24 Avqust 2017 12:07
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ”ın qələbəsinə çox sevindik. Xalqımızın sevinci yerə-göyə sığmır. İdmanın futbol növündə Azərbaycanın demək olar, ən yüksək səviyyəli ilk qələbəsidir, hamı xoşbəxtdir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov “Qarabağ” klubunun Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Qarabağda həmişə idmana xüsusi maraq və diqqət olub: “Özüm Ağdamın İmarət stadionunda nə qədər oyunları izləmişəm. Şuşalıyam, Ağdamla Şuşanın arasında nə məsafə vardı ki... Gedib baxırdıq.

Arzu edirəm ki, torpaqlarımız işğaldan azad olsun, qələbələr, idman görüşlərimiz gözəl Qarabağımızda keçirilsin. Azərbaycanda keçirdiyimiz bütün mötəbər tədbirləri işğal altındakı ərazilərdə də keçirmək arzusundayıq. Allah qismət eləsin, Qarabağda da yarışlara ev sahibliyi edək.

Ağdam komandası həmişə güclü olub. Düzdür, sovet vaxtndakı komandalar tamam başqaydı, yaxşı oyunçuları Azərbaycandan Moskvaya aparırdılar. Ən gözəli odur ki, bu gün müsəqil ölkənin vətəndaşlarıyıq.

İndi yaxşı şəraiti olan idman kompleksləri, stadionlar var, valideynlər övladlarının arzusuna uyğun onları idmana yazdırır, əvvəlki illərlə müqayisədə idmanımız çox inkişaf edib”.

Bayram Səfərovun sosial şəbəkələrdə müzakirə edilən “Qarabağ” komandası tarix yazdı, növbədə əsgərlər, generallardır” fikirlərinə cavabı belə olub: “Torpaqlarımız sülh şəraitində qaytarılsa, yaxşıdır. İstəmirəm əsgərlərimizdən ölənlər olsun, analar övladını, bacılar qardaşlarını, qadınlar ərlərini, uşaqlar atalarını itirsin.

Amma torpaq sevgisi elədir ki, Ali Baş Komandanımızın əmri olarsa, əlbəttə, torpaqlarımızın hərb yolu ilə qaytarılmasını istəyərəm. Bu yaşda olsam da, yenə də silah götürüb cəbhəyə yollanaram”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər