Amerikanın uzaq və yaxın siyasi tarixini pis bilmirəm, son 100 ildə bu ölkənin dövlət başçılarının siyasi karyeralarına az-çox bələdəm. Bu biliklərimdən çıxış edərək prezident Donald Trampın sözün həqiqi mənasında fenomen olduğu qənaətinə gəlirəm. Amerikanın ikinci belə prezidentini xatırlamıram.
Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu özünün sosial şəbəkədəki statusunda yazıb.
Politoloqun fikrincə, Trampla heç kim işləmək istəmir, Ağ Ev sahibi komandasının üzvlərini əlçək kimi dəyişir: "Onsuz da Ağ Evdə peşəkar qıtlığı var idi, olanlar da ya şefləriylə yola getmir, ya da öz aralarında didişir, mətbuat səhifələrində bir-birlərinə atmaca atırlar.
Vəziyyət dəyişməsə Tramp prezidentliyinin 4 ilini çox çətinliklə başa çatdıracaq, əgər başa çatdıracaqsa… Üzvü olduğu Respublikaçılar Partiyası da ondan üz döndərməyə yaxındır. Trampı dünyanın hansısa nöqtəsində yalnız hansısa uğurlu hərbi kampaniya xilas edə bilər. Ancaq Amerikanın son illər hansı hərbi kampaniyası uğurlu olub ki?
İraqda və Liviyada diktatorları devirsələr də, bu ölkələr terrorizmin və məzhəb savaşlarının yuvalarına çevrildi, Əfqanıstana daxil oldular ki, “Taliban”ı zərərsizləşdirsinlər, təşkilat bugünə qədər ölkənin əksər hissəsinə nəzarət edir".