11:49
Türkiyə Prezidenti Rəcəb Tayyin Ərdoğan bu ayın sonuna qədər Bakıya gələcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 6-cı görüşü çərçivəsində azərbaycanlı həmkarı Elmar Məmmədyarovla ikitərəfli görüş zamanı deyib.
Nazir qeyd edib ki, səfərin Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının iclasından (19-25 sentyabr) sonra baş tutacağı gözlənilir.
Qeyd edək ki, hazırda Elmar Məmmədyarovla Mövlud Çavuşoğlu arasında ikitərəfli görüş keçirilir. Görüşdə siyasi, iqtisadi və s sahələrdə ikitərəfli məsələləri müzakirə olunacaq. Regional, beynəlxalq, həmçinin Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılacağı da planlaşdırılıb.
***
Görüşlə bağlı Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, görüşdə iki qardaş dövlət arasında əməkdaşlığın bütün sahələrdə yüksək səviyyəli inkişafından və müxtəlif formatlarda keçirilən görüşlərin ikitərəfli münasibətlərə verdiyi töhfədən məmnunluq ifadə olunub.
XİN-dən Teleqraf.com-a daxil olan açıqlamada bu xüsusda, ikitərəfli əsasda olduğu kimi Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli formatında da əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunaraq, gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazirlər iki dövlət arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığı və qarşılıqlı dəstəyi yüksək qiymətləndiriblər.
Görüş əsnasında iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının əhəmiyyəti, habelə ticarət-iqtisadi əlaqələrin davamlı, sabit və uzunmüddətli inkişafının təmin edilməsində Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın vacib rolu qeyd edilib.
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin tezliklə istifadəyə veriləcəyi qeyd olunaraq, bu layihənin region və onun hüdudlarından kənarda inkişafa və tərəqqiyə xidmət edəcəyi bildirilib. Eyni zamanda iki ölkənin nümayiş etdirdiyi qəti siyasi iradəyə uyğun olaraq, Trans-Anadolu (TANAP) layihəsinin də müəyyən olunmuş vaxt çərçivəsində icra olunacağına əminlik ifadə olunub.
E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi və Ermənistanın qeyri-konstruktiv siyasəti barədə məlumat verib. O, münaqişənin həllində irəliləyişə nail olmaq üçün ilk növbədə Ermənistan qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.