2 May 2017 14:37
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirə olunur.

eleqraf.com xəbər verir ki, müzakirələrdə çıxış edən millət vəkili Zahid Oruc deputat mandatından məhrumolma maddəsinə etirazını bildirib: “Əgər deputat mandatını itirəcəksə, bu o deməkdir ki, biz məhkəmənin səlahiyyətlərini mənimsəyirik. Nəzərə alaq ki, bizdə ikipalatalı parlament yoxdur. Biz məhkəmənin qərarı ilə səlahiyyətlərimizə başlayırıq, məhkəmənin qərarı ilə də səlahiyyətlərimizə xitam verilə bilər”.

Z.Oruc xarici ölkələrdən də nümunə gətirib: “Gürcüstanda on gün bundan əvvəl kimsə qələmlə başqasının başını zədələmişdi, ancaq onu tərbiyəsizlikdə günahlandırmadılar. Bir sıra ölkələrdə qanun yoxdur, amma inkişaf yüksək səviyyədədir. İndoneziyada bununla bağlı qanun var, amma dünyada inkişaf səviyyəsinə görə 88-ci yerdədir. Etika təkcə davranış demək deyil, xalqın içinə getmək, mikrafonu boş qoymamaqdır və s.”

Deputat parlament üzvünün etikaya görə cəza modelini hansısa zavod işçisinin cəzalandırılması ilə eyniləşdirməyi düzgün saymadığını söyləyib: “Bu, parlamentdə qorxaqlığa, özünüsenzuraya səbəb olacaq”.

Spiker Oqtay Əsədov isə Zahid Orucun fikirlərinə belə cavab verib: “Ay Zahid, heç qorxağa oxşamırsan! Hər zaman da danışırsan”.

Deputat Siyavuş Novruzov isə sözügedən qanun layihəsinin qəbul edilməsinə səs verəcəyini bildirib:

“Deputat həmkarlarım məsələni nəzəri, mən isə praktiki baxımdan əsaslandırmağa çalışıram. Burada söhbət şəffaflıqdan gedir. Heç bir deputat parlamentin adına xələl gətirməməlidir. Deputatlar nümunəvi olmalıdır. Əgər deputat özünü düzgün aparırsa, onun haqqında şikayət yoxdursa, onda o, nəyə görə narahat olur? Biz burada hakimləri, MSK üzvlərini və digər insanları seçiriksə, onların fəaliyyətinə nəzarət ediriksə, o zaman bu, nə üçün deputatlara şamil edilməməlidir? Deputat etik davranış qaydalarını pozursa və özünün haqlı olduğunu sübut edə bilmirsə, o zaman o adam nə üçün məsuliyyət daşımamalıdır? Bu cür təcrübə bir çox inkişaf etmiş dövlətlərdə mövcuddur”.

Spiker Oqtay Əsədov isə deyib ki, sözügedən qanun layihəsinin işlənilməsinə ehtiyac var: “Bu qanun layihəsində bəzi məqamlar var ki, onlar yumşaldılmalıdır. Təklif edirəm ki, bu sənəd üzərində işlənilsin və növbəti iclaslarda gündəliyə salınsın”.

Daha sonra “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi birinci oxunuş üçün qəbul edilib.

Cavad


Müəllif:

Oxşar xəbərlər