2 Dekabr 2020 13:52
1 732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ordusunun qüdrəti sayəsində erməni işğalındakı torpaqlarımız azad olundu. Dekabrın 1-də Laçın rayonunun təhvil verilməsi ilə ölkəmizin ərazi bütövlüyü bərpa edildi.

Laçın rayonundan olan jurnalist İmdad Əlizdə bu tarixi qələbə münasibətilə Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- İmdad bəy, uzun illərin Laçın həsrətinə son qoyulub. Təəssüratlarınız necədir?

- Bu günlər dünyanın ən xoşbəxt, ən bəxtəvər insanları biz laçınlılarıq. Eyni zamanda, bütün Azərbaycan xalqı sevinir. Təbii ki, Qarabağ bizim qədim dədə-baba torpağımızdır. 28 il 6 ay 12 gün idi ki, Laçın düşmən işğalında idi. Bu torpaqların azad olunması ilə bizə çox böyük xoşbəxtlik bəxş olundu. Hesab edirəm ki, dünyada bundan böyük sevinc yoxdur.

- Bu müddət ərzində ümidsizliyə qapıldığınız olmuşdumu?

- Məcburi köçkünlük dövründə həyatımızda olan xoş günlər zamanı sevindiyimiz, heç demə, sevinc deyilmiş. Biz əsl sevinci indi dadırıq, əsl sevincin necə olduğunu indi bilirik. Möcüzə baş verib, ümidlərimizin azaldığı bir dövrdə Laçın işğaldan azad olunub. O yerlərə yenidən qayıtmaq, orada yenidən yaşamaq, oranı abadlaşdırmaq şansımız yaranıb. Bu günü səbrsizliklə gözləyirdik.

Torpaqlarımızın işğaldan azad olunmasında əməyi olan hər kəsə təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Onlar öz qanları ilə tarix yazdılar. Öz həyatları hesabına bizə bu xoşbəxtliyi bəxş etdilər.

Çox böyük sevinc və qürur hissi ilə Laçının işğaldan azad olunması anını yaşayırıq. Bu, həyatımızın ən anlamlı, ən gözəl və heç vaxt yaddan çıxmayacaq anıdır.

- Laçın xatirələrinizdə necə qalıb?

- Laçın işğal olunanda 13 yaşım vardı. Biz Laçından 2 dəfə məcburi köçkün düşdük. 1992-ci il mayın 18-də Laçın işğal olundu, onda 12 yaşındaydım. Sonra kəndimiz işğaldan azad edildi, geri qayıtdıq. İkinci dəfə 1993-cü ilin mart ayında çox böyük müsibətlərlə canımızı düşməndən qurtara bildik. Atam 54 gün düşmən mühasirəsində qaldı.

Laçın yaddaşımda düşmən işğalına qədər gördüklərimlə, həm də evdə valideynlərimin, yaxınlarımın danışdığı xatirələrlə qalıb. Təbii, elə yaşdaydım ki, mən Laçının hər yerini gəzməmişdim. Əsasən öz kəndimiz və yaxın kəndlərdə olmuşdum.

Dünyanın ən gözəl yerlərindən biri Laçın rayonudur. Təbiəti zəngin, havası təmiz, suyu saf bir məkandır Laçın. Yenidən o gözəlliklərin şahidi və sahibi ola biləcəyik. 28 il 6 ay ərzində nə qədər insanla söhbət etmişəm, heç vaxt nə Laçın, nə də laçınlılarla bağlı mənfi fikir söyləyən insanla rastlaşmamışam.

Laçın nəinki bizim xatirələrimzdə gözəl məkan, cənnət torpaq kimi qalıb, eyni zamanda nə vaxtsa yolu o yerlərdən düşmüş, qonaq olmuş insanların da xatirəsində Laçın gözəl bir ünvan kimi yer eləyib. Laçın qış aylarının sərt keçdiyi yerdir. Lakin bu sərtlik insanların xarakterinə mərd xüsusiyyətlər bəxş edib. Laçın yaddaşımızda hər zaman şux, abad qalıb. Doğrudur, düşmən oraları dağıdıb, amma biz Laçını yenə də əvvəlki vəziyyətinə qaytaracağıq.

- İlk olaraq Laçında haraya getməyi planlaşdırırsınız?

- Laçında ilk görmək istədiyim yer kəndimiz Oğludərə və öz evimizdir. Düşmən işğal etdiyi yerlərdəki bütün evləri, sosial obyektləri, dövlət qurumlarının binalarını dağıtdığı kimi, bizim evimizi də yəqin ki, dağıdıb. Amma nə qədər dağıtsa da, o evin divarlarından bir parça qalmış olar.

Mən kəndimizdə hər şeydən qabaq öz evimizə gedəcəm. Bu da səbəbsiz deyil. Çünki atam 1993-cü ildə evimizi tərk edən zaman çox dəhşətli ayrılıq baş verib. "54 gün erməni mühasirəsində" kitabında atam yazır ki, ikinci mərtəbəyə qalxdım, sandıqdan bir ağ torba tapdım. İçinə bir cüt yun corab, bir cüt qara ayaqqabı qoydum. Pilləkənin başında üzümü divara söykəyib, göz yaşlarımla divarı islatdım. Pilləkənlə aşağı düşüb, pilləkənin dibində diz çöküb, göz yaşlarımla pilləkəni islatdım və dedim: "Ata yurdu, bağışla ki, mən səni qoruya bilmədim".

Mən də öz evimizə gedib, evimizin qalan divarlarına üzümü söykəyib, diz çöküb, göz yaşlarımla divarı yuyub deyəcəm ki, ata, ruhun şad olsun. Laçın, gözün aydın, biz qayıtmışıq. Bundan başqa, kəndimizdə Məstan əminin evinin altı deyilən bir yer var, oraya gedəcəm. 1993-cü ilin mart ayının 31-də atamdan ayrılanda sonuncu dəfə Məstan əminin evinin altında dönüb atama baxmışdım. Ondan sonra 54 gün atamı görmədim. Atamın o obrazı yaddaşıma əbədi həkk olunub.

- Doğma torpaqların azad olunması xəbəri hər kəsdə fərqli hisslər oyatdı. Yaşlı ananız bu xəbəri necə qarşıladı?

- Anam əvvəllər telefona baxan deyildi. Amma müharibə başlayandan əlindən telefon düşmürdü. İşğal olunmuş ərazilərdə çəkilib sosial şəbəkələrdə yayılan nə qədər video varsa, hamısını izləyirdi. Çalışırdıq ki, anam o xəbərləri o qədər də oxumasın. Amma deyirdi ki, oxumasam, ürəyim dözmür, gərək mütləq oxuyam.

Bütün ailə üzvlərimiz kimi anam da bu xəbəri sevinclə qarşıladı. Çünki hamımız 28 il 6 ay ərzində Laçınla nəfəs almışıq. Nə danışmışıqsa, söz Laçının üzərinə gəlib. 1992-ci ildə Laçından çıxandan sonra bir neçə ay Murovun Göygöl rayonu ərazisində çadırlarda yaşamışıq. Baxmayaraq ki, orada müvəqqəti yaşamışıq, amma anam o yurd yeri üçün də darıxırdı. Deyirdi, heç olmasa oraları görüm. İndi isə Laçına, Oğuldərəyə qayıtmaq imkanımız var. Bundan böyük xoşbəxtlik yoxdur.

Bizim məcburi köçkünlüyümüz, kənddən çıxmağımız çox müsibətli olub. Anam, mən və qardaşım gecə-gündüz Kəlbəcərin qarlı dağlarından gedib, erməni mühasirəsindən çıxa bilmişik. Anamın böyük arzusu var ki, o yolları bir də görsün. Harada mühasirəyə düşmüşük, başımıza nələr gəlibsə, yerindəcə danışacağıq. Anam həmişə deyirdi ki, Allah mənə ömür versin, o yerləri görüm.

- Jurnalist kimi Qarabağla, Laçınla bağlı nə kimi planlarınız var?

- Əsas planım ermənilərin başımıza gətirdiyi müsibətlərdən kitab yazmaqdır. Çalışacam ki, tez bir zamanda o kitabı nəşr etdirim. Qoy gələcək nəsillər də bilsin ki, biz necə qəddar, vəhşi düşmənlə üz-üzə olmuşuq. Elə bir düşmənlə ki, qocaya, qarıya, uşağa, heç birinə fərq qoymadan əliyalın insanlara divan tutub. Ermənilər uşaqlarla, qocalarla döyüş meydanındakı kimi davranıblar. Dünyada nə qədər ağır işgəncələr varsa, birinci Qarabağ müharibəsi dövründə ermənilər onu bizim başımıza gətirib.

Biz də erməni işğalından əziyyət çəkən milyonlarla azərbaycanlıdan biriyik. Ailəmizin başına gətirilənlər yalnız bir ailənin faciəsi deyil, eyni zamanda ermənilərin doğma yurd-yuvalarından didərgin saldığı insanlığın başına gətirdiyi müsibətlərin tarixçəsidir. Ona görə də onu kitab şəklində dərc etdirmək niyyətindəyəm.

Bundan başqa, prosesləri izləyəcəyik. Görək o torpaqlara getməyə nə vaxt icazə verilir. Allah qoysa, Laçından reportaj hazırlamaq arzumdu. O yerlər barədə dostlarıma çox danışmışam, artıq oraları göstərə biləcəm. 1993-cü ildə mühasirədən çıxdığımız zaman gəldiyimiz yolu piyada getmək niyyətindəyəm. Biz Kəlbəcərin dağları ilə Murovdan açmışıq.

- Oradan xatirə olaraq nəsə gətirmisinizmi?

- 1992-ci ildə məcburi köçkün düşəndə əşyaları çıxara bildik. Amma 1993-də məcburi köçkün düşəndə yalnız canımızı və əynimizdəki paltarı gətirdük. Başqa heç nə götürə bilmədik. 1992-ci ildə Göygöl ərazisində çadırlarda məskunlaşanda rəhmətlik atamla Gəncəyə getdik. Atam mənə şəhəri gəzdirdi. Sonra paltarlara baxdıq. Atam mənə kostyum, köynək, ayaqqabı aldı, yenidən kəndimizə qayıtdıq.

Qış aylarında havaya görə ayaqqabı o qədər uyğun geyim deyildi. Kəndimizdən çıxanda əynimizdəki paltar və dəyişək geyim götürmüşdük. Kəlbəcərdə mühasirəyə düşəndə onları da atası olduq.

Bəylik kəndində bir evə düşmüşdük. O əşyaları da evdə qoyduq getdik. Fikirləşdim ki, indi başqa yerə gedəcəm, ayağımda rezin çəkmə var idi. Dedim, geri qayıdım, atamın yeni aldığı ayaqqabını götürüm. Ayaqqabıların iplərini bağlayıb, çiynimə atmışdım. Əynimdə bir palto var idi, çiyni düyməli. 4 gün yol gələndən sonra, mühasirədən çıxdıq. İstədim ayaqqabını geyinəm, baxdım ki, bir tayı düşüb. Digər tayı düyməyə dolandığı üçün qalmışdı.

O ayaqqabı tayını atmadım, özümlə Tərtərdə dayımgilə gətirdim. Sonra elə oldu ki, Tərtərdən də köçkün düşəsi olduq, ayaqqabı yaddan çıxdı. Bircə atam mühasirədən çıxanda əynində olan parçalanmış palto qalıb, onu saxlayırıq ki, ermənilərin bizə necə zülm etdiyi heç vaxt yadımızdan çıxmasın.

- Biz cəbhə ilə yanaşı, düşmənlə informasiya sahəsində də müharibə apardıq. Bu döyüşdəki fəaliyyətimizi necə qiymətləndirirsiniz?

- İnformasiya müharibəmiz də çox yaxşı getdi, orda da qalib gəldik. Düşməndən qat-qat üstün idik. Həmin günlərdə düşmən mediasını izləyirdim. Saytlarında ciddi məlumata rast gəlmək mümkün deyildi. Amma bizim informasiya müharibəmiz çox uğurlu idi.

Əvvəla, biz haqlı tərəf idik. Əgər bir işdə insan, dövlət haqlıdırsa, gördüyü iş uğurlu olacaq. Qarabağ münaqişəsində də işğala məruz qalmışdıq və torpaqları azad etmək məsələsində də haqlı tərəf idik. Düşmənə, dünyaya deməyə sözümüz vardı.

Jurnalistlərdəki vətənpərvərlik, hamının bir məqsəd ətrafında birləşməsi, işin mərkəzləşdirilmiş qaydada aparılması, düşmənə qarşı ciddi arqumentlərin ortaya qoyulması informasiya müharibəmizi uğurlu etdi. Hər iki sahənin qalibiyik...


Müəllif: Aysel Azad

Oxşar xəbərlər