Yaxın gələcəkdə yeni ittifaqların formalaşması sürpriz olmayacaq. NATO-da ciddi çat var.
Teleqraf.com xəbər verir ki, NATO-nun Norveçdə keçirilən təlimi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün fotolarının hədəf lövhəsi olaraq seçilməsindən sonra yaranmış qalmaqala münasibət bildirən hüquqşünas Ələsgər Məmmədli belə deyib.
Qeyd edək ki, hadisə ilə əlaqədar təlimdə iştirak edən 40 türkiyəli hərbçi geri çağrılıb. NATO-nun baş katibi Yens Stoltenberq insidentlə bağlı Türkiyədən üzr istəyib. NATO-nun Müttəfiq Qüvvələr Komandanlığı isə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına üzrxahlıq məktubu yollayıb.
Ələsgər Məmmədli isə hesab edir ki, belə müttəfiqlik olmaz: “Həqiqətən rəzalətdir. Müttəfiq dövlətin tarixi liderinin və indiki dövlət başçısının təhqir edilməsi, üstəlik, bunun Türkiyə əsgərlərinin iştirak etdiyi bir təlimdə baş verməsi bilərəkdən Türkiyə ilə NATO-nun münasibətlərini pozmağa hədəflənib”.
Hüquqşünas qeyd edib ki, əslində, bu, təsadüfi bir məsələ deyil: “Son günlər Türkiyənin NATO-dan uzaqlaşması sürətlənib. Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almaqda qərarlı görünür. Ərdoğan 10 gün ərzində ikinci dəfə Rusiyaya səfər edəcək və Vladimir Putinlə təkrar görüşəcək.
ABŞ isə dünən Ankaranın Rusiyadan S-400-lər alacağı təqdirdə Türkiyəyə NATO istehsalı olan silahların, o cümlədən F-35 qırıcı-bombardmançı təyyarələrinin satılmayacağını bəyan etdi”.