ABŞ-ın "Apple" şirkəti yeni avtomobil layihəsi üzərində məxfi şəraitdə işləyir.
Trend "Fox News" teleşirkətinə istinadən xəbər verir ki, Kaliforniya ştatının Sanniveyl şəhərində "Apple" şirkətinə məxsus kompleksdə müşahidə edilən fəallıq belə qənaətə gəlməyə əsas verir.
"Apple" şirkəti yeni avtomobil layihəsi üzərində işlədiyi barədə indiyə qədər heç bir rəsmi açıqlama verməyib. Hazırda da jurnalistlərin suallarını cavabsız qoyur - Sanniveyl şəhərindəki fəaliyyətə dair heç bir şərh vermir.
Bundan öncə bəzi KİV-lər aydınlaşdırıb ki, "Apple" avtomobil istehsalı üzrə onlarla mütəxəssisi fəaliyyətə cəlb edib. Onların sıralarında məşhur "Ford" və "Mercedes-Benz" şirkətlərinin nümayəndələri də var.
Reuters-in məlumatına əsasən, "Apple" şirkətinin rəhbəri Tim Kuk 2014-cü ildə BMW şirkətinin Münhendəki qərargahında olub və Leypsiqdəki zavodda istehsal olunan "BMW i3" elektromobilinin istehsalat prosesi ilə tanış olub.