25 Mart 2021 09:25
3 758
12 Punto 14 Punto 16 Punto 18 Punto

II Yazı

Əvvəli burada

Əsirlikdə ingilis dilini öyrəndiyini, siqareti azaltdığını yazan Əhməd bəy həbs edilərək adaya göndərilən Qars Milli Şurasının qafqazlı üzvlərinin pərişanlığı haqqında da ailəsinə xəbər verib, Əbdüləli bəy Əmircanın onlara kömək etməli olduğunu qeyd edib. 2 fevral 1920-ci il tarixli məktubunda adadakı vəziyyətindən bəhs edərək yazıb: “Hələ iki gün bundan əvvəl bir plov bişirdim ki, arxadaşlarım qaşıqları yaladılar. O qədər dadlı idi. Xalis əcəm plovu!”.

Sitarə xanıma yazdığı 19 fevral 1920-ci il tarixli məktubunda Əhməd bəy tanıdığı ingilislərin onu xilas edə biləcəyini qeyd edib: “Ötən məktubumda ingilis xariciyyə naziri Lord Curzona bir ərzihal yazıb göndərdiyimi xəbər vermişdim. Bu zat məni şəxsən tanıyırdı. Bəlkə, indi unudub. Çünki 28 illik bir keçmişdir. Fəqət əgər Yusif bəy Əlimərdana yazıb mənim ərzihalım haqqında onunla görüşməyi rica edər və vaxtilə onu tanıdığımı söyləyərsə, zənn edirəm ki fəna olmaz. Bir də Əlimərdan bəy Parisdə və yaxud Londonda Şirazdakı sabiq ingilis konsulu olmuş George Grahame namında mənim bir dostumu tapıb onunla bərabər iş görərsə, daha ziyadə müvəffəq olar. Zənn edirəm, bu dostumu sən də xatırlayarsan. Bir dəfə Bakıya gəldi, bizə müsafir oldu və bir gümüş itirdanlıq bəxş etdi. Xülasə Yusif bəy onun namını və İranda konsul olduğunu Mərdan bəyə yazarsa, o, onu tapar və dostum mənim halımı öyrənərsə, mütləq müavinət edər!”.

1920-ci il 8 mart tarixli məktubda Ağaoğlunun bir mütəfəkkir olaraq arxivindəki kitablarının taleyini də düşündüyünü görürük: “Şeyx Səfvət əfəndinin ailəsi oradadırmı? Mənim onda üç cild kitabım vardır. Alusizadənin əsəridir. Rica edirəm, şeyx orada isə ona ərzi-salam edib o kitabları alın və yaxşı mühafizə edin”.

Qeyd edək ki, Mahmud Şükrü Alusinin üç cildlik bu kitabı cahiliyyə dövrü ərəb tarixi ilə bağlıdır.

İstanbulda həbs olunmasının bir illiyi münasibətilə övladlarına yazdığı məktubunda həmin günü unutmamalarını istəyib: “15 martı heç bir zaman unutmayın. Ömrünüzün sonuna qədər 15 martı qəlbinizə həkk edərək yaşadın. Atanız sizdən bir il uzaq, hürriyyətindən məhrum, məmləkətindən ayrı olmaq cəzasını haqq edəcək heç bir günah işləməyib! Onun bir günahı varsa, millətini, məmləkətini sevmiş olmasıdır. Onlara vicdanı ilə xidmət etməsidir!”.

“Özümü 25 yaşlı gənc kimi hiss edirəm”

1920-ci il aprelin 1-də ailəsinə göndərdiyi məktubda dözməkdən başqa çarə olmadığını yazıb: “Məmləkət qurtulsun, başqa şeyin əhəmiyyəti yoxdur”. Aprelin 5-də qızları Sürəyya və Tezerə yazdığı məktubunda vəziyyətinin yaxşı olduğunu göstərmək üçün bəzən zarafat dolu cümlələr də qeyd edib: “Özümü 25 yaşlı bir gənc kimi hiss edirəm. Amma bunu ananıza söyləməyin. Bəlkə, qısqanar və necə şübhələrə düşər! Lakin əmin olsun ki, Maltada aşiq olacaq bir tək nazənin yox və atanızın bütün qəlbi o keçmiş eşqi ilə sizə aiddir”.

Ümumiyyətlə, Ağaoğlu maddi sıxıntıları xaric özünü məktublarda həmişə dözümlü göstərib, vəziyyətinin yaxşı olduğunu bildirib. Ailəsinə göndərdiyi fotoşəkillərdə arıq düşməsinin səbəbini fotoqrafla izah edib. Xüsusən, isti havalarda dostları ilə gəzdiklərini, icazəli günlərdə şəhərə çıxa bildiklərini, hətta film izləməyə də getdiklərini yazıb.

Adada olsa da, Ağaoğlu Qafqazdan məlumat ala bilib. 12 aprel tarixli yazısında qeyd edib: “Yusif bəy Vəzirovun vəzifəsindən çıxarıldığını eşitdim. Ondan çox şikayətlər eşitdim. Lazım olduğu kimi hərəkət etməmişdir. Onun yerinə kim təyin olundu?”.

Yada salaq ki, Azərbaycan Cümhuriyyətinin İstanbuldakı səfiri Yusif Vəzir Çəmənzəminli Əhməd bəyin xanımı Sitarənin qohumlarındandı. Ara-sıra ailəni ziyarətə gələrdi. Səməd Ağaoğlu xatirələrində atasının məktublarda qeyd etdiyi mətləbi daha geniş izah edib:

“...Bir də Yusif Vəzirov. Anamın bir az uzaq qohumlarından. Bizi görməyə deyil, yeni qurulmuş, azad Azərbaycan Cümhuriyyətinin səfiri olaraq İstanbula gəlmişdi. Bütün Vəziroğulları ailəsi kimi, o da zarafatcıl, xoşsöhbət, şirin bir insan idi. Üstəlik, orta boyu, qalın qara qaşları, qara gözləri vardı, üz cizgilərinə görə gözəl sayıla bilərdi. Düşmən çəkmələri altında olan İstanbul yeni türk dövlətinin bu səfirini həyəcanla bağrına basdı. Azərbaycanın azadlığı qaranlıq türk dünyasında parıldayırdı. İstanbulun aydın türkləri matəmlərinin bir təsəllisini də yeni dövlətin bayrağında və onu İstanbulda təmsil edən adamda tapmışdılar...

Yusif bəy yaxşı bir salon adamı, amma naşı, bacarıqsız siyasətçi idi. Anadoluda başlayan milli mücadiləyə qarşı soyuq davranır, hətta onu kiçik görən sözləri qəzetlərdə yazılırdı. Anamın bir neçə dəfə etdiyi xəbərdarlıqlara məhəl qoymadı. Sonunda dostları yavaş-yavaş azaldı. Azərbaycanda kommunist rejim hakimiyyətə gəlincə, işsiz, sığınmış bir adam kimi İstanbulda qaldığı vaxt səfarətin salonları çoxdan boşalmışdı. Səfarətdə oturan, həyəcanlı, çoxlu əl-qol hərəkətləri edən bir baş katiblə gənc gözəl xanımından başqa heç kimlə görüşmürdü. Zəfərdən sonra Ankaranın İstanbuldan uzaqlaşması üçün ilk işarət verdiyi adamlardan biri də Yusif bəy oldu. Bir daha nə üzünü gördüm, nə də adını eşitdim”. (Ağaoğlu S. Hayat bir macera. İstanbul, 2013, ss. 95-96.)

Yusif Vəzirin yerinə Xəlil bəy Xasməhəmmədov təyin edilsə də, onun bu vəzifəni yerinə yetirməyə imkanı olmadı.

Qafqazdan narahatlıq

27 apreldə Rusiyanın Azərbaycan Cümhuriyyətini işğalından iki gün sonra yazdığı məktubunda Ağaoğlunun vəziyyətdən xəbəri olduğu anlaşılır: “Eşitdiyimə görə Qafqaz ilə xüsusi xəbərləşmə kəsilmişdir”. Mayın 3-də yazdığı məktubunda da buna toxunub: “Qafqaz haqqında bəzi cansıxıcı xəbərlər aldım”. 6 may tarixli məktubunda təkrar qeyd edib: “Qafqaz haqqında buraya gələn xəbərlər çox fənadır. Əndişələnməkdəyəm”. 10 mayda göndərdiyi məktubunda isə Sitarə xanımın mövcud vəziyyətlə bağlı Qarabağdakı idarəçiliyə də yazmağını tövsiyə edib. İyunun 4-də yazdığı məktubunda Mürsəl paşanın da məhbuslar arasında olduğunu qeyd edib. Yada salaq ki, Mürsəl Bakü paşa 1918-ci ildə Qafqaz İslam Ordusunun zabitlərindəndi və Bakıya daxil olan ilk komandandı.

İyulun 8-də göndərdiyi məktubunda Əhməd bəy ailənin ehtiyaclarının qarşılanması üçün İstanbulda Tarabya və Erenköydəki torpaqlarını satmalarını tövsiyə edib.

Amma Əhməd bəy Qafqaz haqqında məlumat alsa da, məktublardan aydın olur ki, ölkədə baş verənlərdən kifayət qədər bilgisi olmayıb. Çünki 19 iyul tarixli məktubunda qardaşı Hüseynin Qarabağda Azərbaycan hökumətinə məktub yazmasını istəyib. Səbəb kimi Azərbaycanla İngiltərə arasında əsirlərin dəyişdirilməsi məsələsini göstərib. Özünün də vaxtilə Azərbaycan ilə İngiltərə arasındakı münasibətlərin qurulmasındakı töhfəsindən bəhs edib. Halbuki bolşevik hökuməti nəzərində artıq Ağaoğlunun münasibəti olan Tomson kimi generallar düşmən cəbhə idi.

Cümhuriyyət tələbələrindən gələn məktub

Azərbaycan Cümhuriyyətinin işğalından sonra hökumətin Avropaya göndərdiyi tələbələrin təqaüdü kəsildiyi üçün onlar çətin vəziyyətdə qalıblar. Tələbələr bu sıxıntılardan qurtulmaq üçün müxtəlif yollara baş vurublar. Ağaoğlunun 26 iyul tarixli məktubundan görünür ki, hətta tələbələr Qafqazla əlaqə qura bilmələri üçün Maltaya da məktub göndəriblər:

“Sizə olduqca qəribə bir hadisə nəql edim. İki gün əvvəl Avropadan bir məktub aldım. Azərbaycan hökuməti tərəfindən Avropaya göndərilmiş yüz tələbənin birindən idi. Anlaşılır ki, Azərbaycanda baş verən son inqilab nəticəsində bu biçarələri unutmuşlar. Onlar səfil və sərgərdan qalaraq nə cürsə mənim buradakı adresimi öyrənərək mənə müraciət etmişlər və məndən yardım istəyirlər! Zavallılar! Zənn edirlər ki, oralar ilə xəbərləşib məktublaşıram. Bununla birlikdə zavallıların hallarına üzüldüm. Orası ilə Azərbaycan arasında gediş-gəliş varsa, mənim namıma bir məktub yazıb bu zavallıların halını bildirsəniz çox yaxşı olar!”.

Əlimərdan bəylə əlaqə

1920-ci ilin 29 iyulunda göndərdiyi məktubunda aydın olur ki, nəhayət ki, Əlimərdan bəy Topçubaşı onun ailəsi ilə əlaqə yaradıb: “Mərdan bəyin məni, nəhayət xatırladığına minnətdar oldum. Əgər həqiqətən, yazmış olduğum ingilisi tapıb və onunla ciddi şəkildə çalışırsa, bu dəfə bir nəticəyə varacağına ümid edirəm. Fəqət indiyə qədər ondan heç bir işarə, ipucu görmədim. Mənə səbirsiz deyirmiş! On yeddi ay olur, yahu! Və tamamilə məsum olaraq mühakimə edilmək istədiyim halda!”. 5 avqust tarixli məktubunda isə bildirib: “Əlimərdan bəyin yazacağı məktubu hələ də intizarla gözləyirəm. Fəqət heç bir əsər-əlamət indiyə qədər görünmədi”.

Qeyd edək ki, Əlimərdan bəyin qızı Sara xanım Ələşrəf Sultanov adlı şəxslə evlənmişdi və ara-sıra İstanbula gəlib-gedirdilər. Ağaoğlu 13 sentyabr tarixli məktubunda yazıb: “Əlimərdan bəyin qızının ərini tanımıram. Bununla birlikdə onları təbrik edirəm, əgər indiyə qədər getməyiblərsə, onlar vasitəsilə Mərdan bəyə məktub yaz”. 23 sentyabr tarixli məktubunda xanımından bir daha Azərbaycan hökumətinə onunla bağlı məktub göndərməsini istəyib. 30 sentyabr tarixli məktubdan aydın olur ki, Əlimərdan bəyin kürəkəni Ağaoğlu ailəsinə maddi yardım edib: “Əşrəf bəy Sultanovu təəssüf ki, xatırlamıram. Bu, bizim Sultanovlardanmı, yaxud Bakı Sultanovlarındanmı? Nə olur olsun, ona etdiyi insaniyyətə görə çox təşəkkür edirəm. Qızımız, Əlimərdan bəyin kəriməsini də təbrik edirəm. Onun evlənərək İstanbula gəldiyi zaman orada olmaq və əmilik vəzifəsini ifa etmək istəyərdim. Fəqət təəssüf ki, bu hadisə bizim çox pərişan və mənim İstanbuldan çox uzaq olduğum zamana təsadüf elədi”. 4 oktyabr tarixli məktubdan aydın olur ki, Ələşrəf bəy Əhməd bəyin oğlu Əbdürrəhmanın təhsil haqqının ödənilməsinə köməklik edib. Həmin məktubunda bir daha Əlimərdan bəyə müraciət edib: “Əlimərdan bəyin zövcəsi Pəri xanımın oraya gəlib Parisə gedəcəyini yazmışdınız. Gəldimi, hələ oradadırmı? Orada isə ona salam söyləyirəm. Qızımızın evləndiyi və məsud olduğu üçün onu təbrik etdiyimi ərz edin. Parisdə məni unutmasınlar və Mərdan bəyə mənim ixtiyarlıq zamanımda və haqsız olaraq burada çürüməkdə olduğumu söyləsinlər!”. Bu məktubunda Əhməd bəy bir yuxusundan da bəhs edib: “Bu gecə röyamda Həzrət Hüseyn ilə həccə getdiyimi gördüm. Nə qəribədir, deyilmi?”.

Bu illərdə Əhməd bəy onu qurtarması üçün təkcə ingilislərə və Əlimərdan bəyə məktublar yazmamışdı. O həm də Azərbaycandakı bolşevik hökumətinə də məktub göndərmişdi...

Ardı var...


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər