İspaniya boyunca iyul ayından başlanmış yay festivallarında öküzlər 7 nəfəri buynuzlayaraq öldürüb. Ölüm hadisələrinin dördü ötən həftəsonuna təsadüf edib.
Ölüm hadisələri öküz arenasında yox, bu heyvanların küçə qaçışlarında baş verib. Bu, belə qısa müddət üçün yüksək ölüm rəqəmidir. Ölənlərdən biri də, Madriddən şimalda Vallodolid şəhəri yaxınlığında buynuzlanaraq həlak olan 36 yaşlı şəhər meridir.
Bir qədər şimalda, Navarradakı Lerin məntəqəsində qarnından buynuz yarası almış 18 yaşlı gənc vəfat edib. Başqa ölüm hadisələri Valensiya, Mursiya, Toledo, Kastellon və Alikante regionlarında keçirilən öküz festivallarında qeydə alınıb.
El-Diario internet portalının verdiyi məlumata görə, ötən il İspaniya boyunca 7200 oküz və buğa, öküz döyüşçüləri tərəfindən öldürülüb.
Bu ölkədə hər il 2000-dək öküz döyüşü və ya korrida keçirilir, lakin bu rəqəm ilbəil kiçilməkdə davam edir. 2010-cu ildə Kataloniya Kanar adalarından sonra korridanın qadağan edildiyi ikinci İspaniya regionu olub.
Bu ənənəni tənqid edənlər onu vəhşi əyləncə kimi pisləyirlər, lakin korridaların, baş nazir Mariano Rajoy da daxil çox sayda pərəstişkarı var.
El Pais qəzetinin saytında verilmiş məlumata görə, 2013-cü ildə çıxarılmış məhkəmə hökmü öküz döyüşlərini milli mədəniyyət irsi kimi təsdiq edib. Hökmdə deyilir ki, dövlət bu ənənəni “qorumağa və təbliğ etməyə borcludur”.
Ekstremadura Universitetinin iqtisad mühazirəçisi Juan Medinanın məlumatına görə, öküz döyüşləri 2013-cü ildə 282, 4 milyon avro gəlir gətirib ki, bunun da 59 milyon avrosu vergi şəklində büdcəyə daxil olub.