31 May 2017 14:36
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər nazirinin müavini Araz Əzimov 30-31 may tarixlərində Əfqanıstan İslam Respublikasına səfəri çərçivəsində bu ölkənin Prezidenti Əşrəf Qani tərəfindən qəbul edilib.

XİN-dən Teleqraf.com-a verilən məlumata görə, A.Əzimov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və dəvət məktubunu Əfqanıstan Prezidentinə çatdırıb. Əfqanıstan Prezidenti Əşrəf Qani ən xoş arzularının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib.

Nazir müavini, həmçinin, Əfqanıstanın xarici işlər naziri Səlahəddin Rəbbani və digər rəsmi şəxslərlə də görüşüb.

Görüşlərdə ikitərəfli siyasi dialoq və praktiki əməkdaşlıq məsələləri müzakirə olunub. Əfqanıstan rəsmiləri ölkədə stabilliyin yaradılması işinə Azərbaycanın verdiyi dəstəyin və Asiyanın Ürəyi – İstanbul Prosesinə həmsədrliyinin yüksək qiymətləndirildiyini bildiriblər.

Səfər əsnasında A.Əzimov Asiyanın Ürəyi – İstanbul Prosesinin səfirlər səviyyəsində görüşünə həmsədrlik edib. Sözügedən görüşdə bu ilin sonunda Bakıda keçiriləcək Asiyanın Ürəyi – İstanbul Prosesinin nazirlər səviyyəsində iclasına hazırlıqla bağlı məsələlər müzakirə olunub.

Qeyd edək ki, bu gün Kabildə dəhşətli terror aktı baş verib. Hadisə zamanı 90 nəfər ölüb, 380 nəfər yaralanıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər