7 İyul 2017 15:28
1 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənipərəst rusiyalı jurnalist Solovyev cənab prezidentə bu haqda sual vermişdi. Prezident də cavabında bildirmişdi ki, zamanında Azərbaycanda metroda terror olub. Odur ki, biz özümüzü sığortalayırıq. İkincisi, erməni əsilli istər Rusiya, istərsə də Ukrayna vətəndaşları olsun, buyurub viza alıb Azərbaycana gəlsinlər. Ancaq birbaşa gələndə biz haradan bilək, hansı məqsədlə gəlir? Bu mənada hesab edirəm ki, Azərbaycan Miqrasiya Xidməti tamamilə doğru hərəkət edir.

Bunu Teleqraf.com-a ASDP sədri, deputat Araz Əlizadə Rusiya Xarici İşlər Nazirliyinin erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması haqda etirazını şərh edərkən deyib.

Araz Əlizadə xatırladıb ki, gürcü əsilli Rusiya vətəndaşları faktiki olaraq Abxaziyaya buraxılmır: “Yəni Rusiya özü gürcü əsilli vətəndaşlarını Abxaziyaya buraxmır. Niyə buraxmır? Digər tərəfdən, Azərbaycan vətəndaşı olan ruslar Rusiyaya gedəndə onları sərhəddə saxlayıb saatlarla sorğu sual edirlər ki, siz niyə Ukraynaya və ya Gürcüstana getmisiniz. Bunlar faktdır. Odur ki, Rusiya yaxşı olardı ki, öz işi ilə məşğul olsun”.

Deputat deyib ki, hər dəfə qarşı tərəf bəhanə axtarır ki, Azərbaycanı qınasın: “Özləri Ukrayna məsələsində boğulur. İstəyirlər ki, Azərbaycanın ağrımayan başına dəsmal bağlasınlar. Hərçənd ki, Azərbaycanın ağrılı yeri Qarabağdır və bunu da ruslar verib”.

Deputat Azərbaycan-Rusiya münasibətlərinin indiki vəziyyətini də qiymətləndirib: “Hesab edirəm ki, münasibətlər normaldır. Biz çalışmalıyıq ki, Rusiya ilə münasibətlər pozulmasın. Çünki Rusiyada çoxlu sayda Azərbaycan vətəndaşları var və ağır şərtlər altında çörəkpulu qazanırlar. Əlbəttə, mən istərdim, bizdə iqtisadi vəziyyət elə olsun ki, bu insanların hamısı Azərbaycana qayıdıb ölkəmizdə işləsin. Lakin dünyada iqtisadi böhran var və bu da reallıqdır. “Erməni əsilli Rusiya vətəndaşlarını Azərbaycana qoymurlar” yanaşması isə növbəti kampaniyadır. Bu azərbaycanlılara qarşıdır və sonrakı məqamda millətçilər bundan istifadə edə bilər”.

Cavad


Müəllif: Cavad

Oxşar xəbərlər