Müxalifətin radikal qanadı olan Milli Şura və Müsavat Partiyası martın 10-a mitinq təyin edib. "Məhsul" stadionuna yalnız AXCP və Müsavatın azsaylı üzvlərinin toplaşacağı gözlənilir. Buna səbəb digər müxalif partiya və təşkilatların 10 mart mitinqini boykot etməsidir. Belə ki, vaxtilə bir cinahda olan partiyalar Milli Şuranın mitinq çağırışına "yox" deyiblər.
Məsələn, Klassik Xalq Cəbhəsi Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Açıq Cəmiyyət Partiyası və Azərbaycan Demokrat Partiyası mitinqə qatılmayacağını bildirib.
Publika.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi analitik Elçin Mirzəbəyli seçkilərə qatılmamaqla Milli Şura adlanan qurum və ətrafındakı qruplar özlərinin potensialının nə dərəcədə olduğunu ortaya qoydular.
“Faktiki sübuta yetirildi ki, bu insanların bütövlükdə seçki prosesinə hazırlığı yoxdur, təşkilatlanma sıfırdan da aşağı həddədir və bu aspektdən də indiki şəraitdə etiraz aksiyalarına əl atmaqla vəziyyətdən çıxmağa çalışırlar. Məndə olan məlumatlara görə, həm Azərbaycanda olan marinet qruplar, həm də xaricdə Azərbaycan əleyhinə təbliğat aparan qruplar seçkilərin payızda keçiriləcəyi ehtimalı ilə yaşayırdılar. Bu aspektdən, onları idarə edən qüvvələr tərəfindən müxtəlif layihələr hazırlanmışdı ki, həm ölkə daxilində, həm də xaricdə Azərbaycan əleyhinə kampaniyanı həyata keçirsinlər”, - o bildirib.
Müsahibimizin sözlərinə görə, amma qanunvericiliyə uyğun olaraq seçkilərin elan edilməsi, nəticə etibarilə bu qüvvələri faktiki olaraq, fors-major vəziyyətinə qoydu:
“İndiki şəraitdə bu aqressiyanın kökündə də ilk növbədə qrant pulları dayanır. Digər tərəfdən, bu, bütövlükdə qanunvericiliyə ziddir. Çünki, bu qüvvələr seçki kampaniyasında faktiki olaraq iştirak etmirlər, amma hər hansı siyasi qüvvənin seçkidə iştirak edib-etməməsindən asılı olmayaraq, seçki təbliğatına start verilməmiş bilavasitə seçkilərlə bağlı kampaniyanın aparılması - əleyhinə və ya lehinə, yolverilməzdir. Aksiya prinsip etibarilə “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu və Seçki Məcəlləsinə (Seçki Məcəlləsinə əsasən seçki təbliğatı seçkilərə 20 gün qalmış başlaya bilər – red.) zidd keçirilir. Aksiyanın nəticəsi mahiyyət etibarilə aydındır. Hesab etmirəm ki, aksiyaya hər hansı formada dəstək olacaq. Həmin qrupa daxil olan azsaylı insanların iştirakı gözlənilir. Nəticə etibarilə aparılan kampaniyanın da effekti olmayacaq”.
Mitinqi “ümumxalq” xarakteri verilməsi cəhdinə gəlincə, E. Mirzəbəylinin sözlərinə görə, ola bilsin ki, Əli Kərimli və onun tərəfdarlarının Feysbukdakı saxta profillərini nəzərdə tuturlar.
“Onların effektiv fəaliyyətinin nəticəsi ancaq bundan ibarətdir. Bu bu qüvvələrin hansı kriteriyalara uyğun olaraq təbliğat və anti-təbliğat apardığının şahidi olmuşuq. Demokratiya və insan hüquqlarından danışan bu insanlar qanunvericiliyinin tələblərini ən kəskin şəkildə pozurlar və kəskin şəkildə insanların üzərinə həqarət yağdırırlar. Bu qrupun ümumiyyətlə, xalqa heç bir aidiyyəti yoxdur. İctimaiyyətin hər hansı dəstəyindən söhbət gedə bilməz. Siyasi partiyalar da məqsədyönlü anti-Azərbaycan kampaniyasında iştirak etməyəcəklərini bəyan ediblər”, - siyasi analitik bildirib.