21 Dekabr 2021 00:26
3 591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müslim Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyi və Aşıqlar Birliyinin dəstəyi ilə Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov yubiley münasibətilə hər kəsi təbrik edib.

Nazir qeyd edib ki, Aşıq Ələsgər Azərbaycan aşıq sənətində müstəsna rolu olan şəxsiyyətdir: "Bildiyiniz kimi, Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümünün təntənəli qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalayıb.

Mən deyərdim ki, Azərbaycanda aşıq sənəti Aşıq Ələsgərdən əvvəl və ondan sonrakı dövrə bölünür. Bu da onun aşıq sənətində tutduğu yerə görədir.

Onun yaradıcılığı Azərbaycanın qədim şərq mədəniyyətindən müasir qərb mədəniyyətinə keçid dövrünə təsadüf edir. Bu prosesdə Aşıq Ələsgərin xüsusi rolu var. Dövlətimiz onun yaradıcılığına daim diqqətlə yanaşıb.

Builki yubileylə əlaqədar olaraq Nazirlik tərəfindən bir sıra tədbirlər keçirilib və bundan sonra d tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Bakı şəhərində aşığın heykəlinin ucaldılması nəzərdə tutulur”.

A.Kərimov əlavə edib ki, bu yaxınlarda Aşıq Ələsgərin yubileyinə hazırlanan filmin təqdimatı keçiriləcək: "Məqsədimiz Azərbaycan mədəniyyətini təmsil edən və bu qəbildən olan şəxsiyyətlərin təbliğidir. Biz nə qədər Azərbaycan mədəniyyətini dünyaya tanıdsaq, bir o qədər güclü olacağıq.

Aşıq Ələsgərin doğulduğu yeri də xüsusi vurğulamaq istəyirəm. Onun doğulduğu yer Göyçə qədim Azərbaycan torpağıdır. Onun yaradıcılığının yaşadılması bizim üçün həm də siyasi məqsədləri özündə ehtiva edir. Buna görə də Aşıq Ələsgər şəxsiyyəti bizim üçün mühüm önəm kəsb edir”.

Sonra Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımov çıxış edib. O bildirib ki, Aşıq Ələsgərin yubileyi sıradan bir gün deyil. Onun sözlərinə görə, bu yubiley aşıqlar üçün bir bayramdır: "Bu gün Aşıq Ələsgər sevərlər burdadır. Onun sözü, sənəti Azərbaycan aşıq sənətinin milli-mənəvi pasportudur. Aşıq Ələsgər bütün yaradıcılığı ilə Azərbaycan ruhunun təmsilçisi, qürurla gələcəyə daşıyan xəzinədir. O, Aşıq sənətini bir filosof kimi təqdim edir. Onun şeirlərinə baxdığımız zaman bu şeirlərin hər misrasında aşıq sənətinin nizamnaməsi olduğunu görürük. Azərbaycan milli-mənəvi varlığının qorunmasında Aşıq Ələsgərin mühüm rolu var".

Tədbirin bədii hissəsində aşıqlar, müğənnilər və qiraətçilər ustad sənətkarın söz xəzinəsindən inciləri təqdim ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər