Politoloq Rasim Ağayev Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) üzvü olan dövlətlərin Qətərin paytaxtı Dohada keçirilən görüşü ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
– Rasim bəy, İranla Səudiyyə Ərəbistanı arasında olan ziddiyyətə görə razılaşmanın əldə olunmamasını necə şərh etmək olar?
– Səudiyyə Ərəbistanı neftin hasilatını “dondurmağı” açıq-aşkar istəmir. Əgər OPEC üzvləri hansısa nəticəyə gəlsəydilər, bu, ABŞ-ın vəziyyəti üçün pis olardı. Amma bunlar razılığa gəlmədilər. Deməli, Amerika üçün yol açılır.
– Neftin qiyməti aşağı olanda bu, ABŞ-ın mövqelərini necə gücləndirir?
– Neft ABŞ-ın əlində bir dəyənəyə çevrilib. Kim başını qaldırırsa, Amerika həmin dəyənəyi onun təpəsinə vurur. Yəni, neft istehsal edən ölkələrə onu sərbəst, istədikləri kimi kiməsə satmaq, neft siyasəti aparmağa imkan verilmir. Söhbət bundan gedir! Əslində, qloballaşan dünyada belə də olmalıdır. İndi bütün dünya İranın, Səudiyyə Ərəbistanının, Qətərin və ya Birləşmiş Ərəb Əmirliklərinin nazı ilə durub otura bilməzlər axı.. Gərək burada hansısa razılıq olsun, konsensus yaransın, şərtlər ortaya çıxsın. Amma söhbət bundan getmir. Söhbət ondan gedir ki, Amerika onun siyasətinin həyata keçməsini istəyir. Bu gün Amerika istəyir ki, Rusiya parçalansın, onun vəziyyəti ağırlaşsın. Ona görə də onlar neft hasil edən ölkələri qiymətin azalmasına doğru itələyirlər. Çünki neftin qiyməti düşdükcə Rusiyanın vəziyyəti ağırlaşacaq. Söhbət ancaq bundan gedir. Məsələn, kiçik dövlətlər başlarını dolandıracaqlar. Qiymətin ucuzlaşmasının onlara elə də böyük təsiri ola bilməz. İranın özü də 30 il Amerikanın sanksiyaları altında yaşayıb. Nə oldu guya? Acından ölmədilər ki?! Amma Rusiyanın vəziyyəti başqadır. Bu da ki, çox acınacaqlı bir vəziyyətə gətirib çıxara bilər.
– Belə çıxır ki, ABŞ hazırda “dəyənəyi” işə salıb?
– Bəli. ABŞ-la Səudiyyə Ərəbistanı arasında ziddiyyət yarandı. Səudiyyə də dedi ki, əgər razılıq olmas, mənim ABŞ maliyyə bazarlarına yatırdığım 1 trilyon dollaradək tranzaksiyaları qaytar. Yəni Amerikanın maliyyə cəhətdən Səudiyyə Ərəbistanından asılılığı var. Nəticədə Amerika Səudiyyə Ərəbistanı ilə hesablaşmağa məcbur qalır. Bu iki ölkə arasında başqa bağlar da var. Bilirsiniz ki, Səudiyyə Ərəbistanı Yaxın Şərqdə Amerikanın ən yaxın, ən sərbəst, ən sabit müttəfiqidir. İndi İranla da Amerikanın arası yaxşılaşmışdı. Amma İran Səudiyyə Ərəbistanından fərqli olaraq öz qərarında sərbəst olmağa çalışır. Amma başqa ölkələr Amerikanın diqtəsi ilə oturub durmağa hazırdırlar.
– Neftin ucuzlaşmasının davam etməsi Yaxşın Şərqdə yeni münaqişə ocaqlarının yaranmasına, yaxud mövcud münaqişələrin eskalasiyasına gətirib çıxara bilərmi?
– Elə hər şey Yaxış Şərqdən başladı və Amerikanın siyasətinin nəticəsində oldu. İndi Obama deyir ki, mən Liviyanı nahaq yerə parçaladım, Liviyada səhvə yol verdim. Obama bunu etiraf edir. Təkcə Liviya olsaydı, dərd yarı idi. Bəs İraqı kim parçaladı? Nəyə lazım idi bunlar? Suriyaya niyə girişdin? Bütün bunların hamısının neftin qiymətinə də böyük təsiri var. İran da oturub baxır ki, bu gün Suriyanı parçalayırlar, sabah da növbə onun özünə yetişəcək. Doğrudur, İraq, Suriya, Liviya demokratiyadan uzaq rejimlərdir. Bəs, sən bunu görmürdün? Sən bunu yaxşı görürdün, bilirdin ki, Yaxın Şərq ölkələri faktiki olaraq başqa siyasi mühitdə, başqa epoxada yaşayırlar. Avropanın qarşısına qoyulan tələbləri onların qarşısına qoymaq olmaz. Hansı Yaxın Şərq liderinə necə demək olar, hansı liderdən xahiş etmək olar ki, sən bir gün, yaxud beş-on gün ərzində ölkəndə demokratiya yarat. Bu, qeyri-mümkün işdir.
– Bəs, Rusiya tərəfi neftin qiymətinin bahalaşması üçün yeni münaqişə ocaqları yarada bilərmi? Nəzərə alsaq ki, neft adətən müharibələr zamanı bahalaşır...
– Yox, söhbət böyük müharibələrdən gedir. Kimdir ki, Rusiya ilə müharibə aparan?! Avropa düşəcək Rusiyanın qabağına? Nəyinə lazımdır? Avropanın özünün min dənə problemi var. Bu mənada neft böyük müharibələr zamanı bahalaşır ki, bunu da aparan yoxdur. İndi faktiki olaraq böhran hökm sürür. Böhranın da çox səbəbləri var. Bir səbəbi də Yaxın Şərq ölkələrinin qeyri-sabitləşməsi ilə bağlıdır. Bu saat İraqın nefti hara gedir, kim satır, necə satır, heç kim bilmir. Hara gedir bunun axırı? Ölkə idi da. Onu niyə dağıtdınız?
– Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi hazırda nə yerdədir?
– Məsələnin həllinin nə yerdə olduğunu yaxından bilmək üçün gərək erməni mətbuatını oxuyasınız. Rusiya mətbuatında isə Moskvanın maraqlarından çıxış edərək yazılar yazırlar. Mən erməni mətbuatını daimi olaraq izləyirəm. Aprel müharibəsi erməniləri sarsıtdı, ermənilərin bütün yaralarını açdı. Bütün dövrlərdə – istər SSİR vaxtında, istərsə də ondan sonra Rusiya ermənilərə kömək edib. Onları şirnikləndiriblər. Nəticədə ermənilər özlərindən çox razı idilər. İndi isə məlum oldu ki, ermənilər müharibə etmək istəmirlər, cavanlar qaçırlar. Heç kim Qarabağla maraqlanmır. Sərkisyana deyirlər ki, müharibə etmək istəyirsənsə, özün get, öz uşaqlarını göndər. Yəni, vəziyyət ağırlaşıb. İndi Azərbaycanın siyasətindən, mövqeyindən və xalqın birliyindən çox şey asılıdır. İndi imkan da yaranıb, ermənilərin bir qismi də 5 rayonu qaytarmağa hazırdırlar və tərəflər sülh danışıqlarına keçsinlər.
Dağlıq Qarabağın statusunu müzakirə etmək və sair. Burda çox incə, çox sabit və uzaqgörən siyasət aparmaq lazımdır ki, uduzmayasan. Aprelin əvvəlində baş verən hadisələr də göstərir ki, Azərbaycanın qələbə çalmaq üçün yaxşı imkanları həmişə olub, amma Azərbaycan müxtəlif səbəblərdən bu imkanlardan axıradək istifadə edə bilməyib. Vaxtilə Xalq Cəbhəsi də hər şeyi sındırdı, zəif rəhbərlik oldu, çoxlu problemlər ortaya çıxdı. Rusiyanın mövqeyindən çox şey asılı idi. İndi isə beynəlxalq şərait dəyişikliyi baş verib. İstər Avropa, istərsə də Rusiyada ermənilərlə bağlı ciddi yorğunluq hiss olunur. Onlar deyirlər ki, bunlar camaatdan nə istəyir axı?! Heç nəylə də razı deyillər. Bu isə ölkələri yorur. Ona görə də zənnimcə, Azərbaycanın Qarabağ problemi kimi milli problemi öz xeyrinə həll etmək üçün çox yaxşı imkanları yaranıb.
Səxavət HƏMİD