Teleqraf.com xəbər verir ki, bununla bağlı “Haaretz” nəşri israilli nümayəndəyə istinadla məlumat yayıb.
Görüş zamanı Suriyanın İsrail və İordaniya ilə sərhədlərində deskalasiya zonalarının yaradılması müzakirə olunub.
Mənbənin məlumatına görə, görüş İordaniyanın paytaxtı Ammanda baş tutub:
“Görüşdə İsrail tərəfi deskalasiya zonalarının yaradılmasına qarşı çıxıb. Buna səbəb kimi isə Rusiya və ABŞ-ın İran ordusunu Suriyadan çıxarmaq üçün heç bir addım atmaması göstərilib”.
Bildirilib ki, görüşdə İsrail Müdafiə Nazirliyinin, Xarici İşlər Nazirliyinin, MOSSAD-ın və Silahlı Qüvvələrinin nümayəndələri iştirak edib.
ABŞ tərəfindən görüşə Vaşinqtonun Suriya məsələləri üzrə nümayəndəsi, dövlət katibinin köməkçisi Maykl Ratni, ABŞ prezidenti yanında İŞİD terror təşkilatı ilə mübarizə məsələləri üzrə nümayəndəsi Brett Makqerk qatılıb.
Rusiyanı isə görüşdə Rusiya prezidentinin Suriya məsələləri üzrə nümayəndə heyətinin rəhbəri Aleksandr Lavrentyev iştirak edib.
Əlavə olunub ki, Ammanda həmin gün Suriya ilə bağlı iki görüş keçirilib. Birinci görüşdə İsrail, Rusiya və ABŞ iştirak edib ki, burada Tel-Əviv öz mövqeyini açıqlayıb.
İkinci görüş isə İsrail, ABŞ və İordaniya arasında baş tutub. Burada isə Tel-Əviv və Amman arasında razılaşma əldə edilib.
Bir neçə gün sonra İsrail, ABŞ və Rusiya nümayəndələri Avropa paytaxtlarından birində yenidən bir araya gəliblər. Bu görüşün yekunları ilə bağlı heç bir məlumat verilməyib.