Ukraynalı siyasətçi, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili tərəfdarlarının bazar günü Kiyevin mərkəzində keçirdikləri aksiya spontan xarakterli deyildi, bir neçə gün əvvəldən planlaşdırılmışdı.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, aksiyanın təşkilatçıları küçələrə xeyli adam çıxarmağa müvəffəq oldular:
“Amma düşünürəm ki, artıq qatar gedib. Yəni, Saakaşvili tərəfdarları Prezident Petro Poroşenkonun istefasını tələb etsələr də, onlara digər müxalifət partiyalarından ciddi, real dəstək gəlmədi. Saakaşvili özü də Avropa ölkələrindədir. Düşünürəm ki, onun yaxın dövrdə Ukraynaya qayıdışı problematikdir, bu, çətin olacaq. Buna baxmayaraq, tərəfdarlarını Ukraynada fəallaşdırmağa çalışır. Güman ki, bu fəallıqlarını bir müddət davam etdirəcəklər. Amma yəqin ki, getdikcə sayları azalacaq. Çünki Saakaşvili Polşadan Ukraynaya qayıtdıqdan sonra Kiyevdə güclü mitinqlərə başlamışdı. Amma mitinq iştirakçılarının sayı tədricən azalmağa doğru getdi”.
E.Şahinoğlu əlavə edib ki, M.Saakaşvili populyar siyasi xadim olsa da, onun Ukraynada reytinqi elə də yüksək deyil:
“Bunu açıq demək lazımdır. Bu baxımdan əgər bazar günü keçirilən aksiya davamlı şəkil alsa, onun iştirakçılarının sayı azalan xətt üzrə – enişə doğru gedəcək və Poroşenko məsələni öz xeyrinə həll etməyə çalışacaq. Ukrayanada Poroşenko əleyhinə Yuliya Timoşenkonun, digər millətçilərin timsalında güclü müxalifət var. Saakaşvili Poroşenkoya küçədə problem yaradırdı. Amma düşünürəm ki, Poroşenko bu problemi də müsbət mənada həll edəcək. Odur ki, Saakaşvili növbəti addımlar haqda düşünməlidir. Ancaq onun Ukraynada olmadan müxalifəti hakimiyyət əleyhinə gücləndirməsi, hansısa addımlar atması getdikcə çətinləşəcək”.
Qeyd edək ki, bazar günü baş tutan aksiyada radikal millətçi qrupların 30-a yaxın nümayəndəsi Kiyevdə Rusiyaya məxsus bir sıra müəssisələrə, o cümlədən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi – “Rossotrudniçestva”nın, “Sberbank”ın törəmə şirkətinin və “Alfa-Bank”ın filialına ziyan vurublar. Onlar bu qurumları daş və yumurta “atəşi”nə tutublar.
Bu məsələyə də münasibət bildirən E.Şahinoğlu deyib ki, faktın özü Saakaşvili hərəkatını gözdən sala bilər:
“Millətçi qrupların Rusiyaya məxsus bir sıra müəssisələrə hücum etməsi faktları əvvəllər də olurdu. Bu cür hadisələr Saakaşvilinin gücünü zəiflədəcək. Çünki bu, dinc məqsədli yürüş olmur, zorakı üsullardan istifadə olunur. Baxmayaraq ki, Rusiya ilə münasibətlər gərgindir, amma Kiyevdə rus şirkətləri fəaliyyət göstərir. Əgər onları bağlamaq lazımdırsa, bunu rəsmi şəkildə etmək lazımdır. Kimlərinsə hücum etməsi, dağıtması əlavə problem yaradır. Belə addımlar Ukrayna vətəndaşlarınının da böyük dəstəyini qazanmaz. Məhz bu cür hallar Saakaşvili hərəkatını gözdən salacaq”.
Qeyd edək ki, fevralın 18-də Kiyevin mərkəzindəki Müstəqillik Meydanında M.Saakaşvili tərəfdarlarının kütləvi etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları Prezident Petro Poroşenkonun istefasını və Ali Radaya yeni seçkilər keçirilməsini tələb ediblər.