Britaniyalı mühəndis Rocer Şoyerin yaratdığı yeni kosmik mühərrik kosmik uçuşlarda inqilab ola bilər.
“EmDrive” adlanan yeni mühərrikin... yanacağa ehtiyacı yoxdur. Bu mühərrik hermetik konteynerin daxili divarcıqlarından əks edən mikrodalğaların köməyi ilə dartı qüvvəsi yaradır.
“EmDrive” mühərrikinin iş qabiliyyəti alimlərdən ibarət iki qrup tərəfindən yoxlanılıb. Bu qrupların biri Drezden Texnologiya Universitetini, digəri NASA-nın “Eagleworks” perspektivli araşdırmalar laboratoriyasını təmsil edir. Hər iki qrup bu qənaətə gəlib ki, mikrodalğalı mühərrik həqiqətən dartı qüvvəsi yarada bilir.
Lakin elmi ictimaiyyətdə bu yeni mühərrikə inanmayanlar da var. Skeptiklər iddia edirlər ki, britaniyalıların ixtira etdiyi sxem fizikanın fundamental qanununa – impulsun saxlanması qanununa ziddir.
Hər halda, yeni “namümkün” mühərrik alimləri yeni eksperimentlər aparmağa və fizika elmi haqqında təsəvvürləri bir daha sınağa çəkməyə sövq edib.