28 Aprel 2016 12:45
2 813
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya ilə Türkiyə arasındakı şifahi razılaşmalar cümhuriyyətin taleyində acı rol oynadı”

Aprelin 28-i Azərbaycanın bolşevik işğalına məruz qaldığı və cümhuriyyətin süquta uğradığı gündür. Müstəqil dövlətin süquta uğradılmasının səbəblərinə dair Teleqraf.com-un suallarını dövrün tarixinin araşdırıcısı, görkəmli alim, professor, millət vəkili Musa Qasımlı cavablandırır.

– Musa müəllim, 28 aprel işğalı ilə bağlı indiyədək çox yazılıb, çoxlu müsahibələr verilib. Bu mənada ötən illərdə yazılan və deyilən fikirləri təkrarlamamağa cəhd göstərək. 28 aprel işğalı ilə bağlı Sizə hansı yeni faktlar məlumdur?

– Tarixdə araşdırılması bitmiş hesab edilən heç bir mövzu yoxdur. İndiyədək bilinməyən bir yeni və ən mötəbər arxiv sənədinin elmi dövriyyəyə gətirilməsi indiyədək yazılanları alt-üst edə və ya səhvləri düzəldə bilər. Bu baxımdan, 28 aprel işğalına dair ölkəmizdə nə qədər əsərlər yazılsa da, yenə azdır. Sovet dövrü tarixşünaslığında 28 apreli əvvəlcə “çevriliş” adlandırırdılar. Sonralar isə “inqilab” adlandırmağa başladılar.

Xarici ölkələrdə siyasi mühacirlərin yazdıqları əsərlərdə və dərc etdikləri jurnallarında, digər ölkə tarixçilərinin kitablarında 28 aprelin mahiyyəti düzgün olaraq “işğal” yazılırdı. Çünki bir qonşu ölkə digər bir qonşu ölkəyə hərbi təcavüz edərək işğal etmiş, dövlət müstəqilliyinə son qoymuşdu. Bolşevik ordusunun Azərbaycana təcavüzü nəticəsində çevriliş oldu, hakimiyyət dəyişdirildi, bolşeviklər hakimiyyətə gətirildilər, müstəqil Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıldı, işğalın və çevrilişin nəticəsi isə Azərbaycanda sosial-siyasi, iqtisadi, ideoloji və b. sahələrdə inqilabi dəyişikliklərə gətirib çıxardı.

Bu məsələləri dərindən araşdıran və bir neçə monoqrafiya nəşr etdirmiş peşəkar tədqiqatçı olaraq deyə bilərəm ki, problemin araşdırılmasını sona çatmış hesab etmək düzgün olmazdı. Çünki tarixi tədqiqatlarda son nöqtə heç bir zaman qoyulmur. 1998-ci ildə “Xarici dövlətlər və Azərbaycan (aprel işğalından SSRİ yaradılana qədərki dövrdə diplomatik-siyasi münasibətlər)” adlı iri həcmli monoqrafiyam nəşr edilənədək bu işğalla bağlı çoxlu arxiv sənədləri hələ elmi dövriyyəyə gətirilməmişdi. Tədqiqat zamanı bir çox yeni sənədləri elmi dövriyyəyə gətirdim. Onların hamısını sadalamaq mümkün deyil, zaman yetməz. Məsələn, arxivlərdə məxfi qrifi altında saxlanılan və o zamanadək istifadə edilməyən Stalinin Azərbaycanın işğal edilməsinə dair konkret göstərişlərini özündə əks etdirən sənədlər ilk dəfə elmi dövriyyəyə gətirildi. Stalin Serqo Orconikidzeyə etiraz edərək yazırdı ki, Azərbaycanda milli hökumətə qarşı üsyan şansı yoxdur, gözləməyin heç bir faydası yoxdur, ona görə də Azərbaycan hüdudlarına soxulmaq gərəkdir. Bundan sonra xarici ölkələrin arxivlərində işləyərkən çoxlu yeni mənbələri elmi dövriyyəyə gətirdim.

Xüsusən, bolşevik işğalı nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin itirilməsinə böyük dövlətlərin münasibətinə dair elmi ictimaiyyət tərəfindən yaxşı qarşılanan bir sıra məqalələr dərc etdirdim. Mütəxəssislərin fikrincə, bunlar əslində açılan ilk uğurlu cığırlar idi. Nəhayət, 2006-cı ildə İstanbulda “Kaknüs” nəşriyyatı “Azərbaycan türklərinin milli mücadilə tarixi. 1920-1945” adlı iri həcmli monoqrafiyamı alaraq nəşr etdi. Bu əsər dünyanın bir sıra ölkələrində keçirilən kitab sərgilərinə çıxarıldı. Bir neçə il əvvəl Frankfurt kitab sərgi-yarmarkasında ən çox satılan kitablardan biri oldu.

– Bu işğal faktı yetərincə araşdırılıbmı?

– Ölkəmizdə bəzi əsərlər olsa da, bu hadisəyə dair yeni əsərlər yazılmasının faydalı olacağı qənaətindəyəm. Mənbələrin informasiya verimi imkanları tükənməzdir. Xüsusən, xarici ölkələrin arxiv mənbələrinin gənc tədqiqatçılar tərəfindən araşdırılmasının gərəkli olacağına inanıram.

– Cümhuriyyətin süqutunda xüsusi, müstəsna rol oynamış şəxslər kimlər idi? Adətən, Çingiz İldırımın və Əliheydər Qarayevin adı çəkilir. Başqa kimlərin adlarını çəkmək olar?

– Ümumiyyətlə, işğalın həyata keçirilməsi və müstəqil dövlətin süqutunun təqsirini bir və ya bir neçə şəxsin üstünə qoymaq cəhdi tarixi tədqiqatların metodoloji prinsiplərinə ziddir. Dövrün şərtlərini təhlil etmək və Azərbaycanın müstəqilliyinin qatı tərəfdarı olan bir çox müsavatçı xadimlərin, baş verən proseslərin mahiyyətini dərindən dərk etməyərək loyal yanaşanların, parlamentdəki sosialistlərin və digərlərin konkret şəraitdə davranışlarını, daxili və beynəlxalq şəraiti dərindən təhlil etmək lazımdır. Məhəmməd Əmin Rəsulzadə və digərləri isə Azərbaycanın müstəqilliyinin qəti tərəfdarı olan siyasi xadimlər idi. Rəsulzadə bildirirdi ki, necə olursa-olsun təcavüzə qarşı silahlı müqavimət göstərmək lazımdır.

Bolşeviklər isə tamamən sovet Rusiyasının təsiri altında idilər. Cümhuriyyət hökuməti əleyhinə təbliğat təkcə parlamentdə aparılmırdı. Parlament divarlarından kənarda da bu işlər görülürdü. Hələ 1920-ci ilin fevral ayında Azərbaycan Kommunist (bolşevik) Partiyası yarandığı vaxtdan etibarən Bakıda pulsuz ziyafətlər təşkil edir, hədiyyələr dağıdır, cümhuriyyət hökuməti əleyhinə güclü təbliğat aparırdı.

Təbliğat aparanların içərisində müxtəlif millətlərdən olan, o cümlədən azərbaycanlı bolşeviklər də var idi. Təkcə Çingiz İldırım və Əliheydər Qarayev belə fəaliyyətlə məşğul deyildi. Nəriman Nərimanov əvvəllər yazdığı məqaləsində cümhuriyyət hökumətini tənqid etmişdi. Bolşevik hakimiyyəti qurulduqdan az sonra isə səhv etdiyini başa düşdü. Hətta Leninə hiddət dolu məktub da yazdı. Onun taleyi acı oldu. Mirzədavud Hüseynov, Dadaş Bünyadzadə və başqaları da təbliğat aparırdılar. Bolşevik işğalının həyata keçirilməsində müəyyən rolu olmasına baxmayaraq, Mirzədavud Hüseynov işğalın elə ilk günündən yürüdülən siyasətə etiraz etmişdi.

İngilis mənbələrində yazılır: xarici işlər komissarının müavini Mirzədavud Hüseynov (o, xalq xarici işlər komissarı N.Nərimanovun müavini idi – S.H) Fövqəladə Komissiyanın təqdim etdiyi 17 nəfərin ölüm hökmünə imza atmaqdan imtina etmiş və bildirmişdi ki, artıq bəsdir, qan töküldü. Belə faktların sayını artırmaq da olar. Bolşevik Rusiyasının təsiri altına olan və gənc olan bu şəxslər həmin fəaliyyətə məhdud çərçivədə yanaşaraq, siyasi mübarizənin tərkib hissəsi kimi baxırdılar. Azərbaycanın dövlət müstəqilliyinin əleyhinə olan və cümhuriyyətin süqutunda rol oynamış bu və digər şəxslərin demək olar, hamısını sovet repressiya aparatı məhv etdi.

– Sonuncu hökuməti təşkil etmək tapşırığı alan və buna nail ola bilməyən Məmmədhəsən Hacınskinin cümhuriyyətin devrilməsində rolu nədən ibarət olub?

– Azərbaycan Xalq Cümhuriyyəti daxili çəkişmələrin, ayrı-ayrı şəxslərin fəaliyyətinin nəticəsində deyil, bolşevik Rusiyasının işğalı nəticəsində süquta uğradıldı. Azərbaycan xalqı müstəqilliyin əleyhinə deyildi. Beynəlxalq şərait Azərbaycanın dövlət müstəqilliyini qorumaq üçün əlverişli deyildi. Azərbaycan Cümhuriyyəti demokratik idarə olunurdu. Müxtəlif partiyaların qarşıdurma yerinə çevrilən parlamentli respublika forması idarəçiliyi zəiflədirdi. Prezident respublikası olsaydı, Cümhuriyyətin ömrü bəlkə də uzun olardı.

Böhran yetişdikdə Məmmədhəsən Hacınskiyə hökumət təşkil etməyi tapşırdılar. Məhəmmədhəsən Hacınski cümhuriyyət dövrünün xadimlərindən biri, xarici işlər naziri olub. Bir sıra ikitərəfli sənədləri imzalayıb. Türk ordusunu Azərbaycana dəvət etmək üçün müraciət edib. Lakin o, hökuməti qura bilmədi. Hətta hökumət qurulsaydı belə, işğalın qarşısını almaq mümkün olmayacaqdı. Hacınskinin istintaq sənədlərini diqqətlə oxumuşam və əsərlərimdə istifadə etmişəm. Onun da həyatı acınacaqlı başa çatıb. Rəsmi məlumata görə, Tiflisdə həbsxana kamerasında “özünü asıb”.

– Paris Sülh Konfransının gedişində Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlət olaraq de-fakto tanınmışdı. Belə olan təqdirdə AXC-nin işğal edilməsinə “Antanta” blokuna daxil olan ölkələrin və Türkiyənin etiraz etməməsini, seyrçi qalmasını nə ilə izah etmək mümkündür?

– Bu sualın cavabı çox genişdir. Azərbaycanın dövlət müstəqilliyinin itirilməsinə böyük dövlətlərin münasibətini araşdırmışam. Birinci dünya müharibəsindən sonrakı illərdə “Antanta” ölkələrinin bolşevizmi “beşiyində boğmaq”, türk torpaqlarına yiyələnmək üçün apardıqları hərbi əməliyyatlar Rusiya və Türkiyəni yaxınlaşdırdı.

1920-ci ilin aprelin 23-də Türkiyə Böyük Millət Məclisi hökuməti qurulduqdan üç gün sonra, aprelin 26-da Mustafa Kamal Paşa Moskvaya üç bənddən ibarət təkliflərinin əks olunduğu bir məktub yazdı. Birinci təklifdə yazılırdı ki, türk hökuməti imperialist hökumətlərinə qarşı torpaqları azad etmək üçün bütün işləri və hərbi əməliyyatları birləşdirməyə hazırdır. İkinci təklifdə yazılırdı ki, əgər sovet qüvvələri Gürcüstana qarşı hərbi əməliyyatlara başlayıb, onu öz ittifaqına qoşarsa, Qafqaz ərazisindən ingilisləri qovmaq üçün tədbirlər alarsa, türk hökuməti imperialist Ermənistanına qarşı hərbi əməliyyatlar və Azərbaycan Respublikasını sovet dövlətləri dairəsinə girməyə məcbur etmək öhdəliyini qəbul edir.

Üçüncü təklifdə türk hökuməti imperializmə qarşı mübarizə üçün ilkin olaraq 5 milyon türk lirəsinin verilməsini xahiş edirdi. Həmin məktub 2 iyun tarixində Moskvada alındı, müsbət cavab 3 iyunda verildi. Leninin bu məktuba müsbət cavab verməsi də səbəbsiz deyildi. Rusiyanın strateji maraqlarından doğurdu. Bolşevik Rusiyasına qarşı “Antanta” ölkələrinin hərbi əməliyyatları davam edirdi. Moskvada hesab edirdilər ki, “Antanta” ölkələri türk xalqının istiqlal savaşı üzərində qalib gələrsə, onda Qafqaza girə bilərlər, Bakı neftini tutarlar, buradan isə Moskvaya gedən yol açılmış olardı.

Bundan sonra sovet hakimiyyətini devirmək çətin olmazdı. Bu şərait Rusiya və Türkiyəni yaxınlaşdırdı. Lakin buna qədər artıq bir sıra şifahi razılaşmalar olmuşdu. Bu yaxınlaşma Azərbaycan Xalq Cümhuriyyətinin taleyində acı rol oynadı. Aprelin 28-də Azərbaycana qarşı bolşevik təcavüzü baş verdi. Bolşevik ordusu Anadoluya yardım adı altında Azərbaycana girdi. Ordunun başında Azərbaycanın istiqlalında xidmətləri olan Xəlil Paşa və başqaları gəlirdi. Azərbaycan xalqı islamın və türklüyün mərkəzi olan Türkiyənin məğlub olmasını istəmir, Türkiyəyə yardım edən istənilən qüvvəyə rəğbətlə yanaşırdı.

Lakin bolşevik qüvvələri Anadoluya getmədi, Azərbaycanı işğal etdi. Türklər belə hesab edirdilər ki, Azərbaycanda “Antanta” ölkələrinə yaxın olmayan partiyanın hakimiyyət başına gəlməsi faydalıdır. Onların düşüncəsinə görə, bolşeviklərin hakimiyyəti altında da Azərbaycan müstəqil qalacaq. Sonralar rus-türk danışıqlarında türk xadimləri Azərbaycanın müstəqilliyinə söz verdiklərini daim sovet xadimlərinin diqqətinə çatdırmışdılar.

Böyük dövlətlərin Azərbaycanın dövlət müstəqilliyinin itirilməsinə münasibəti bir sıra daxili və beynəlxalq amillərlə bağlı idi. Müharibə başa çatdıqdan sonra Avropa ölkələrini sol hərəkatlar bürümüşdü. Ölkələrin hansı yollarla – inqilab, yoxsa islahatlar yolu ilə inkişaf edəcəyinə dair əndişələr var idi. Ordudan tərxis olunanların işlə təmin edilməsi, sosial problemlərin həlli lazım idi. Xarici borclar məsələsi də həll edilməmişdi. Rusiyanın keçmiş müttəfiqləri olan “Antanta” ölkələrinə təxminən 18 milyard qızıl rubl borcu var idi. Onun da 16 milyardı hərbi borclar idi. Borclar məsələsi həll edilmədən çoxlu problemləri qaydaya salmaq mümkün deyildi. Azərbaycandan Britaniya qoşunlarının çıxarılması məsələsində ingilis rəsmi dairələri arasında fikir birliyi mövcud deyildi.

Uinston Çörçill Azərbaycandan ordu hissələrinin çıxarılmasının əleyhinə idi. Lord Kerzon isə beynəlxalq şəraitin əlverişsiz olduğunu deyirdi. Ad günlərinin birində masa arxasında Çörçill istehzalı şəkildə lord Kerzona demişdi ki, bu qara bantiklilər (ziyafət qalstuku – S.H) bizdən xəbərsiz ordu hissələrini Qafqazdan çıxarmağa qərar veriblər. Lord Kerzonun müvafiq izahatı da onu qane etməmişdi. Mübahisə hətta bir-birinə butulka ilə əl qaldırmaq səviyyəsinə gəlib çatmışdı. Ordu hissələrini çıxarmağa baxmayaraq, Böyük Britaniya bolşevik işğalına səssiz qalmadı və etirazını bildirdi. Fransa hökuməti Azərbaycanın müstəqilliyinin bərpasına hətta silahlı yardım etməyə hazır olduğunu bildirdi. Konkret plan da işləyib hazırladı. Lakin bu planı həyata keçirmək mümkün olmadı.

Səxavət HƏMİD


Müəllif: