Teleqraf.com-un suallarını Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev cavablandırıb:
- Son günlər Qarabağ danışıqlarında dönüş gözlənildiyinə dair mesajlar səslənir. Danışıqların indiki vəziyyətini necə qiymətləndirirsiniz? Sizcə, belə bir dönüş üçün ümid varmı?
- Təbii ki, Qarabağ danışıqlarında dönüş gözlənilir və olacağına şübhə yoxdur. Dünyada gedən proseslər onu göstərir ki, ədalətə yer vermək lazımdır. Beynəlxalq hüquq hüquqsuzluğa uduzur və nəticədə bir çox dövlətlərdə gözlənilməyən problemlər ortaya çıxır. Bunun qarşısı böyük dövlətlər tərəfindən alınmalıdır. Azərbaycan torpaqları 25 ildən çoxdur işğal altındadır, inanıram ki, yaxın zamanda proses sona gəlib çatacaq. Problemin çözülməsi üçün dövlətin möhkəmlənməsi, iqtisadiyyatın güclü olması ilə yanaşı şəxsi nüfuzdan da çox şey asılıdır. Möhtərəm Prezident İlham Əliyevin dünyada olan nüfuzu hesabına yaxın gələcəkdə Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək.
- Qarabağ münaqişəsinin həllinə dair müqavilə hazırlandığı proqnozunuz ətrafında müzakirələr aparılır. Söhbət yeni Qarabağ müqaviləsindən gedir?
- Mən müqavilə imzalanacağını deməmişəm, məsələ ondan ibarətdir ki, cənab prezident substantiv danışıqların vaxtının gəlib çatdığı fikrini səsləndirdi və əminəm ki, bu fikir reallaşacaq. Yəni münaqişə yaxın zamanda beynəlxalq prinsiplər əsasında öz həllini tapacaq.
- Zaman-zaman ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağ probleminin həllinə kömək etmək əvəzinə maneəçilik törətdiyi fikirləri irəli sürülür. Konkret ad çəksək, münaqişənin həll olunmamasına ciddi-cəhdlə səy göstərən dövlətlərin başında hansı dayanır?
- Aydındır ki, regionda maraqlar fərqlidir. Birmənalı demək olmaz ki, problemlər nə vaxt, necə həll ediləcək. Bunu gərək hamımız düşünək. Rusiyanın da, digər dövlətlərin də regionda maraqları var. Bu, çox ciddi məsələdir və üzərində çalışmaq lazımdır.
- Rusiya ciddi nəticə əldə olunmasa belə, prezidentlər səviyyəsində görüşlərin keçirilməsində təşəbbüskarlıq edir. Digər həmsədr dövlətlər olan ABŞ-la Fransanın Qarabağ problemi ilə bağlı ən azı bu cür aktivliyi gözləniləndir?
- Nəinki ABŞ və Fransanın, ATƏT üzvlərindən Almaniya, Türkiyə, Finlandiya, Belarusiyanın passiv siyasətdən aktiv siyasətə keçməyinin vaxtı gəlib çatıb. Aktivlik olmalıdır ki, biz nəsə edə bilək.
- Azərbaycan və Ermənistan prezidentlərinin sentyabrda nəzərdə tutulan görüşündən gözləntiləriniz nələrdir?
- Mətbuatdan izlədiyimiz ondan ibarətdir ki, BMT çərçivəsindəki iclas zamanı iki ölkə prezidentinin görüşü nəzərdə tutulur. O, həmin BMT-dir ki, Qarabağ münaqişəsi il bağlı 4 qətnaməsi var və təcili surətdə icra edilməlidir, kağız üzərində qala bilməz.
- Yeri gəlmişkən, bu gün Sərkisyan Putinlə Soçidə görüşəcək. Rusiyanın Qərblə əməkdaşlığa görə Ermənistanın addımlarından qıcıqlandığı iddiaları ortaya atılır. Bağlı qapılar arxasında Putinin Sərkisyandan tələbi nə olacaq, hansısa cəzadan söhbət gedə bilər?
- Ermənistan həm Rusiya, həm də Qərblə əməkdaşlıq edir. Ermənilər gec-tez Rusiyanı satacaqlar. Ona görə də Rusiya onu Ermənistanla bağlı hansı addımlar gözlədiyini düşünməlidir. Rəsmi Kreml ilk növbədə başa düşməlidir ki, tərəfdaşı kimdir. Hesab edirəm ki, Rusiya satqın, səhra komandiri düşüncəsində olan insana qiymət verməyi bacarmalıdır.
- Ermənistanın Baş naziri Karen Karapetyan fəallıq nümayiş etdirir. Gah tətil üçün Qarabağa yollanır, gah Kəlbəcərdə zavod açılışında iştirak etdiyinə dair xəbərlər yayılır, indi də nar bağı saldırdığı barədə informasiyalar tirajlanır...
- Biz çoxdandır bu cür təxribatçı addımlarla üzləşirik. Burada qeyri-adi bir şey görmürəm. Böyük dövlətlər mütəmadi olaraq bütün beynəlxalq hüququn prinsiplərini pozan, işğalçı siyasət həyata keçirən Ermənistana yerini göstərməlidir. Onlar da bunu etmirlər. Səbəbi də bəllidir. Rusiya, Fransa və Amerikada güclü erməni lobbisi var, Rusiyanın xarici işlər naziri proseslərə təsir göstərə bilir. Bunun nəticəsidir ki, ermənilər bu cür təxribatlardan istifadə edirlər. Biz düzgün yoldayıq, Azərbaycan Prezidentinin yürütdüyü siyasət ən doğrudur, xalq dövlət başçısını dəstəkləyir və bunun nəticəsidir ki, yaxında Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Ermənistanın atdığı addımlar orta əsrlər düşüncəsində olan rəhbərin göstərdiyi yoldur. Azərbaycan dünyəvi, dünyaya açıq, iqtisadi cəhətdən güclü, müasir dövlətdir və sülh tərəfdarıdır, biz bu yolla gedib öz məqsədimizə nail olmalıyıq.
- Lavrovun proseslərə təsiri olduğunu dediniz...
- Media vasitəsilə Rusiya erməni lobbisinin böyüyü Ara Abramyanın ad günündə iştirakı və söylədiyi fikirlərə əsasən bu qənaətdəyəm. Lavrov tərəfindən ermənilərə dəstək olduğunu görürük. Dedi ki, məsləhətləşirlər, müəyyən fikirləri götür-qoy edirlər. Rusiya xarici işlər naziri iş adamı ilə hansı məsələni müzakirə edə bilər? Hansı maraqlar çərçivəsində fikir mübadiləsi aparıldığı aydındır.
- Bəs niyə Rusiyadakı azərbaycanlı biznesmenlər Lavrovla belə təmaslar qura bilmir?
- Bu sualı həmin biznesmenlərə ünvanlamaq lazımdır.
- Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybəkçi Türkiyənin Avrasiya İttifaqı ilə gömrük sazişi bağlamaq niyyətində olduğunu bəyan edib. Ermənistanda belə təbliğat aparılır ki, bu, Türkiyə-Ermənistan sərhədlərinin açılması halında mümkündür. Yaranmış situasiyanı necə qiymətləndirirsiniz?
- Türkiyə-Rusiya münasibətləri yüksələn xətlə inkişaf edir. Ermənistanın Avrasiya İttifaqında nə kimi nüfuzu olduğunu bu təşkilatın üzvləri deyə bilər, mən dəqiq cavab verə bilmərəm. Türkiyə-Ermənistan sərhədlərinin açılmasını mümkün saymıram. Bir neçə il bundan qabaq bu məsələ gündəmə gələndə Azərbaycan parlamentariləri Türkiyəyə ezam olunmuşdu, başda cənab Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyə rəhbərliyi dedi ki, Azərbaycanın işğal altında olan torpaqları qaytarılmayana qədər sərhədlər açılmayacaq. Ona görə də Türkiyənin bugünkü rəhbəliyinə, nüfuzlu siyasətçilərinin mövqeyinə inanıram.
- Bu gün həm də əlamətdar gündür. “Qarabağ” komandası “Kopenhagen”lə üz-üzə gəlir. İzləyəcəksiniz?
- Əlbəttə, “Qarabağ”dan ancaq və ancaq qələbə gözləyirəm. Nəinki mən, bütün xalqımız bu qələbəyə inanır.
- Bir çox tanınmışlar Qarabağ qələbə qazanarsa, əhd edir, dost-tanışa vəd verirlər, həmkarınız Aqil Abbas qonaqlıq söz verib...
- Hamı kimi mən də sevinəcəyəm, bütün dünya ictimiyyətinə çatdıracağıq ki, bu, işğal altındakı Ağdamın klubu olan “Qarabağ”dır. Aqil Abbas sağ olsun, məni də dəvət eləsə, böyük məmnuniyyətlə gedib iştirak edərəm.