi texniki məsələlərin həllinə həsr edilmişdi. Ümumən götürdükdə hesab edirəm ki, Azərbaycan ev sahibliyini layiqincə edə bildi. Məsələlər müzakirə edildi və tərəflər bu dəhlizin qısa zamanda işə düşəcəyi və bütün iştirakçı dövlətlərin bundan fayda götürəcəklərini hiss etdilər.
- Son vaxtlar Azərbaycanla ərəb ölkələri arasında əlaqələrin intensivləşdiyi hiss olunur. Son bir ildə Prezident Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə səfərlər edib. Eyni zamanda, qarşılıqlı olaraq ərəb ölkələrinin rəsmiləri də Azərbaycana səfərlər edirlər. Yayılan məlumata görə, Qətər əmiri Təmim bin Həməd Al Tani martın 7-də Azərbaycana rəsmi səfərə gələcək. Görüşlərin yekununda 8 sənədin imzalanması gözlənilir. Son vaxtlar Azərbaycanla ərəb ölkələri arasında qarşılıqlı səfərlərin artan dinamikasını nə ilə izah etmək olar?
- Azərbaycan özünün inkişafı ilə Şərq ölkələrinin diqqətini cəlb etməkdədir. Onların içərində böyük neft-qaz ehtiyatlarına, maliyyə imkanlarına malik ölkələrin Azərbaycanla əməkdaşlığı da böyük maraq doğurur. Hesab edirəm ki, bu, tamamilə təbiidir. Birinci biz bir regionda yerləşirik. Bizim problemlərimiz bir çox hallarda eynidir. Həmçinin, həmin ölkələr Azərbaycanın timsalında investisiya yatırmaq üçün çox ideal şərait görürlər. Azərbaycan özünü ciddi və etibarlı bir dövlət kimi tanıdıb. Azərbaycan özünü birgə maraqların qorunmasına hörmətlə yanaşan bir tərəfdaş kimi təsdiq edib, bu istiqamətdə hörmət qazanıb. Ayrı-ayrı ərəb ölkələrinin rəsmi şəxslərinin Azərbaycana səfəri birgə layihələrin işlənməsinə, birgə əməkdaşlıq məsələlərinin müzakirə edilməsinə, eyni zamanda regionun təhlükəsizliyinin qorunmasında birgə fəaliyyət göstərməsinə gətirib çıxarır.
- Bundan öncə isə Prezident İlham Əliyev İran İslam Respublikasında rəsmi səfərdə oldu. Yüksək səviyyədə keçən səfər zamanı iki ölkə arasında 11 sənəd imzalandı. Azərbaycan-İran Parlamentlərarası Dostluq Qrupunun üzvü kimi, xüsusən, İrana qarşı sanksiyaların ardan qaldırılmasından sonra Azərbaycan və İran arasında münasibətlərin gələcək perspektivini necə görürsünüz?
- Azərbaycanla İran arasında dostluq və qardaşlıq həmişə olub. Tərəflərin bir-birinə qarşılıqlı surətdə yüksək səviyyəli səfərlərinin həyata keçirilməsi də birinci dəfə deyil. Azərbaycan Prezidenti də çıxışında bildirdi ki, o heç bir zaman İrana qarşı sanksiyaların tətbiq edilməsinin tərəfdarı olmayıb. Azərbaycan Prezidentinin İrana səfəri əməkdaşlığın dərinləşməsi, yeni əməkdaşlıq formalarının tapılması, həmçinin birgə maraq kəsb edən məsələrinin müzakirəsinə həsr edilmişdi. Səfər zamanı neft-qaz sahəsində əməkdaşlıq barədə razılığa gəlindi, Rusiyadan gələn yüklərin Azərbaycan ərazisindən keçməklə dəmiryolu xəttilə İrana ötürülməsi barədə də prinsipial razılıq əldə edildi. Ümumən götürdükdə danışıqlar iki ölkənin dostluğunun möhkəmlənməsi istiqamətində çox böyük bir istinad nöqtəsi oldu.
Onu da deyim ki, İran və Azərbaycan arasında olan münasibətlər bir çox dövlətlər üçün yaxşı nümunə ola bilər. Azərbaycan Prezidentinin İrana səfəri dünya üçün İran üzərindən sanksiyaların götürülməsindən sonra ilk səfərlərdən biri sayılır. Azərbaycan həmişə hesab edib ki, İranla olan münasibətlər siyasi müstəvidə siyasi yollarla həll edilməlidir. Azərbaycan heç vaxt İrana qarşı hər hansı kampaniyada iştirak etməyib. İran-Azərbaycan münasibətləri daim daha yaxşılaşmağa doğru gedən münasibətlərdir. Fərqli siyasi sistemlərimizin, bir sıra məsələlərə fərqli yanaşmamızın olmasına baxmayaraq, iki ölkə mehriban qonşuluq münasibətlərinin saxlanılması, ümumi nöqtələrin axtarılmasına səy göstərən nümunəni ortaya qoya bilərlər. Hazırda Azərbaycanla İran arasında bütün sahələr üzrə əməkdaşlıq mövcuddur. Hər rəsmi səfər zamanı əməkdaşlığın daha da dərinləşməsi, yeni istiqamətlər üzrə əməkdaşlığın aparılması üçün işlər gedir. Bu səfər zamanı da Azərbaycan xoş münasibətini ortaya qoydu.
Səxavət Həmid